Əməkdar artist Xumar Qədimova kulis.az-a müsahibə verib. Axşam.az müsahibəni təqdim edir:

 

 

- Xumar xanım, bəstələdiyiniz musiqilərdə qəribə simfonik bir ab-hava olur. Bu sizin daxili səsinizdir, ya üslubunuz?

- Əyləncəli, oynaq bəstələrim də var. Bu yəqin ki, nəğmə ilə söz demək, musiqi və onun sözləri ilə yaşaya bilməkdir. İnsanın ürəyi boş olsa, heç nə deyə bilməz. İstəmirəm ki, məni dinləyəndən sonra tamaşaçı özünə “hə, nə olsun” sualını versin. İstəyirəm ki, ifam tamaşaçının ürəyinə toxunsun, onu riqqətləndirsin. Gündə efirə çıxıb söz deyə bilməyənlərə baxanda, onların yerinə mən utanıram. Bu adamlar ən azından qohum-əqrəbalarına deyirlər ki, sabah efirə çıxacam, mənə baxarsınız. Görəsən, onlar bu sözləri deyəndə düşünmürlər ki, insanlar onların ifasının nəyinə baxacaqlar, nədən zövq alacaqlar. Müğənninin boğazdan gələn səsi ilə yanaşı həm də onun daxili səsi, içi olmalıdır.

- İnsanlar ifanızın təsirinə çox asanlıqla düşürlər. Özünüz necə, dərdli, eşqli adamları dərhal hiss edə bilirsiniz?

- Hiss edirəm, amma çox vaxt buna imkan olmur. Sevmək də, dərdlənmək də insanlıq halıdır. Mən də insan halı üçün ifa edirəm. Əgər insanın vicdanı varsa, o, sevməyi, vicdanlı, ədalətli olmağı, haqqın tərəfində dayanmağı da bacaracaq. Mən də istəyirəm ki, bütün bunların hamısını səsim vasitəsi ilə göstərə bilim. Və o zaman düşünmürəm ki, kimlərsə bunu başa düşəcək, ya düşməyəcək. Amma nə yaxşı başa düşənlər də var.

- Başa düşməsələr, nə baş verər?

- Adam məhv olar. Başa düşən azlıq, anlamayan çoxluğa qalib gəlir. Yüz adam Xumarın məşhurluğuna, dəbdə olmasına görə yığılsın, onu dinləsin, amma dinlədiyini anlaya bilmirsə, bu mənim nəyimə gərəkdir? Mən özüm Zəki Mürəni, Ququşu böyük yanğı ilə dinləyirəm. Onların ifasına qulaq asa-asa həm də ləzzət almağa çalışıram.

 

- Nazım Hikmətin məzarını ziyarət etmisiniz. Bu yəqin ki, arzu idi...

 

 

 Ziyarət sözünü o qədər də sevmirəm, qəbul eləmirəm. Mən heç atamın məzarını ziyarət edə bilmirəm. Çünki onun məzarlıqda olduğunu bilmək, hiss etmək mənim üçün ağırdır. Ümumiyyətlə qəbir üstünə gedə bilmirəm. Orda ölə də bilərəm. Mən istəyərəm ki, atamla oturub çay içim, söhbət edim, onu bağrıma basım, musiqilərimi ona dinlədim. Atamı gedib məzarlıqda görmək istəmirəm. Nazim Hikməti isə həyatda görmək mənə nəsib olmayıb. Onun məzarına getməyim sırf ona olan özləmimdən, sevgimdən irəli gəlirdi.

- Bu ziyarətinizi həm də Nazimin qəribçilikdə olması ilə əsaslandırmısınız. Ölənin də qəribi olur?

 

 

- Bu fikir özümün də yadımdan çıxmışdı. İndi xatırlatdınız, kövrəldim. Təbii ki, ölənin kimliyinin də rolu var. Amma ölən elə qəribdir də. Nazim Hikmətin məzarının yanında Boris Yeltsinin məzarı vardı. Onun üstündə bircə gül də yox idi. Yaxınlığında bir ziyarətçi də gözə dəymirdi. Amma Nazimin qəbrinin üstü gül-çiçəklə doluydu, adamlar isə növbə gözləyirdilər ki, Nazimin başdaşına yaxınlaşsınlar, ona toxunsunlar.

- Mikayıl Mirzəni necə xatırlayırsınız?

- Bir neçə ölümlər var ki, adamı həmişə yandırır. Bunlardan biri də Mikayıl Mirzənin ölümüdür ki, həmişə məni ağrıdır. Onun ölümünə bu gün də çox pis oluram. Mikayıl Mirzə içi dolu və coşqulu adam idi. Belə adamlarla söhbətə həmişə ehtiyac hiss edirəm. Çünki azdırlar.

- “Döz” klipinizdə də çəkilib...

- Hə. Mən istəyirdim ki, klipimdə o da iştirak etsin. Özündən xahiş etmişdim, o da razılaşmışdı. Klipə çəkiləndə ürəyi onu incidirdi, xəstəydi. Klip çəkiləndən az sonra da rəhmətə getdi.

- Aşıq musiqilərini sevirsiniz?

- O qədər də yox. Amma ruhuma yaxın olan, məni tərpədən ifalar olur. Bildim siz nəyi nəzərdə tutursunuz (gülür). Biz əslən İrəvanlıyıq, ancaq doğulduğum bölgənin sözü, musiqisi mənə əlbəttə ki, təsir edib. Səməd Vurğunun “Ana” şeiri mənim daima pıçıldadığım şeirlərdən olub.

 

 

- Məşhurluq, dəbdəbə və maddiyyatın yaratdığı rahatlıq sizi başqalarından fərqləndirir?

- Mən daxilən, yaradıcılıq baxımından özümü başqalarından fərqləndirə bilərəm. Ola bilər ki, kimsə məndən də imkanlı və məşhur olsun, amma o Xumar ola bilməz. Heç sözün düzü hamının mənim, ifalarımın fərqində olmasını da istəmirəm. Bu vacib də deyil. Sizin dediyiniz kimi maddiyyat baxımından qəti şəkildə özümü kimsədən fərqli bilmirəm. Şahzadələr kimi yaşadığım, qadın kimi də, müğənni kimi də xoşbəxt olduğum, ayağımın yerlərdən üzüldüyü anlarda belə qərib məzarda yatan insanı düşünüb ağlamışam. Hətta bu mənim ətrafımdakı insanlar üçün də qəribə gəlib. Mənə sual veriblər ki, sən niyə hər şeyin içində heç nə olursan. Mən onlara izah edə bilməmişəm ki, həmin cah-calal, dəbdəbə mənə görə deyil. Elə yerlərdə darıxmışam, özümü pis hiss etmişəm. Amma həmin məkandan, o məkana məxsus olan insanlardan uzaqlaşandan sonra rahatlaşmışam, özümü azad, rahat hiss etmişəm. Almas İldırımın dediyi kimi belə yerlərdə özümü dörd yanı məhbəsdə olan adam kimi hiss etmişəm. Bu o demək deyil ki, ətrafımda məni sevən və yaxud da mənim sevdiyim adamlar yoxdur. Elə deyil. Amma sevdiklərimlə olanda da kimisə arzulamışam. Demişəm kaş ki, o da bizimlə olaydı, mənim xoş günümü görəydi, bu gündən, bu saatdan ona da pay düşəydi. Mən qazandığımı heç vaxt tək yeyə bilmərəm.

- Keçmişi və keçmişdə qalanları unuda bilmədiyinizi deyirsiniz. Bəlkə keçmişdə qalanlar özlərini unutdurmaq istəmirlər?

- Bəlkə keçmiş çox dadlı, ləzzətli olub ondandır. Bilmirəm... Amma ən pis günümüzü belə unuda bilmirəm. Bəzən biz uşaq olanda atamla anamın nə barədəsə mübahisə etmələrini, dalaşmalarını xatırlayıram. İnanın ki, həmin günlər üçün də darıxıram. Rayona gedəndə məktəbimizin qarşından keçə bilmirəm. Ya yolu dəyişirəm, ya da üzümü çevirirəm ki, oranı görməyim. Yəni yaxşı mənada təsirlənirəm. Bəzən yağışın səsi, bir itin hürməsi və yaxud da torpağın qoxusu məni kəndimizə, uşaqlıq illərimə aparır.

- İfa etdiyiniz mahnıları ağrılarınızın ifadəsi hesab etmək olar?

- Ümumiyyətlə, mahnılarımı nəinki ifa edəndə, onları bəstələyib bitirəndən sonra da çox rahat və xoşbəxt oluram. Misal üçün Hüseyn Cavidin sözlərinə bəstələdiyim  “Niyə gəldin, niyə getdin?” mahnısının bəstəsi çox ağır iş prosesi oldu. Elə mahnılarım var ki, onlar birbaşa mənim özümü ifadə edir. Amma konkret olaraq “Qəribədir deyilmi” mahnısı birbaşa mənim ruh halımdır, mənə aiddir.

- İfa edə bilmərəm dediyiniz musiqi olub?

- Olmayıb. Amma ucuz, heç bir yükü olmayan mahnılardan özüm imtina etmişəm.

- Muğam necə ifa etmisiniz?

- Muğamı çox gözəl ifa edirəm. Anam həmişə mənimlə dalaşır ki, niyə muğam çox oxumursan? O, istəyir ki, mən qavalla, kamançanın və tarın müşayəti ilə muğam oxuyum. Aşıq mahnısı da oxumağımı çox istəyir. 

- Qadının yaşlanmasına münasibətiniz necədir?

- Mənim üçün ruhun yaşı önəmlidir. 25-26 yaşımda elə məqamlar olub ki, özümü olduğumdan da çox yaşlı hesab etmişəm. Bəzən də olub ki, uşaq kimi olmuşam. Yəni insanı salamat saxlayan onun içinin ruhudur, enerjisidir. Bizi onlar idarə edir. Allah o enerjini bizdən almasın. İnsan nə zaman ki, xoşbəxt olur, özünün yaratdığı qayğılardan özünü azad edə bilir, onda onun canı da ağrımır. Pis xəstəlik belə ruhla sağala bilər.

- Ruhu diri saxlayan səbəblərdən biri də sevgidir...

- Təbii ki. Siz toxunulan sevgidən bəhs edirsiniz, hansı ki, insanın yanındadır. Amma mən bəzən sevgi olmasa belə elə hesab edirəm ki, o var. Bir də ki, məni bu həyatda yaşadan səbəblərdən biri də başlamaqdır. Mən nəyəsə başlamaq üçün yaranmış adamam. Həftənin birinci günü ən çox sevindiyim, xoşbəxt olduğum gün olur. Amma şənbə və bazar günləri gəlib çatanda darıxıram. İnsan var, istirahət günlərini həsrətlə gözləyir ki, dincəlsin, harasa qonaq getsin. Mənsə yox. Bilmirəm, bəlkə də birinci gün dünyadan köçəcəm. O, da mənim üçün toy-bayram olar. Bəzən bacım deyir ki, sən həftənin bütün günləri evdə idin, amma həmin günləri darıxmırdın, indi isə darıxırsan. Onda öz-özümə fikirləşirəm ki, o günlərdə hələ başlayırdıq, yaşamağa, sevməyə, işləməyə doğru hələ yol gedirdik. Həftə sonu isə elə sondur. Ömürdən, gündən gedən saatların, günlərin daha aydın, daha dəqiq xatırlatmasıdır.

- Səsim batsa, ürəyimlə oxuyaram demisiniz. Eşidilən səsdən eşidilməyən səsə keçmək çətin olmaz?

- Zatən indi səsim var. Amma ürəyimlə oxumasam, səsimlə də oxuya bilmərəm axı. Məncə, elə məni hal-hazırda ifadə edən səsim yox, ürəyimdir.

- Toy gününüzü xatırlamağı da sevmirsiniz...

- Sevmirəm. O toy gününün bu gün mənim həyatımda heç bir işığı, mahiyyəti, rolu yoxdursa heç xatırlamaq da istəmirəm. Artıq mən o günə arxamı dönmüşəm. O günlər indi mənim üçün çox uzaqda qalıb. Hətta həmin günü olmamış bir gün kimi hesab edirəm. Ola bilər ki, kiminsə həyatında toy günü önəmli, unudulmaz gün olsun, amma mənim üçün belə deyil. Tam əksidir.

 

 

- Ədəbiyyata münasibətiniz maraqlıdır...

- İnsanlar ədəbiyyatı sevsələr, cinayət etməzdilər. Ədəbiyyat mənim üçün həyatdır. Mütaliə edəndə xoşbəxt oluram. Amma bəzən çox həssas oluram, onda kitab oxuya bilmirəm. Həyəcanlı olanda oxuduğum kitab, orda baş verən əhvalatlar məni daha da həyəcanlandırır. Həyatımda elə bir dönəm oldu ki, xeyli vaxt kitab üzü açmadım. Ancaq indi yavaş-yavaş yenidən mütaliəyə başlamışam. Bu tək kitaba aid deyil. Bəzən filmlərə baxanda da ən həyəcanlı anlarda üzümü çevirirəm. Filmdə baş verəcək əhvalatın, hadisənin kulminasiyasına baxa bilmirəm. Onsuz da təbiət etibarı ilə həssas adamam, belə situasiyalarda daha da həyəcanlanıram. Həm də bəzən heç kitaba da o qədər ehtiyac olmur. Kamil adam olmaq başqa şeydir. Adam var ki, qalın-qalın kitablar oxuyur, amma kamil deyil.

- Seymur Baycanın əsərlərini, köşələrini oxuduğunuzu demisiniz. Ondan başqa kimləri oxuyursunuz?

- Seymur Baycan başqa aləmdir. Onu hamıdan çox sevirəm. Bu yaxınlarda bir yazısını oxudum. Orda yazmışdı ki, Taqor hiper hissiyyatlı yazıçıdır. Mən də eyni ilə bu sözləri Seymurun haqqında deyirəm. O, tamam başqa cür yazıçıdır. Onun romanlarının, hekayələrinin, köşələrinin bəlkə də ən birinci oxucusu mən oluram. Bu yaxınlarda da “Talesiz” adlı bir köşəsini oxudum. Çox xoşuma gəldi. Bir də Əli Novruzov adlı bir yazarın “Bayağılığın müdafiəsinə” adlı köşəsini oxudum. Maraqlı yazmışdı. Ümumiyyətlə, bugünkü gənc yazarlar hissiyyatlıdırlar. Yazdıqları ilə ürəyə toxuna bilirlər. dəbdə olmasına görə yığılsın, onu dinləsin, amma dinlədiyini anlaya bilmirsə, bu mənim nəyimə gərəkdir? Mən özüm Zəki Mürəni, Ququşu böyük yanğı ilə dinləyirəm. Onların ifasına qulaq asa-asa həm də ləzzət almağa çalışıram.



loading...


                 

Digər