Taciri polisə verdilər - “Xəstə it satıb”

Taciri polisə verdilər - “Xəstə it satıb”
5835 dəfə oxunub
  • A-
  • A
  • A+

Nərimanov rayon sakini Günay Babayeva müğənni Tacir Şahmalıoğlunu dələduzluqda günahlandırır.

Axşam.az-a müraciət edən G.Babayeva bildirir ki, iyunun 28-də onlardan 200 dollar ödəməklə it alıb. Lakin həmin itdə virusun olması barədə xəbərdarlıq almayıb:

“6 iyunda həmin itin 2 aylığı tamam olduğu üçün peyvənd vurulmalı idi, amma 28 iyun olmasına baxmayaraq, yerinə yetirilməmişdi. Mənə satanda isə bu barədə xəbərdarlıq etdilər. Dedim ki, indiyədək nə yaxşı peyvənd vurdurmamısınız? Tacirin oğlu Şahmalı dedi ki, biz o qədər də itə baxan deyilik, balası oldu, neçəsi öldü, başımız qarışdı. İti bağıma kimi gətirdilər, inandım ki, nə yaxşı adamdılar. Özüm it saxlayanam, onlara çox gözəl baxıram. Sən demə, o itdə çox təhlükəli virus var imiş, mənim itlərimə də keçə bilərdi. 28 iyunda aldığım it iyulun 5-də öldü. İt gələndən iki gün sonra gördüm ki, halsızdır, hərəkət etmir. Şahmalıya deyəndə söylədi ki, adaptasiya məsələsidir. 1-2 günə düzələcək. Daha sonra Şahmalı etiraf etdi ki, onların da itləri xəstəlikdən ölüb. Mən iti həkimə aparanda, onlar da dedi ki, bu it virusludur.

Sonra Tacir bəylə danışdım. Dedim ki, sizin 200 dollara ehtiyacınız varsa, o pula göz yumum. Siz mənə xəstə it satmısınız, bunu özünüzə necə yaraşdırırsınız? Söylədi ki, iki günə görüşək, pulu qaytarım. İki gün oldu iki ay, zəng vururam götürmür, oğlu da məni bloka atıb. ATV-yə müraciət etmək istədim. Sonra vaz keçdim. Onun segahlarına qulaq asırdım, deyirdim nə gözəl oxuyur. Boynuna alır ki, itlər viruslu idi, bizimkilər də ölüb, neyləmək olar? Sonra Xəzər Rayon Polis İdarəsinə müraciət etdim, onlar da dedi ki, məhkəməyə ver. O qədər benzin xərclədim, ora-bura ayaq döydüm, artıq 300 dollarlıq benzin xərcləmişəm. Pulumu qaytarmağını istəyirəm”.

Məsələ ilə bağlı müğənninin oğlu Şahmalı ilə əlaqə saxladıq. O isə G.Babayevanın fikirlərini təkzib etdi:

“Günay xanım özü mənə zəng edib, iti almaq istədiyini söyləyib. Mən də xanım olduğu üçün nəzakət xətrinə iti onun evinə apardım. Apardım, dedim ki, içindən birini seçin. Alverçi deyiləm, it barədə çox anlayışım yoxdur. Sadəcə balalamışdı, bir neçəsini dostlarıma hədiyyə verdim. Günay Abbasova da xahiş etdiyi üçün iti ona satdım. Alandan iki həftə sonra isə itin xəstə olduğunu deyib. Mən də ona dedim ki, iti sizə sağlam vermişdim. Alarkən həkim yoxlanışı etməli idi, etməyib. Məndəki itlər sağlamdır, buna sübutum da var”.