“Niyam oksigen israfıdır” - “Çör-çöp” qalmaqalına cavab

“Niyam oksigen israfıdır” - “Çör-çöp” qalmaqalına cavab
2661 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün “5/5” verilişində müğənni Niyam Salaminin “Yeni ulduz” yarışmasının iştirakçılarını “çör-çöp” adlandırması birmənalı qarşılanmayıb.

Axşam.az məsələ ilə bağlı yarışmanın iştirakçılarından N.Salaminin sözlərinə münasibət öyrənib.

Pərviz Mahmudov:

“Yeni ulduz” iştirakçıları ən önəmli dövlət tədbirlərində çıxış edir, Niyam heç o tədbirlərin qapısının ağzından keçib? Müsabiqənin ilk iştirakçılarından biri mənəm, 15 ildir bütün Xalq artistləri, Əməkdar artistlər, bir nömrəli müğənnilər mahnılarımı ifa edir”.

Aysel Əlizadə:

“Yəqin ki, Niyam bunu deyəndə yaxın dostlarını fikirləşməyib. Onun dostlarıı elə “Yeni ulduz”dan çıxanlardır. Ola bilsin ki, əsəbi olub, ya da düşünmədən cavab verib”.

Elvin Abdullayev:

“Yeni ulduz” çoxdan bitib və bu yaxında “SOY Production”un 15 yaşını qeyd edəcəyik. Qaldı ki, “Niyamçik”ə... “Niyamçik” illərdir Azərbaycanı bəyənməyən ermənipərəst Bülənt Ərsoyu təmsil edir. Amma “Yeni ulduz”un iştirakçıları Azərbaycanı dünyada tanıdır. “Eurovision”da iştirak edənlərin çoxu “Yeni ulduz”dan çıxanlardır. Arada mətbəxdən başını kənara çıxartsın, çör-çöp adlandırdıqları kimlərlə dünya səhnələrində oxuyur, görsün. Görsün ki, Çingiz dünya ulduzu Madonna ilə bir səhnədə çıxış edir. Çör-çöplər kimlərdi? Mən, Günay İbrahimli, Aysel Teymurzadə, Sevda Yahyayeva, Səfurə Əlizadə, İlhamə Qasımova, Azad Şabanaov, Fərid Məmmədov? Bir sözlə, Niyam nə sənət, nə də sənətçi haqda danışmasın. Çünki o, söz deyə biləcək statusda müğənni deyil”.

Aygün İsmayılova:

“Allah belə insanlara ağıl versin. Boş yerə oksigen israfıdır. Amma onun zərəri yoxdur. Azərbaycan musiqisini yerlə-yeksan edənlərdəndir və zövqləri korlayırlar. İlk dərsimizi Niyamın dediyi “Ağac” olan Xalq artisti Mübariz Tağıyevdən almışıq. Görəsən, o dərsini kimdən alıb? İki universitet oxumuşam, Bakı Musiqi Akademiyasının Opera Vokal bölümünü dağ kimi müəllimlərdən dərs alaraq, bitirmişəm. “Yeni ulduz” və “Azəri Star”dan çıxan ifaçıların oxuduğu kimi, düz notlarda oxusun, onda qarşısında baş əyərəm”.

Sevinc Musayeva:

“Mənimlə küsülü idi, üzr istəyib, barışıb. Çör-çöp kimi rəftar etməyib. Ad çəksə, yaxşı olar. “Yeni ulduz”un səviyyəsini bilmək üçün “Eurovision”a baxmaq kifayətdir. Xaricdə bayraqlarımızı “Yeni ulduz” yarışmaçıları qaldırır”.

Qeyd edək ki, Niyam Salami aparıcı Zaur Kamalın “Sel gələndə özü ilə çör-çöp gətirir. Böyük kötük isə sonda gəlir. Müğənnilər içərisində çör-çöp və kötük kimdir” sualına belə cavab vermişdi:

“Sənətkarlar, Xalq artistləri, Əməkdar artistlər, ənkələr kötükdür, “Yeni ulduz”dan çıxanlar isə çör-çöplərdir. Mən isə orta nəsildənəm, budağam”.