Müğənni Aysel Əlizadənin Axşam.az-a müsahibəsini təqdim edirik:

- “Yandırdın qəlbimi” Azərbaycan sərhədlərini aşdı və Türkiyəyə keçdi. Bu sizə təkan yaratdı ki, Türkiyə şou-biznesinə qoşulasınız?

- Təbii ki, bu, sevindirici haldır. Özüm də belə nəticə gözləmirdim. Əziyyətinin bəhrəsini görürsənsə, bu, hər şeyə deyər. Hazırda 35 milyon baxış sayı var, statistikaya nəzər yetirsək, izləyənlərin 89 faizi Türkiyədəndir. Bir neçə şəhərdə konsert vermişəm. Türkiyədə İzmir, Denizli, Gaziantep və xatırlamadığın yerlərdə konsertlərim olub. Hazırda da konsert verməyə davam edirəm.
 
- Hazırda sizə Türkiyədə təlabat necədir?

- Mənə Türkiyədə tələbat çoxdur. Yarı burdayam, yarı orada, get-gəldəyəm. Orada "DMC" şirkətindən, Erdem Kınaydan təklif oldu, ancaq tanıdığım şirkəti seçdim. Artıq bir neçə menecerim var. Tezliklə sinqlım çıxacaq. Bu, mənim ikinci mahnım sayılacaq. Türk dilində olacaq, çünki tələbat var. Türklər yazırlar ki, Aysel xanım, sizdən ikinci mahnı gözləyirik. Bunları oxuduqca, həyəcanlanıram, ilhamlanıram. İnşallah, bu mahnımın "Yandırdın qəlbim"i qədər nəticə almasa da, seviləcəyinə inanıram. Çünki bütün müğənnilərin pasport mahnıları olur, amma ondan sonra gələnlər birinci qədər “tutmur”. İkinci, üçüncü mahnılar birinciyə çatmağa çalışır.

"BİLMİRƏM EVİM HARADIR, NECƏ YAŞAYIRAM"

- Karyeranızda olan dəyişiklik, həyatınızın axarını dəyişib. Bu, şəxsi həyatınıza necə təsir edib?

- Bu dəyişiklik mənə çox təsir edib. Psixologiyam pozulub. Bilmirsən necə yaşayırsan, sənin evin haradır? Adamın bir yeri olar. İstanbul-Bakı yollarında qalmışam. Bununla yanaşı, konsertlərlə bağlı İstanbuldan da kənara çıxıram, heç bir evdə normal şəkildə yaşaya bilmirəm. Ətrafımda xeyli yeni insanlar var. Bakıda necədirsə, İstanbulda da bir çevrəm yaranıb. Düzdür, Bakı üçün çox darıxıram. Öz insanlarımızdan aldığım enerji tamam fərqlidir. Orada da çalışırlar əyləncəli vaxt keçirim. Ancaq idmanım yarımçıq qalır, düzgün qidalanmıram. Yuxu rejimim pozulub, bütün bunlar hamısı məndə əsəb gərginliyi yaradıb.

- Burada villanız var, bəs İstanbulda necə? Harada yaşayırsınız?

- Ev kirayələmişəm, artıq həmin mənzili dəyişmək istəyirəm. Bir yerə adaptasiya olmaq, oranı tanımaq uzun zaman alır. Sonradan bilirsən ki, yaxşı yerlər haradadır. İndi daha yaxşı bir səmtə köçəcəyəm. Allah nəsib etsin öncə Bakıda şəhərdən ev alım, sonra Türkiyədən də alacam.

"SƏNƏTDƏN GETMƏK İSTƏYİRDİM"

- Buradakı tanışlarınızın Türkiyəyə getməyinizə münasibəti necədir?

- Vallah, ürəkdən sevinənlər də, sevinməyənlər də sağ olsunlar. Heç kim barəsində düşünmədiyim üçün kim nə deyirsə, ona inanıram. Bu həyatda qəlbimə görə yaşayıram. Bəzən düşünürdüm ki, ay Allah, mahnılarım niyə “tutmur”? Bəlkə də bunun bəhrəsidir ki, Allah məni sınadı və sonunda daha yaxşısını nəsib etdi. Bir də elə bir dönəmdə bu uğuru qazandım ki, həmin vaxtı sənətdən uzaqlaşmaq istəyirdim. Qərara gəlmişdim ki, sənətdən gedim, biznesimlə məşğul olum.



"SOYUNAN QIZLARA DƏYƏR VERİRLƏR"

- Bunun səbəbi mahnılarınızın istədiyiniz kimi uğur qazanmaması idi?

- Bəli, soyumuşdum, keyfiyyətli iş görürəm, kimsə keyfiyyətsiz. Mənə dəyər verilmir, ancaq keyfiyyətsiz işlər, orada soyunan qızlara dəyər verilirdi. Səviyyəsiz, ucuz işlərə insanların meyli daha çoxdur. Klassik musiqimizə qulaq asanda zövq alıram, indi nə ritmlərdir bilmirsən, amma aləmi cənginə alıb.
 
Çox heyifslənirəm, kaş məktəblərdə musiqi dərslərimizi daha yaxşı keçsinlər, gənclərə təbliğ etsinlər. Burada ailənin də müəyyən rolu var... Düzdür, ailənin intellektual səviyyəsindən də çox şey asılıdır. Amma onlar da bütün günü uşağını güdə bilməz. Uşaq da öz mühitində kim nəyə qulaq asırsa, ona meyillənir. Beləliklə, zövqlər uçuruma gedir.

- Bir ara efirlərə çıxmırdınız, bunun səbəbi nə idi?

- Hər kəs özünə görə insandır. Amma mənim yolum ayrı, başqasının yolu ayrıdır. Mənimlə başqa janrda oxuyan insanları eyni verilişə salmaq düzgün deyil. Çox istəyərəm ki, getdiyim verilişlərdə müğənni yox, intellektual insanlar, həkim və ya idmançı olsun. Onları sevə-sevə dinləyərəm.

"NƏ SAVADI VAR, NƏ UNİVERSİTET BİTİRİB, AMMA XALQ ONU SEVİR"

- Düşünmürsünüz ki, bu sözünüzdən sonra həmkarlarınız sizdən inciyə bilər?

- Yox, onlar çox yaxşı bilirlər ki, hansı müğənniləri nəzərdə tuturam. Baxırsan ki, bu insanın nə savadı var, nə universitet bitirib, heç bir şeyi yoxdur... Ancaq xalq bunu sevir və bu mənimlə eyni proqramdadır. İnanın ki, paxıllıq etmirəm. Sadəcə, pis oluram. Düşünürəm ki, bu cavan uşaqların axırı necə olacaq? Bu gün maşınlarda elə mahnılara qulaq asırlar ki... Ona görə də, özümə stop qoydum. Özümə hörmət etdiyim üçün dedim ki, daha bəsdir.

- Türkiyəyə getmək sizi qorxutmadı?

- Əvvəlcə düşündüm ki, Türkiyəyə gedim, yoxsa getməyim? Sonra dedilər ki, peşman ola bilərsən. Peşman olmağı sevən deyiləm. Dedim ki, çətin olsa da, bu yolu getməliyəm. Düzdür, orada sıfırdan başlamış olmayacam. Çünki artıq bir mahnımı tanıyırlar. Elə bir tədbir, konsert olmur ki, gedəndə özüm-özümdən utanım, "Ay Allah, məni tanımırlar. Niyə buradayam?”  deyə, özümə sual vermirəm. Çünki hər şey pulun üstündə qurulmayıb, axı. Əksinə, demişəm ki, burada mənə qarşı belə sevgi var. Konsertdən sonra otağıma keçəndə baxıram ki, nə qədər insan durub, şəkil çəkdirmək üçün məni gözləyir.

- Amma bunları paylaşmırsınız...

- Bəli, İnstaqramımda bunların heç biri yoxdur. Bəlkə də, yerimə başqası olsa, bunu çoxdan etmişdi. Bilirsiniz niyə etmirəm?

"DEYİRLƏR, BUNUN SPONSORU GÜCLÜDÜR"

- Niyə etmirsiniz?

- Çünki Bakıda buna inanmırlar. Rəylərdə də yazırlar ki, "Bu boyda müğənnilərimiz gedir Türkiyəyə heç nə edə bilmir. Bunun sponsoru güclüdür". Şans deyilən bir şey var. Bu yolu tutmuşamsa, davam edirəm. Hazırda buranı boş qoymuram. Amma Türkiyədə müğənni kimi irəli getməsəm, sənətdən gedəcəm.



- Buradakı qınaqlardan qorxursunuz?

- Yox, onsuz da danışırlar, bunlar mənim vecimə deyil. Ümumiyyətlə, heç bir rəyi oxumuram, hətta öz fotolarımda belə. Özümü iyrəndirmək istəmirəm, insanları ancaq yıxıb-sürüməyi bilirlər. Biri deməz ki, yolun açıq olsun. Adi “Youtube”da mahnımın altındakı rəyləri oxumaq bəs edir ki, nədən danışdığımı biləsiniz.

Pərviz HÜSEYN
Foto: İlqam CƏBİYEV



loading...


                 

Digər