"Atamı bu il - 37 yaşında itirdim... Qəribə hiss yaşayıram. Atamı itirən kimi, içimdə bir ata tapmışam. Hiss edirəm ki, haradansa mənə dəstəkdir, bəlkə də qoruyur. Kişinin sağlığında bu qədər vacib, doğma və gərəkli olduğunu anlamırdım...".

Axşam.az xəbər verir ki, bu sözləri bəstəkar və müğənni Murad Arif sosial media hesabında bir neçə ay öncə dünyasını dəyişən atası Arif haqda yazıb.

O söyləyib ki, atasının 45 yaşı olanda dünyaya gəlib:

"İnsan heç əlindəkiləri haqqıyla dərk edərmi? Onunla həmişə aramızda pərdə olub. Mən doğulanda atamın 45 yaşı vardı.. Məktəbə gedəndə 52... Sinif yoldaşlarım "За тобой дедушка пришел" (Arxanca baban gəlib) deyərdi... Yeniyetməliyimdə 60-dan çox, evlənəndə 75 yaşı var idi. Heç vaxt "orta statistik" atalardan ola bilmədi. Daha çox baba idi. Yaş fərqi, əslində dəyərlər, dövr, fiziki imkanlar arasındakı uçurumdur. Böyük yaş fərqi də, böyük uçurum...

Amma, atam rəhmətə gedəndən sonra o uçurum "dayandı". O an atam qocalmağı tərgitdi... Məncə, ildən ilə o uçurum azaldıqca, biz mənən, heç vaxt olmadığımız kimi yaxın olacayıq. Dünyadan köçəli bir neçə aydır. İnsan naqisliyini , həyat çoxüzlüyünü, zaman etibarsızlığını, dünya faniliyini onun illərinin təcrübəsiylə dəyərləndirməyə başlamışam.

Düz deyirlər, valideyn yaşadıqca uşaq qalırsanmış... Bəlkə də bu sitəmimdə bir riyakarlıq da ola bilər. Sağlığında hər gün yanında ola bilirdimmi heç? İndi sağ olsaydı, dəyişəcəkdimmi? Axı, biz insanlar əlimizdə olanı "olmalıymış kimi" qəbul edənik. Deməli, itirincə tapmaq da varmış. İtirəndən sonra anladım".

Qeyd edək ki, müğənninin atası cari ilin aprelində dünyasını dəyişib.



                 

Digər