Şəbnəm Tapdıq adının patentləşdirilməsi üçün müraciət edib - Fotolar

Şəbnəm Tapdıq adının patentləşdirilməsi üçün müraciət edib - Fotolar
6206 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Şəbnəm Tapdıq adının əmtəə nişanı kimi qeydiyyata alınması ilə bağlı Əqli Mülkiyyət Agentliyinə müraciət edib. Əvvəlcə Ş.Tapdığın adını patentləşdirdiyi iddia edilib.

Axşam.az xəbər verir ki, bu barədə fotolar sosial şəbəkədə yayılıb.

Lakin Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli “Report”a açıqlamasında deyib ki, sosial şəbəkələrdə yayılan sənəd Ş.Tapdığın müraciəti əsasında alınan bildirişin görüntüsüdür.

“İlyas Tapdıq 1965-ci ildə yazdığı və “Şəbnəm, Gültən, Qəlbinur” adlarının yer aldığı əsəri ilə bağlı 2016-cı ildə Müəllif Hüquqları Agentliyinə qeydiyyat üçün müraciət edib və 9291 nömrəli əsərin qeydiyyatı haqqında şəhadətnamə alıb. Amma şəhadətnamə həmin adların üzərində müstəsna hüquqların tanınmasına görə verilməyib. Bu şəhadətnamə əsərin üzərindəki müstəsna hüquqların tanınmasına görə verilib. Yəni, həmin sənəd adlara görə deyil, sırf əsərin müəlliflik hüququnun qorunması ilə bağlıdır. İlyas Tapdıq həmin adları deyil, məzmununa o adların da daxil olduğu əsərini qeydiyyatdan keçirib. 2015-ci ildə Şəbnəm İlyas qızı Tapdıqova “Bilmədiyim musiqi” əsərini, “Nənələrin dilindən” şeirini, 2016-cı ildə isə “Mənim idealım” şeirini Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirib və müvafiq olaraq şəhadətnəmələr alıb. O, burada özünü hüquq sahibi kimi adını Şəbnəm İlyas qızı Tapdıqova, təxəllüsünü isə “İlk Şəbnəm” kimi təqdim edib. Bununla yanaşı, Şəbnəm Tapdıqova 2019-cu ilin iyunu 11-də “İlk Şəbnəm” adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertiza Mərkəzinə müraciət edib. Sosial şəbəkələrdə görüntüsü yayılan sənəd onun müraciəti əsasında alınan bildirişdir. O, sadəcə olaraq, “İlk Şəbnəm” adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün müraciət edib”.

E.Məmmədli bildirib ki, hazırda Ş.Tapdığın müraciətinə baxılır:

“Ekspertizadan sonra əmtəə nişanı kimi qeydiyyata alınıb-alınmayacağı məlum olacaq”.

Agentliyin sözçüsü vurğulayıb ki, müğənninin adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün etdiyi müraciət şəxsi insan adlarına aid deyil:

“Mövcud qanunvericiliyə əsasən, şəxsi adlar müəllif hüququ ilə qoruna bilməz. İnsan adları ilə bağlı belə qayda yoxdur. Bu, birmənalıdır. Şəbnəm sözü farsmənşəlidir və bir çox ölkələrdə bu addan Şəbnəm İlyas qızı Tapdıqovanın doğum tarixindən əvvəllər də istifadə olunub. 1957-ci il təvəllüdlü Şəbnəm Haşimi Hindistanın sosial fəallarından biri olub. “Şəbnəm” sözü görkəmli dramaturq Cəfər Cabbarlının “Mənsur və Sitarə” hekayəsində də yer alıb”.

Milli Televiziya və Radio Şurası da (MTRŞ) Əməkdar artist Şəbnəm Tapdığın Nuşirəvan Məhərrəmliyə müraciəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

MTRŞ-ın Aparat rəhbəri Asəf Hacıyev deyib ki, Ş.Tapdığın qaldırdığı bu iddia, həqiqətən, əsassızdır:

“O, adının patentləşdirilməsi ilə bağlı iddia qaldırırdı. Amma biz araşdırdıq və məlum oldu ki, onun adı yox, atasının əsəri patentləşdirilməlidir. Həmin əsərdə də Şəbnəm adı qeyd olunub. Bu, o demək deyil ki, onun adı da patentləşdirilib. Sadəcə olaraq, əsər patentləşdirilib. Burada hər hansı bir qadağadan da söhbət gedə bilməz, hamısı yalan məlumatlardır”.

Qeyd edək ki, Ş.Tapdıq bu adı daşıyan həmkarlarının eyni isimdən yararlanmaqla konsertlər verməsinə etiraz olaraq MTRŞ sədrinə ərizə ünvanlayıb. O, eyniadlı ifaçılardan televiziya və radiolarda özlərini səhnə təxəllüsü ilə reklam etməyi istəyib.