“Balaca Şahzadə”nin premyera tarixi açıqlanıb

“Balaca Şahzadə”nin premyera tarixi açıqlanıb
11110 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Musiqili Teatrında premyerası təxirə salınan Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşa fevralın 28-i və martın 1-də teatrsevərlərin görüşünə gələcək.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, əsərin süjet xəttində Balaca Şahzadənin müxtəlif planetlərə səyahətləri obrazlı şəkildə təsvir olunur. Onun qarşılaşdığı personajlarla ünsiyyəti, tamaşaçıya dərin, fəlsəfi mesajlar verir, böyüklərin dünyası, düşüncələri, həyat fəlsəfəsi, sevgi mövzusu balaca bir uşağın gözü ilə və ibrətamiz kəlamlarla anladılır.

Tamaşanın qeyri-adi səhnə tərtibatı var. Arxa fonda iri monitorlarda göstərilən animasiyalarla aktyorların və balet artistlərinin sinxron şəkildə canlandırdığı gözəl ifaları, dolğun və cəlbedici rəqs hərəkətləri, ifaçıların oyunu ilə ekrandakı hadisələrin möhtəşəm sintezi həm də Musiqili Teatrın səhnəsində daha bir yenilikdir. Tamaşanın səhnə qrafikası Mehdi Məmmədova, video quraşdırmaları isə Bakı Media Mərkəzinə məxsusdur.

Balaca şahzadə obrazını Musiqili Teatrın iki azyaşlı aktyoru - adı “Qızıl kitab”a yazılan, Prezident təqaüdçüsü Atilla Məmmədov və Rahib Məmmədzadə canlandıracaq. Digər rolları Əməkdar artistlər Ələkbər Əliyev, Şövqi Hüseynov, aktyorlar Əmrah Dadaşov, Nicat Əli, Aydan Həsənova, Əliməmməd Novruzov, Məhərrəm Qurbanov, Hüseyn Əlili, Rauf Babayev, Emil Heydərov, İbrahim Əlizadə ifa edəcək. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnələşdirəni Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair, yazıçı-publisist İlqar Fəhmidir.