Ötən gündən sosial şəbəkələrdə 336 balla Azərbaycan Dillər Universitetinin Tərcümə (rus-fransız) fakültəsinə qəbul olan Orxan Bağızadə müzakirə edilir.

Axşam.az xəbər verir ki, buna səbəb isə atasının Orxanın attestatını gizlədib, onun qəbul prosesinə mane olmaq istəməsidir.

Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edən Orxana Təhsil Nazirliyi yeni attestat düzəltdirib.

Həmçinin, sosial şəbəkədə ona xeyli dəstək mesajları yağıb.

Orxan illiyi 1000 manat olan təhsil haqqını işləyərək ödəyəcəyini deyib. Lakin ona dəstək alanlar içərisində yer alan aktrisa Mehin Hümbətova bu barədə paylaşım edərək, təhsil haqqını özünün ödəyəcəyini söyləyib:

“Bu hadisənin yaşandığına görə, çox təəssüf edirəm. Belə valideynlərə ayıb olsun! Övladının gələcəyi ilə oynayan, seçiminə qarışan insan valideyn adına ləkədir! Onun təhsil haqqını öz üzərimə götürərəm!”.

Qeyd edək ki, ötən gündən Orxana maddi dəstək olmaq istəyən xeyli sayda insan olsa da, o, bu gün “Qafqazinfo”ya açıqlamasında bununla bağlı fikirlərini belə ifadə edib:

“400 manata yaxın maaş alıram. Hesabladım ki, ödənişimi 12 aya böləndə hər aya 85-86 manat edir. Hər ay kənara pul atsam, rahatlıqla ödəyə biləcəm. Bəli, zənglər çoxdur. Hər kəsə dəstəyi üçün minnətdaram. Ancaq mən özüm işləyirəm və anladım ki, həqiqətən insan əziyyət çəkib bir şeyi çətinliklə əldə edəndə daha da həvəslənir. Amma indi hər şeyimi biri ödəsə, həvəsim də tez öləcək”.



                 

Digər