“Bölgələrdən bölgələrə” Balakəndə

“Bölgələrdən bölgələrə” Balakəndə
3295 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Azərbaycanın şimal-qərb qapısı Balakən rayonu olub.

Axşam.az xəbər verir ki, bayram tədbiri Balakən şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil edilib. Festivalın rəsmi qonaqlarını rayonda yaşayan azsaylı xalqların rəqs qrupları “Yallı” rəqsi ilə qarşılayıb. Həmçinin, mədəniyyət müəssisələrində fəaliyyət göstərən “Nənələr və nəvələr”, “Eday”, “Xınayaxdı” və “Buta” folklor qruplarının çıxışları festivala əsl bayram əhval-ruhiyyəsi bəxş edib. Şəki pəhləvanları öz güclərini nümayiş etdiriblər.

Sonra festival iştirakçıları Mədəniyyət Nazirliyinin regional idarələri tərəfindən qurulmuş çadırlarda həmin bölgələrin qədim el sənəti nümunələri, eləcə də ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanmış dekorativ tətbiqi sənətin müxtəlif sahələrinə aid incəsənət nümunələri və suvenirlərlə tanış olublar. Sərgidə metalişləmənin fərqli texnika və üsullarda hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, zərif naxışlı tikmələr, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq sənət növlərinə aid yaradıcılıq nümunələri sərgilənib.

2019-cu ilin ölkəmizdə “Nəsimi İli” elan edilməsi ilə əlaqədar festivalda yerli şair və yazıçıların, publisistlərin əsərlərindən ibarət kitab guşəsi də qurulub.

Şəki Regional Mədəniyyət İdarəsinin əhatə dairəsinə daxil olan rayonların təmsilçiləri sərgidə daha geniş ekspozisiya ilə təmsil olunublar. Şəkidən olan sənətkarların hazırladıqları şəbəkə, təkəlduz nümunələri, bədii tikmələr, ağac üzərində oyma işləri izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ikinci dəfədir keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmasına imkan yaradıb. Festival bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.