Nazir Özbəkistanda “Minor” məscidində - Fotolar

Nazir Özbəkistanda “Minor” məscidində -  Fotolar
3456 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət naziri Əbülfəs Qarayev Özbəkistana səfəri çərçivəsində Daşkənd şəhərində yenicə fəaliyyətə başlamış Daşkənd Prezident Məktəbini ziyarət edib.

Axşam.az xəbər verir ki, məktəb Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyayevin təşəbbüsü ilə təsis olunub. Təhsil ocağı xüsusi metodlar və ən müasir innovasiyalarla təchiz edilib. Həmçinin, məktəbdə mədəniyyətin müxtəlif sahələrinə dair dərnəklər, kurslar fəaliyyət göstərir. 

Məktəbin fəaliyyəti ilə tanış olan Əbülfəs Qarayevi Özbəkistan Respublikasının Xalq Təhsil naziri Şirzod Şermatov müşayiət edib.

Görüş zamanı mədəniyyətin müxtəlif sahələrinə aid çoxsaylı Azərbaycan kitablarının, musiqi alətlərinin, eləcə də Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin nəşri ilə özbək dilində hazırlanmış kitabların Daşkənd Prezident Məktəbinə hədiyyə olunmasının vacibliyi vurğulanıb. İki ölkə arasında mədəni əlaqələrin inkişafı məsələləri müzakirə olunub.

Əbülfəs Qarayev səfər çərçivəsində Daşkənd şəhərində yenicə istifadəyə verilmiş “Minor” məscid kompleksini də ziyarət edib.

Əbülfəs Qarayevi Özbəkistan Respublikasının Xalq Təhsil naziri Şirzod Şermatov və məscidin imamı müşayiət edib. Məscidi ziyarət edən nazir Azərbaycanın təşəbbüsü ilə keçirilən Mədəniyyətlərarası Dialoq Forumundan və dövlətimizin həmin foruma verdiyi töhfələrdən danışıb.

Qeyd edək ki, sözügedən səfər Əbülfəs Qarayevin Özbəkistanın Kokand şəhərində keçiriləcək Beynəlxalq Xalq Tətbiqi Sənəti Festivalında iştirakı məqsədi ilə həyata keçirilir. Tədbirdə Azərbaycandan da çoxsaylı sənətkarların iştirakı da nəzərdə tutulub.