"İçərişəhər"də “Saray məclisi”

"İçərişəhər"də “Saray məclisi”
3611 dəfə oxunub
  • A-
  • A
  • A+

“İçərişəhər” Muzey Mərkəzi Azərbaycan Milli Konservatoriyası ilə birgə bu aydan etibarən “Saray məclisi” adlı yeni layihəyə start verir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Axşam.az-a bildirilib ki, layihənin ilk saray məclisi Şirvanşahlar Saray Kompleksində Beynəlxalq Muzeylər Günü ərəfəsində, mayın 17-də Xalq artisti Mənsum İbrahimovun ifası ilə açılacaq. Xanəndəni Əməkdar artistlər - tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov müşayiət edəcək. Azərbaycanın ən qədim xalq musiqi növlərindən biri olan muğamın təbliğinə həsr edilmiş tədbirlərin qədim məkanda təşkili, eləcə də klassik musiqi və tarixi məkanımızın bir vəhdətdə təqdim edilməsi şəhərimizin sakinləri və qonaqlarına qeyri-adi bir hiss bəxş edəcək.

Musiqi nömrələri arasında qonaqlar Əməkdar artist, aktyor və qiraətçi Azad Şükürovun ifasında Azərbaycan ədəbiyyatı poeziyasının incilərini dinləyərək həqiqi saray məclisinin sehrinə düşəcəklər. Konsert proqramının aparıcısı Əməkdar artist Rahib Azəri olacaq.

Musiqili tədbirin keçirilməsində məqsəd xalqımızın tarixi qədər qədim olan, böyük təkamül yolu keçmiş musiqi mədəniyyətimizi təbliğ etməkdir. Milli musiqimizi tərənnüm edəcək konsert proqramının minillik tarixi olmuş, ən uzunömürlü orta əsr dövlətimizin iqamətgahında - Şirvanşahlar Sarayı Kompleksində keçirilməsi heç də təsadüfi deyildir. Bu gün “Saray məclis”lərinin təşkil edilməsi vaxtilə sarayda keçirilmiş məşhur “şərq gecələri”, “musiqi məclisləri” ənənəsinin yaşadılmasına xidmət edəcək.

“İçərişəhər” Muzey Mərkəzi, həmçinin ayda bir dəfə olmaqla mərkəzin nəzdində fəaliyyət göstərən muzeylərdə növbəti konsert proqramları ilə çıxış etməyi planlaşdırır. Digər maraqlı bir məqam isə tezliklə artıq “İçərişəhər” Muzey Mərkəzi nəzdində “Muzeyin dostları” adlı klubun yaradılması ilə bağlıdır. Klubun ilk fəxri dostları bu layihənin həyata keçməsində dəstəyini əsirgəməyən Mənsum İbrahimov və onun sazəndələrdən ibarət komandası olacaq.