Bakıda 20 illik fasilədən sonra Rusiyanın İqor Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblının konsertləri təşkil olunacaq.

Axşam.az "Report"a istinadən xəbər verir ki, 31 may və 1 iyun tarixlərində Heydər Əliyev Mərkəzinin səhnəsində keçiriləcək konsertlərin proqramına XX əsrin əfsanəvi xoreoqrafı İqor Moiseyevin dünya klassik irsi kimi tanınan “Yay” rus rəqsi, “Çobanlar” azərbaycanlı rəqsi, “Sirtaki” yunan rəqs süitası, Mixail Qlinkanın musiqisinin müşayiətilə “Araqon Hota”, argentinalı qauço çobanlarının rəqsi, məşhur “Alma” rəqsi, həmçinin kollektivin son əsəri olan argentinalı xoreoqraf Laura Roattanın səhnələşdirdiyi “Tango del Plata” rəqsinin premyerası daxildir.

Qeyd edək ki, dünya şöhrətli kollektiv Bakıya son dəfə 1998-ci ildə mərhum Prezident Heydər Əliyevin andiçmə mərasiminə şəxsi dəvətlə gəlmişdi.

İqor Moiseyev adına Dövlət Akademik Xalq Rəqsi Ansamblı dünya xalqlarının rəqslərini bədii yolla təbliğ edən dünyanın ilk peşəkar xoreoqrafiya qrupudur. Uzun illər ərzində İqor Moiseyevin başçılıq etdiyi kollektivin səylərilə bir çox ölkələrin xalq rəqsləri irsi bədii yozum vasitəsilə dünya mədəniyyətinə yenidən qazandırılıb.



                 

Digər