Jurnalist Afaq Vasifqızı Axşam.az saytı üçün əməkdar artist Elza Seyidcahanla müsahibə hazırlayıb. Müsahibəni təqdim edirik:

Bəstəkar Elza Seyidcahanın Heydər Əliyev Sarayındakı möhtəşəm solo konsertindən necə təsirləndimsə, düşüncələrimi yazmaq istədim. Amma və lakin bu gözəl musiqiçinin yaradıcılığında o qədər ziq-zaq var ki, yazıya qərar versəm, suallarım cavabsız qalacaqdı. Yazı yazmağa qərar vermədim. Sual verdim. Suallar verdim. Cavabları sizinlə birgə oxuyaq.

- Tanışlığımız 20-25 il olar. Eyni nəslin adamlarıyıq. Sən musiqi ilə məşğul olmağa başlayanda mən də jurnalistikaya yeni gəlmişdim. Sən ilk başdan maraqlı idin. "Yuğ"da görürdük səni. Bilirdik ki, bu qız nəsə yaradacaq.

- "Yuğ"a əvvəl tamaşaçı kimi gedirdim. Sonra  Vaqif İbrahimoğlu bir tamaşanın bəstəkarlığını təklif elədi mənə. "Boğazca Fatma"nı işlədik.

- Bu illərdə dəfələrlə proqramlarda təmasımız olub. Amma son 5-6 ildə elə oldu ki, vaxtaşırı səninlə söhbət eləmək istədim. Suallarım yarandı. Amma soruşmadım. Dedim bir az keçsin.

- Nə olmuşdu ki 5-6 il əvvəl?

- Deyəcəm, darıxma. Gəl hələ konsertdən danışaq. Nəsiminin 650 illiyinə həsr etdiyin konsert – biləsən - çox möhtəşəm idi. Açığı, bu dərəcədə olsun - gözləmirdim. Repertuar, tərtibat, ifa, müşayiət, geyim, mövzu. Hansını deyim? Elə bil çox güclü hazırlıq getmişdi. Heydər Əliyev adına saray neçə gün sənin ixtiyarında oldu ki? 

- Neçə gün? Nə neçə gün? Bircə gün!

- Yəni?

- Konsert günü yalnız.  

- Demə ki proqonsuz çıxmışdın səhnəyə.

- Elə konsert günü oldu proqonumuz.

- Elə niyə?

- Proqon günü üçün də ayrıca icarə ödəmək lazımdı axı. Saray rəhbərliyi hər cür şərait yaratsa da, sponsor işini yarıtmadı. Mən də məcbur olub konsert günü elədim son məşqi.

- Reklamı çox az idi konsertin. Sən də başqaları kimi avtobuslarda, iri posterlərdə reklam etdirsəydin, o proqramı iki gün, lap üç gün də təqdim eləyə bilərdin.

- Deyirəm də, hər şey maddiyyata bağlanır. Sponsorum işi yarımçıq qoydu.

- Nə isə, bunlar konsertin mətbəxidi. Amma bu az imkanla da mat qoya bildin hamını. Əsas budur.

- Tək qalmışdım amma. Mən, bir də lap yaxınlarım. Qəribədi, elə bil daşdan çıxdı bu konsert.

- Necə də gülə-gülə danışa bilirsən bu haqda? Çox pozitivsən sən.

- Sən özün elə deyilsən ki? Bu enerjini Allah verir, bilirsən? Elə belə iş deyil.

- Üzün gülür həmişə, hə. Heç ağladığın olmur? Nə vaxt ağlamısan axırıncı dəfə? Yadına gəlir?

- Alim Qasımovun konsertində ağlamışam. Bir də Ajda Pekkanıın konsertində. Həyəcandan.

- Sənin konsertində də çox adam təsirləndi. Eşitdim səhnədə də kimsə ağlayıb?

- İrandan gələn musiqiçi qardaşlardan biri çox kövrəlib, “Nəsimi divanı”ndan sonra  halı dəyişib. Durub çıxıb havaya. Handan-hana özünə gəlib.

- Mən bu ağlamağı soruşmurdum amma. Əsəbdən, hirsdən, hikkədən ağladığını deyirdim. Olmayıb?

- Olub. Elə konsert ərəfəsində sükan arxasındaydım. Təsəvvür elə - o qədər adamı yığmışam başıma. Orkestr, iranlı musiqiçilər, pianist, rəqqaslar, teatr aktyorları, konsertin rejissoru, o yandan işıq, səs, texniki işlər, geyim, makiyaj. Yardım üçün zəng elədiyim adamlar da üz döndərdi. Seytnotdaydım. Gücüm özümə çatdı. Maşın sürə-sürə ağladım, ağladım, boşaldım. Allahnan danışdım. Ağladım. Danışdım. Ağladım.

- Yəni kimdən kömək gözləyirdin ki?

- Ayrı-ayrı adamlara müraciət eləmişdim ki, bəs bilet alın, verin işçilərinizə, həm adamlar gəlsin maariflənsin, həm də bir mədəniyyət hadisəsinə dəstək olun da.

- Heç eləyən olmadı?

- Əlli əlliyə. Mənə heç kəsin pulu lazım deyil ki. O pulu da verdim icarəyə, konsertin xərclərinə. Sən inanırsan ki, mən bu konserti pul qazanmaq üçün eləməmişdim?

- Burada nə var axı? Konsert həm də pul qazanmaq vasitəsidi də. Şounun biznesə çevrildiyi yerdi yəni.

- Düzdü, amma olmadı axı. Əlimi açıb Allaha dedim kömək elə, musiqiçilərin zəhmət haqqını verim, başqa heç nə lazım deyil.

- Ödəyə bildin?

- Hələ də borclu qaldığım adamlar var. Desəm inanmazsan. Kürəkənim Elxan demişdi ki, konsertə on gün qalmış şou-proqramlara getməyim. On nədi, bir gün qalmış – sabah kosertdi e – durdum getdim şou-proqrama. Bir saat oxudum ki, o pulla kiminsə haqqını ödəyə bilim. Bircə aparıcıdan xahiş elədim ki, deməsin səhər konsertim olduğunu. Camaat mənim haqqımda nə fikirləşər? Konsertin səhəri günü də elə onun kimi. Kim olsa mənim yerimə, o boyda dəsgahdan sonra tərpənə bilməz. Yenə yollandım şou-proqrama. Oxudum, pulumu qazandım.

- Camaatın nə fikirləşəcəyi gəlib ağlına. Bəs özün? Nə fikirləşdin?

- Fikirləşdim ki, Allahın verdiyi ruzidi, niyə ruzimi kəsim? Başqası bunu eləməzdi, lap eləsə də deməzdi. Amma mən gizlətmirəm. İşləyib halal pulumu qazanmışam da. Bilirsən hərdən nə hiss edirəm? Andersenin bir nağıl qəhrəmanı var – Eliza, səhərə qədər köynək toxuyur ki, qardaşları qu quşuna dönməsin. Bax elə bilirəm o qız mənəm. O nağıl mənim həyatımdı. Nə günlər yaşamışam, eh..

- Yazsan, bir roman olar. Ağlına gəlməyib bioqrafik roman yazmaq? 

- Roman? Yazmışam da.

- Şeir yazdığını bilirdim. Roman da yazmısan?

- Uşaqlıqda yazmışdım roman. Adı "Nuru və Seyidcahan" idi. O qədər dastan oxumuşdum, "Əsli və Kərəm", "Abbas və Gülgəz", mən də atamla anamın sevgi dastanını yazmışdım. Bir ümumi dəftəri yazıb başa çıxmışdım.

- Durur o dəftər?

- Yox. Dəftəri özümlə məktəbə aparıb gətirirdim ki, evdəkilərin əlinə keçməsin. Bir gün tənəffüsdən qayıdanda  gördüm oğlanlar söz atır - "Nuru və Seyidcahan". Başa düşdüm ki, dəftərimi çantamdan çırpışdırıb oxuyublar. O qədər ağladım ki. Cırıq-cırıq elədim dəftəri hirsimdən.

- Bəs indi roman yazsan? Öz həyatından roman yazsan adı nə olar? "Elza və kim?"

- Elə qoymaram adını. İndi yazsam adı olar "Allah, sən özün bilirsən də.." O özü hər şeyi bilir.

- Təksən həyatda?

- Dedim axı - Allah özü bilir də. Bəndənin nəyinə lazım?

- Bəndədən gizlətdiyin daha nələr var?

- İstəyirsən bir etiraf da eləyim? Konsertin səhəri günü iranlı musiqiçilərə nahar verdim, nəyim var - xərclədim. Bu adamları həm də taksiylə yola salmaq lazımdı axı. Kürəkənimə dedim, sən restoran müdirindən pul alıb ver taksiyə, qonaqlar bilməsin ki pulumuz yoxdur. Mən gedib şou proqramda oxuyub gətirərəm. Qazanıb gətirdim. Ayıb deyil ki. Təsəvvür elə - o boyda konsert verəsən və bir qəpiksiz çıxasan. Bax bunu da heç kəs danışmaz. Allahdan gizlin deyilsə, bəndədən niyə gizlədim ki?

- Sən konsertdə rəqs də elədin, özü də -  libertanqo. Tanqonu adətən nərmə-nazik qadınlar oynayır. Necə risk elədin?

- Komplekslərim yoxdu da mənim.

- Maraqlı da geyimin vardı. Saçaqlanmışdın tamam.

- Bacım dedi geyinmə o paltarı, kök göstərir səni. Anam da dedi pisdi. Dedim yox. Şövkət Ələkbərova, Leyla Bədirbəyli arıq olmayıblar ki. Öz dövrlərində ən gözəl xanım sayılıblar. Ümumiyyətlə, qadının əti də ona yaraşıq verir.

- Gözəl qadının - hə. Əndazədə amma. Hər halda cəsarətli rəqs idi. Cəsarətin çatmayan şey olub həyatda?

- İnan səmimiliyimə - ancaq vicdansızlıq və pislik eləməyə cəsarətim çatmır. Özümə yaraşdırmadığım şeyləri doğrudan bacarmıram.

- Deyirlər, qadın bəzən sözlə deyə bilmədiyini plastikası ilə söyləyir. O rəqslə nə idi demək istədiyin?

- Mən sözlə demişəm də qadının nə istədiyini.

- O mövzuya qayıdacağıq axı. Konsertlə bitirək hələ. Yəni deyirəm nəyi ifadə eləyirdi rəqsin? Yəni sözlə ifadə edə bilmədiyin nəsə qalıb ki? Yenə söz çəkir adamı o ikinci mövzuya.

- Düzdü, kompleksim yoxdu. Amma ismətimi qoruyuram həmişə. Adət-ənənə var mənim üçün.

- Şeirlərində çox açıq-saçıqsan axı.

- Deyiləm. Bəzən mənim adımdan ağıllarına gələn şeiri yazıb paylaşırlar. Konsert ərəfəsində də elə oldu. Axmaq bir söz yığnağını gətirmişdilər gündəmə. Təxribat idi də mənə qarşı.

- Kim yazmışdı bəs?

- Bilmirəm. Məhkəməyə vermişəm araşdırsınlar. "Baldı, xaldı, övladdı, arvaddı, vay-vay, oy-oy, doy-doy". Mən belə şeir yazmamışam.

- Sənin yazdıqlarına oxşayır amma.

- Saytlar bu qəbildən şeirləri yazıb mənim adımdan verirlər, özlərinə oxucu yığırlar. Ayıb olsun onlara. Hamısı cəzasını alacaq.

- Mənə hərdən elə gəlir ki, sən o şeirlərini üzə çıxartmaqla qarşındakılarla məzələnirsən. Düzdü?

- Yox. Mənim şeirlərimdə pis məna yoxdu ki. Şeirlərimi sadəcə başqa cür təqdim edirlər. Bax yazmışam - "qadın bir şey istəyir". Bunu götürüb haralarasa yozurlar. Böyük bir şeirdən ancaq bir hissəsini verirlər, mənası açılmır.

- Yaxşı, nə istəyir sənin qadının?

- Tumar istəyir.

Baş tükündən yaratmadı

Başlara çıxsın.

Dırnaqlardan yaratmadı

Yerə atılsın.

Qabırğadan yaratdı ki,

Ağuşa batsın,

Tumara çatsın,

Sığalda yatsın, yatsın,

Batsın.

Arzuya çatsın, çatın

Yatsın.

Tumar, tumar

Sığal, sığal,

Qabırğa

Qabırğadır, qabırğa.

Qadın bir şey istəyir,

Bir şey.

Qabırğa olmaq istəyir

Qabırğa.

- Görürsən? Burada bir dənə də başqa eyham yoxdur. Tumar istəyir, rəhm istəyir qadın, sığal istəyir. Sadəcə, mən nə yazıramsa pis yerə yozurlar. Mənim şeirlərim də tamaşavaridir axı. Gərək hamısını oxusunlar ki, pisə yozmasınlar.

- Bir şeir də vardı sənin imzanla - Elə yataram ağuşunda filan bəsməkan.

- O şeir çıxanda elə ajiotaj yaratdılar ki, bəs Elza kişiyə şeir yazıb.

- Sən yazmamışdın ki?

- Mən yazmışdım. Amma kişiyə yazmamışdım. O şeir Allaha xitab idi.

Elə yataram ağuşunda,
Pərvazlandır şənbəmi,
Cüməmi, çərşənbəmi.
Zər-zinətdə, daş-qaşda,
Heç bir kəsdə gözüm yox.
Gözüm ancaq səndədir.
Gözəlliyindədir gözüm.
Namazında, zikrində,
Səcdəndədir sözüm.
İşıq gəlir, nur gəlir sözümə
Güc gəlir, ruh gəlir qoluma
Lütf gəlir, hava gəlir başıma
Qoy havalanım eşqindən.
Məst olum gözəlliyindən.

- Başqa bir şeirim var. Onu da seksin təbliği kimi yozurlar. Əslində seks pis şey deyil ki. Sevgidi də seks. Mahnının əmələ gəlməsi də bir seksdi belə baxanda. Mən piano ilə sevişirəm. Onu doğuzdururam. Və bir mahnı yaranır, əsər yaranır. O əsərlə mən yaşayıram. Amma seksual şeirlər yazmıram mən. Kim yozursa özü elə başa düşür deyə elə yozur. Yox əgər şeirimdə eşq tapırlarsa, mən onlara da hörmətlə yanaşıram. Amma hər şeydə məhəbbət olmalıdı, eşq olmalıdı.

- Amma sənin saytlardakı yaradıcılığın sanki ancaq intim münasibətlər haqdadı. Bayaq dedim ki, son illərdə bir neçə dəfə səninlə söhbət eləmək istəmişəm. Bax məhz bu şeirlər barədə danışmaq istəyirdim. Yəni belə gözəl, istedadlı və sevilən qadın nədən bu qədər seksdən yazsın ki?

- Mənim bir dənə də seksual şeirim yoxdur. Ya kontekstdən çıxarırlar, ya da ağıllarına gələni yazıb mənim adımdan yayırlar. Yəni məni məhz elə təqdim eləyirlər. Bax bu məni çox incidir.  Hər kəs qadını sevir. Amma hər kəs müvəqqəti sevir. Allahsa əbədi sevir. Mən o sevgidən danışıram.

- Elza, şeirlərini çox adam bəyənmir. Bu səni incitmir ki?

- Mənim musiqimi də əvvəl-əvvəl çox adam bəyənmirdi. İllər keçdi, anladılar, bəyəndilər. Bax vaxt gələcək şeirləri də bəyənəcəklər. İndi toylarda mahnılardan çox məndən şeir istəyirlər.

- Ciddisənmi?

- Zarafat eləmirəm.

- Bir dəfə, yadıma gəlir, demişdin: "Qoy məni oxuyub Bəxtiyar kimi şairlərin qədrini bilsinlər. Pis olmasa yaxşının qədrini bilməzlər". O vaxt dedilər görürsüz Elza özü öz şeirlərinə pis deyir.

- Əlbəttə, Bəxtiyar kimi şairlərin yanında mən cızmaqaraçıyam. Amma cızmaqara da olsa kim mənə deyə bilər ki yazma. Heç kəsə demək olmaz ki yazma.

- Amma şair demirsən də özünə? Ya deyirsən?

- Onu illər göstərəcək. Nə qalacaqsa, deməli o yazılmalıymış. Nə unudulacaqsa, demək yazılmamalıymış.

- Səndən nə qalacaq, Elza? Musiqi ya şeir?

- Mən bilmərəm ki. Tamaşaçı bilər.

- Bəs özün nə fikirləşirsən? Sən ağıllı qızsan, ola bilməz ki öz fikrin olmasın.

- Bilirəm ki, musiqidən ya sözdən ayrıla bilməyəcəm. Geniş mənada proqnozu mən vermirəm.

- Yaxşı, başqa cür soruşum. Desələr iki əşyadan birini götürməlisən özünlə. Piano ya sənin şeir kitabın. Hansını seçərsən?

- Əlbəttə ki pianomu alaram belimə.



- Elza, musiqinin müxtəlif janrlarında əsər yazmısan, şeir yazmısan, dediyin kimi, vaxtilə roman da yazmısan, gələcəkdə memuar da yazdın bəlkə. Yaxşı bəs özün üçün epitafiya, yəni məzarüstü vida sözü yazmalı olsaydın nə yazardın?

- Yazardım "At kimi işlədi, it kimi yaşadı". Pis mənada demirəm haa.. Əslində elə itlər var ki bəzi çaqqal insanlardan min qat yaxşıdı. Mən qazanıram, pis də qazanmıram, amma bütün qazancımı sənətə verirəm. Sənətə çatır ancaq. O mənada dedim - at kimi, eşşək kimi işlədi, it kimi yaşadı.

- At-eşşək nə idi? Camaat adam kimi sənin növbəti konsertinə hazırlaşır. Deyəsən payızda yenə solo konsertin olacaq hə?

- Hə, olacaq. Artıq hazırlaşıram. Tamaşaçılar da hazırlaşsınlar qoy. Amma o səhnədə eşq yaratmaq üçün işləmək lazımdır da, həm də çox işləmək - yaxşı, qoy olsun at kimi işləmək, o birisini deməyim.

- Demə..



                 

Digər