Qənirə Paşayeva arıqlamağından danışdı - 17 kiloqram atdım

Qənirə Paşayeva arıqlamağından danışdı -  17 kiloqram atdım
11403 dəfə oxunub
  • A-
  • A
  • A+

Millət vəkili Qənirə Paşayeva lent.az saytının "Qız-qıza" rubrikasının qonağı olub. O, həmçinin  pəhrizindən, arıqlama üsullarından söz açıb.

Müsahibəni ixtisarla təqdim edirik.

Hesab edirəm ki, insanı artıq çəki qədər heç nə dəyişmir.
 
- Neçə kilo atdız?
 
- Hardasa 17 kilo. Amma birdən yox... Mənim dietam artıq üç ilə gəlir...
 
- Bizə isə qəfil kimi göründü...
 
- Sərt dietaya oturmadım, heç bir məhdudiyyət qoymadım. Sadəcə özümə kalori sistemi yaratdım. Hesablayıram ki, bu gün neçə kalori yemişəm, nə qədər kalorim qalıb, artıq ürəyim nə istəsə bu kaloril həcmində yeyəcəm.
 
- Məsələn, indi günortadır, siz neçə kalori qəbul eləmisiz?

- Hələ ki, heç nə qəbul eləməmişəm. Səhər bir çay içdim.
 
- Qara, yaşıl?
 
- Daha çox bitki çayı içirəm. Arada qara çay da içırəm. Bir dəfə də yemək yeyəcəm, sonra isə meyvə.
 
- Yemək hər şey ola bilər?
 
- Mən iki şeyi özümdən uzaqlaşdırmışam.
 
- Çörəyi?
 
- Mütləq çörək yeyirəm.
 
- Ağ, ya qara?
 
- Arada üstündə ağ da alıram. Çünki B 12 vitamini lazımdır, bədəni tükətmək olmaz. Həftədə 2-3 dəfə çörək yeyirəm. Yağda bişən əti və şəkəri özümdən uzaqlaşdırdım. Bəlkə həftədə 1-2 dəfə dolma yeyərəm, o da çox az. Əti izqara, ya da kabab kimi yeyirəm. Yağa düşən əti yemirəm, çünki içinə çox yağ alır. Şəkəri arada, ürəyim şirniyyat istəyəndə alıram. Çayı meyvə quruları ilə içirəm.
 
- Nənələr deyirdi “artıq ət düşməndir”.
 
- Nənələrimiz sağ olsun, amma elə bu kilo anlayışını bizə onlar qoyub. Mənim anam bəlkə də həyatdakı ən zərif qadınlardan biri olub. Bilirsiz ömrü boyu ona necə baxıblar? “Yazıq Tehran, görən xəstədir?”(Gülür) Mənim əvvəlki şəkillərimi görsəz, uzun arıq uşaq olmuşam. Tələbəlikdə də, televiziyadakı ilk illərimdə də arıq idim. Kilonu Amerikada aldım.
 
- Amerikada neçə ay qaldız ki?
 
- Hardasa üç ay. Film hazırlayırdım. Düz yeddi kilo aldım. Əlimizə nə gəlsə, fərqində deyildik “fast food”dur, tez olsun deyə yeyirdik. İndi hər şeyə diqqət eləyirəm, o vaxt isə o qədər arıq idim ki, diqqət eləmirdim. Fərqində deyildim ki, kökələ bilərəm. Deyirdim 6-7 kilo nədir ki, ataram! Gəldim, nə atmaq?! Üstünə nə qədər kilo aldım. Sonra bir dəfə arıqladım, amma səhv arıqladım. Ac qalmaqla! Onda da pis xəstələndim, yemək məcburiyyətində qaldım və bu dəfə daha betər kilo aldım. Ona görə də indi hamıya deyirəm kilo verəndə nə badə ac qalasız. Həm əsəbləriniz ciddi yorulacaq, həm də səhhətiniz. Çalışın gözünüz ac olmasın, yeyin, amma kalorini azaltmaqla. Bir günə ya balaca şokolad, ya da 200 qram ət.
 
- Seçimi özləri eləsinlər.
 
- Bəli, ağıllı seçim eləsinlər. Bu ağıllı qidalanmadır. Kalorilərin siyahısı var. İndi əzbər bilirəm. Onda isə çap eləyib qoyurdum qarşıma. Yedikcə baxırdım ki, neçə kalori getdi...
 
- Nə yediz, hesablayırdız?
 
- Əvvəllər çərəzi saymırdım, deyirdim onunla nə olacaq? Amma kalori siyahısı ilə tanış olandan sonra gördüm çərəz deyib keçdiyin 100 qram qozda təxminən 700 kalori var – 300 qram ətin kalorisi. Onda elə əti qoy qabağına ye! Çərəz demişkən, hər insanın bir vazkeçilməzi var, mənim də vaz keçə bilmədiyim fındıqdır. Qovrulmuş yox, çiy fındıq. Onu dietada da tullamadım. Biz qidalanma mədəniyyətinə bir az diqqət etməliyik. Məsələn, 30-35 yaşlı qadın hər gün süd məhsullarından nə isə qəbul etməlidir. Çünki bu yaşdan sonra sümük əriməyə başlayır. Savadlı yeyə bilmirik. Qidalanma bir elm kimidir.
 
- Yaxşı tədris eləmək lazımdır.
 
- Mətbəx verilişlərimiz də elədir ki... Bir az savadlı danışsalar, bu içinə qatdığımız ərzaq nələrə xeyirdi, nələrə ziyandır, nə qədər qəbul edilməlidir. Nəyi nə ilə yesəniz daha yaxşı olar. Yox! Elə şirniyyatı bişirdik, içinə də kremi qoyduq! Camaat bunu özü də bilir! Mətbəx verilişlərinin səviyyəsi aşağıdır. İnsanları bu yönümdə ancaq onlar savadlandıra bilər...