İlhamədən Zaura etiraz

İlhamədən Zaura etiraz
6030 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün “Yeni ulduz” iştirakçıları və müğənni Niyam Salami arasında yaranan qalmaqala yarışmanın dördüncü mövsümünün qalibi İlhamə Qasımova da qoşulub.

Axşam.az xəbər verir ki, hazırda Amerikada yaşayan sənətçi həmkarının fikirlərinə etiraz edərək, onu və aparıcı Zaur Kamalı tənqid edib.

Bu haqda Axşam.az-ın İnstaqram səhifəsindəki paylaşımın şərh bölümündə yazan müğənni Niyamı xalqa hörmətsizlik etməkdə günahlandırıb:

“Çox ağlamalı haldır, sadəcə gülürəm ki, ağlamayım. Ümumiyyətlə, savadlı olmaq lazımdır ki, müğənniləri çör-çöp və ya kötüklə eyni tutan aparıcının sualına etiraz edib, başqa müqayisədən istifadə edəsən. Əgər səhnədə belə müğənnilər öndə dayanıb, başqa həmkarlarını bu cür müqayisə ilə şərh edirsə, heç cavab verməyə dəyməz. Uşaqlarımızın istedadlı olması üçün “Eurovision” yarışması və dünya səhnəsi lazım deyil, onların “Yeni ulduz”da çörəkpulunu güclə qazanan xalqımız tərəfindən pul xərclənərək, səs göndərilib, önə gətirilmələri daha önəmlidir. Mən azərbaycanlıyam və səs vermiş insanların gücünə səhnəyə gəlmişəm və digər uşaqlar da həmçinin. Yarışmada olmayan sənətkarlarımız da xalqın sevgisi ilə fəxri adlara layiq görülüblər. Onlar kötük, yaxud çör-çöp deyillər. Onları belə adlandırmaq xalqımıza hörmətsizlikdir”.

Qeyd edək ki, Niyam Salami aparıcı Zaur Kamalın “Sel gələndə özü ilə çör-çöp gətirir. Böyük kötük isə sonda gəlir. Müğənnilər içərisində çör-çöp və kötük kimdir” sualına belə cavab vermişdi:

“Sənətkarlar, Xalq artistləri, Əməkdar artistlər, ənkələr kötükdür, “Yeni ulduz”dan çıxanlar isə çör-çöplərdir. Mən isə orta nəsildənəm, budağam”.