“Slivki”nin Karinası: “Bakının hər yerini gəzəcəm”

“Slivki”nin Karinası: “Bakının hər yerini gəzəcəm”
2316 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyanın “Slivki” qrupunun keçmiş solisti Karina Koks ötən gün Bakının qonağı olub. Axşam.az saytına müsahibə verən müğənni Bakı ilə bağlı təəssüratlarını bölüşüb. O, şəhərimizə prodüser Anar Mədətovun dəvəti ilə gəldiyini bildirib.

- Bildiyimizə görə, ilk dəfədir, Bakıya gəlirsiniz...

- Bəli. Çox gözəl, rəngarəng şəhəriniz var. Bakı Avropa şəhərlərindən seçilmir. Bundan sonra tez-tez paytaxtınıza gələcəyəm.

- Gəlişinizin səbəbi toy məclisində iştirak etməkdir...

 - Əslində, yalnız iş üçün gəlməmişəm. Məqsədim şəhəri gəzməkdir. "Tarqovı"nı, bazarı, dənizkənarı bulvarı - Bakının hər yerini görmək istəyirəm. Eyni zamanda, Anar Mədətovun dəvəti ilə yaxın dostumuzun toy məclisində oxuyacağam.

- Övladınızı da özünüzlə gətirmisiniz, amma onun çəkilişinə icazə vermirsiniz... 

 - Övladımı Anar bəyin istəyi ilə gətirdim. Onun bir yaşı var, adı Kamilladır. İndi otaqda yatıb. Onun görüntülənməsini istəmirəm.

- Bəs həyat yoldaşınız sizinlə gəlməyib?

- Eduardın (dicey Eduard Maqaev – red.) işləri çoxdur. O, səfərlərdə olur. Buna görə də mənimlə gələ bilmədi.

- Həyat yoldaşınız da musiqiçidir. Birlikdə layihələr hazırlayırsınız?

 - Onun çalışdığı sahə tam fərqlidir. Amma birlikdə mahnımız, klipimiz olub. Hətta bir dəfə mənim üçün musiqi də hazırlamışdı.

- Azərbaycan ifaçıları arasında kimləri tanıyırsınız?

- Özəl tanıdığım biri yoxdur. Amma burada gözəl səsi olan müğənnilərin olduğunu bilirəm, ifalarını eşitmişəm. Düzdür, işlərim çoxdur deyə, gəlib konsertlərdə iştirak edə bilmirəm. Bircə sizin “Eurovision” təmsilçiləriniz Ell və Nikkinin “Running Scared” dueti yadımdadır. O mahnını çox bəyənirəm. 

- Hazırda "Slivki" qrupu ilə əlaqəniz var?

 - Qrupun yeni solistləri ilə heç bir əlaqəm yoxdur. Onların yeni layihələri ilə maraqlanmıram, çünki öz işlərim kifayət qədər çoxdur. Qrupun köhnə solistləri ilə isə əlaqə saxlayıram.

Zəhra Əhmədova

Foto: Bəhruz Əlizadə