Nazir Əbülfəs Qarayev Bakıda YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı Parisdə səfərdədir.

Axşam.az xəbər verir ki, o, səfər çərçivəsində nazir ilk olaraq YUNESKO-nun baş direktorunun mədəniyyət üzrə müavini Ernesto Rodrigez Ottone ilə görüş keçirib.

Görüşdə Azərbaycan ilə YUNESKO arasında əlaqələrin cari vəziyyəti, Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıq və sessiyada müzakirəsi gözlənilən məsələlər barədə fikir mübadiləsi aparılıb.

Daha sonra YUNESKO-nun Ümumdünya İrs Mərkəzinin rəhbəri Mextild Rosslerin rəhbərliyi ilə nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Bakıda təşkil olunacaq 43-cü sessiyanın gündəliyində duran dünya mədəni və təbii irsinə dair namizədlik fayllarının vəziyyəti, sessiyanın sədrinin öhdəlikləri, prosedur qaydaları, tədbirin açılış mərasimi və bu kimi məsələlər müzakirə edilib.

Nazir Əbülfəs Qarayev keçirilən görüşlərdə Azərbaycanın bu tədbirə xüsusi önəm verdiyi və sessiyanın təşkili ilə bağlı ölkə prezidenti tərəfindən Təşkilat Komitəsinin yaradıldığı, müvafiq iclasların keçirildiyi və hazırlıq işləri ilə bağlı prosesin lazımi səviyyədə getdiyi barədə məlumat verib.

Səfər zamanı, həmçinin Ümumdünya İrs Mərkəzinin müvafiq nümayəndələri ilə ev sahibi ölkə olan Azərbaycan tərəfindən Əməliyyat qrupu arasında görüş keçirilib. Əməliyyat qrupunun rəhbəri Vasif Eyvazzadə 43-cü sessiyanın təşkilatçılığına cəlb edilmiş şirkətlərlə birgə sessiya və onun çərçivəsində təşkil ediləcək 35-ə yaxın tədbirin, Gənc Peşəkarlar Forumu və Abidə Menecerləri Forumuna hazırlığın vəziyyəti və texniki tələblərin icrası barədə informasiya verib.




                 

Digər