Azərbaycan əsilli dizayner Dubayda öz brendini yaradıb - fotolar

Azərbaycan əsilli dizayner Dubayda öz brendini yaradıb - fotolar
3566 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan əsilli Əl-Cammi Qəzəllini ölkəmizin dəbsevərlərinin az bir qismi tanısa da, 20 yaşlı dizayner Dubayda artıq öz sözünü deyə bilib. Onun əsasını qoyduğu “El-J” brendi qısa müddətdə Dubayın ən dəbli xanımlarının ürəyini fəth edə bilib.

Axşam.az "buro247.az" saytına istinadən sizə Əl-Cammi Qəzəlli ilə müsahibəni təqdim edir:

- Sizi daha yaxından tanıyaq.

- Dubaya ailəmlə birlikdə 6 yaşım olanda köçmüşəm. Daha sonra Kanadada təhsil almaq imkanı qazandım. Ancaq həyat elə gətirdi ki, mən yenidən günəşli Dubaya qayıtdım və öz brendimi yaratmaq qərarına gəldim. Uzun müddət düşünməli olmadım və adımın ilk hərflərindən ibarət "El-J" brendini yaratdım.

 "El-J"nin uğur qazanacağına əmin idiniz?

- Brendim bu yaxınlarda - çalmaların istehsalından sonra uğur qazandı. "El-J"nin təqdimatında başımda çalmanı görənlər şəklimi çəkməyə, Cosmopolitan, Grazi kimi nüfuzlu jurnallar məndən müsahibə götürməyə başladı və nəticədə, brendin bütün çalmaları satıldı. Bu, mənim üçün böyük uğur idi.

- Bu iş gəlirli biznesdirmi?

- Dubayda bəli. Brendin əsas aksesuarına çevrilən çalmalar burada sürətlə satılır. Mən Dubay dəb aləmində məhz çalmalarımla tanınıram. Yaxın zamanlarda isə ilk geyim kolleksiyamı təqdim edəcəm.

- Sizcə, hansı daha vacibdir - dəblə geyinmək yoxsa zövqlü olmaq?

- Dəb daim dəyişməkdədir, lakin stili insanın xarakteri və həyat tərzi müəyyən edir. Mən heç vaxt dəbin arxasınca getməmişəm və özünməxsus obrazımın olmasına daha çox üstünlük vermişəm. Elə bu səbəb məni "El-J" brendini yaratmağa sövq edib.

- Bəs insan öz stilini necə tapmalıdır?

- Bu, asan iş deyil. İlk növbədə dəb jurnalları və internet vasitəsilə obraz axtarmaqdan əl çəkmək lazımdır. Sadəcə, güzgünün qarşısına keçib, stilinin əsasını nələrin təşkil etdiyi anlamaq lazımdır. Əgər bir geyim sənin xoşuna gəlir, lakin, məsələn, onun çəhrayı rəngi sənə yaraşmırsa, ondan birdəfəlik imtina etməlisən. Mənim stilim Dubayın "fashion" mühitinə düşdükdən və moda bloqu yaratdıqdan sonra formalaşıb. Burada keçirilən tədbirlər, ziyafətlər və "afterparty"lərdə olarkən, mən özümçün bir nəticə çıxardım. Hər şeyə öz baxışın olmalıdır və özünü heç vaxt heç kimə oxşatmamalısan. Məhz buna görə mən tez-tez Dubayın əsas dəb jurnallarının səhifələrində görünürəm.

- Moda dünyasının çətinlikləri sizi yolun başlanğıcında olan bir dizayner kimi qorxutmur?

- Öz işini sevən insan heç vaxt yorulmur. Əgər kimsə "mən çox işləmişəm və yorulmuşam" deyirsə, deməli, o, işini sevmir. Yaxın Şərqdə Dior, Louis Vuitton kimi brendlərlə çalışan agentlər mənə dəfələrlə əməkdaşlıq təklif ediblər. Lakin mənim məqsədim öz gücümə tanınmaq və irəli getməkdir.

- "El-J"nin Azərbaycan bazarına çıxışı planlaşdırılırmı?

- Bakıda müştərilərim olsa da, mən hələ Azərbaycan bazarını fəth etməyə hazır deyiləm. Əsas hədəfim Dubayda tanınmaqdır. Burada "El-J" 4 butikdə təqdim olunsa da, 2014-cü ilin payızında şəxsi butikimi açmağı planlaşdırıram.