"İslahatlar davam edəcək" - Nazir

"İslahatlar davam edəcək" -  Nazir
10990 dəfə oxunub
  • A-
  • A
  • A+

Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada mədəniyyət naziri Əbülfəs Qarayev mətbuat konfransı keçirib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, mətbuat konfransı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdə müzakirə olunan məsələlərə həsr olunub.

Tədbirdə Əbülfəs Qarayev son illər mədəniyyət sahəsində görülən işlər, aparılan islahatlar barədə geniş məlumat verib.

Mədəniyyət Nazirliyində həyata keçirilən islahatların uğurla davam etdirildiyini deyən nazir bildirib ki, Prezident İlham Əliyevin 2016-cı il martın 29-da imzaladığı Sərəncama uyğun olaraq 2017-ci ildən nazirliyin Bakı şəhəri üzrə baş idarəsi və 15 regional mədəniyyət idarəsi yaradılıb. Ölkə başçısının “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il iyunun 6-da imzaladığı Fərmana uyğun olaraq Mədəniyyət Nazirliyinin strukturu yenidən formalaşdırılıb.

Əbülfəs Qarayev Prezident İlham Əliyevin bu ilin yanvarın 15-də imzaladığı “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanın ölkəmizdə mədəniyyət sahəsinin müasir tələbələrə uyğun inkişafını təmin edilməsi baxımından müstəsna əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, Fərman mədəniyyət sahəsində müasir sistemin qurulmasını, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsini, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılmasını nəzərdə tutur.

Nazir diqqətə çatdırıb ki, həyata keçirilən islahatlar zamanı beynəlxalq təcrübədən istifadə olunması istiqamətində də zəruri addımlar atılacaq. Biz xarici təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiq olunması istiqamətində Avropa İttifaqının “Tvinninq” layihəsini həyata keçirmişik. Qarşımızda duran əsas məsələlərdən biri də hazırda qabaqcıl beynəlxalq təcrübəni öyrənib ölkəmizdə tətbiqini davam etdirməkdir.

Qeyd edib ki, dövlət başçısı mədəniyyət sahəsində islahatların həyata keçirilməsini sistemli şəkildə istəyir. Son iki ildə kifayət qədər eksperimental da olsa, vacib işlərin görülməsinə nail olunub. Aparılacaq islahatlarda insan faktoru diqqətdə saxlanılacaq. İslahatların məqsədi kiminsə işdən çıxarılması, iş yerlərinin sayının azaldılması ilə bağlı deyil. Kim bu düşüncədədirsə, yanlış düşünür. İnsanların öz işlərini itirməsi, kimlərinsə işdən azad olunmasından söhbət gedə bilməz.

Ə.Qarayev qeyd edib ki, islahatlar bundan sonra da davam etdiriləcək.

Görüşdə səslənən təkliflərdən biri də Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyev, Sadıq Dadaşov və Mikayıl Hüseynovun xatirələrinin əbədiləşdirilməsi məqsədi ilə heykəllərinin ucaldılması idi. Hazırda bu məsələnin həllinin tapılması müzakirə edilir. Abidələri hazırlayacaq heykəltəraşlar müsabiqə yolu ilə seçiləcək. Bu yaxınlarda ilkin layihə üçün müsabiqə elan ediləcək. Həm memarlar, həm də heykəllərin hansı ərazilərdə ucaldılması ilə bağlı yekun qərar veriləcək. Bundan sonra ictimaiyyətə açıqlama verə biləcəyik.

Sonra nazir jurnalistləri maraqlandıran sualları cavablandırıb.