“Fədayənin həbs edilməsində günahkar mənəm” - Video

“Fədayənin həbs edilməsində günahkar mənəm” - Video
25148 dəfə oxunub
  • A-
  • A
  • A+

Fədayə Laçının həbsindən sonra o, mediada görünməməyə başladı. Dəfələrlə zəng edib, müsahibə üçün razı salmağa çalışırdıq. Hər dəfə "Gələn həftə" deyərək, vaxtı uzadırdı. Bu dəfə isə necə deyərlər, əlimizdən qaça bilmədi.

Uzun müddət susqunluqdan sonra ilk müsahibəsini Axşam.az-a verən tanınmış müğənni İlahə Fəda söhbət zamanı həbsxanada olan bacısı Fədayə Laçından, şəxsi həyatından və hazırkı durumundan danışdı:

- İnsanlar İlahə Fədanı müğənni kimi Fədayə Laçına görə tanımayıb. Amma İlahə Fəda Fədayə Laçına görə səhnədən getdi...

-  Fədayədən əvvəl mən getmişdim, bacım hər gün efirlərdə, konsertlərdə, məclislərdə idi. Bir az uzaqlaşmışdım. Son vaxtlar isə belə təəssürat yaranıb ki, səhnədən bacımla birlikdə getdim. Fədayənin vəziyyəti hamıya bəllidir, oxuya bilmir. Mənim isə əlim-qolum açılmır. Heç vaxt sənətdən getməmişəm. Əvvəllər də efirlərdə görünmürdüm, amma xaricdə konsertlər verirdim. Reklam etmirdim deyə, insanlar mənim getdiyimi düşünürdü. İndi gördüyün işləri reklam edirsən ki, toy tutasan. Mən isə toya getmirdim deyə, reklama ehtiyac görmürdüm.

- Bəlkə sizi qınaqlar qorxudur?

- Nədənsə qorxan insan deyiləm. Sadəcə, oxumaq əhvalında deyiləm, ürəyim açılmır.

- Bəs darıxmırsız? Heç evdə də zümzümə etmirsiz?

- Niyə darıxmıram... Adamın lap ciyəri də sökülür. İnanın ki, heç evdə də zümzümə etmirəm. Ancaq ürəyimdə oxuyuram. Hələ vaxtı deyil... Qismətə inanan insanam. Hər şeyin öz vaxtı olduğuna inanıram. Yəqin bir gün ürəyimin səsi ilə oxuyacam.

"DEYİR Kİ, MƏNİ SUSDURUBLAR..."

- Yəqin sizi tez-tez verilişlərə dəvət edirlər...

- Bütün kanallardan zənglər gəlir. Saytların əməkdaşları yığırlar. Amma hələ istəmirəm. Fədayə də məni danlayır, yalvarır ki, çıx oxu. Deyir, "Bacı, məni susdurublar, səsimi kəsiblər. Heç olmasa, sən oxu. Hər dəfə verilişlər başlayanda gözüm qalır ki, indi bacım çıxacaq efirə".

- Söhbət zamanı dediniz ki, yeni mahnı hazırlayırsınız...

- Gövhər Həsənzadə gözəl mahnı yazıb. Onu hazırlayacam. Möhtəşəm bir mahnıdır. "Mən səni sevdim" adlanır... Cavanşir Quliyevdən də "Min bir gecə" adlı mahnı oxumuşam.

"BACIM HƏBS OLUNANDAN SONRA BƏZİ İNSANLAR BİZDƏN QORXDU"

- Səhnədən uzaqlaşdınız, bəs, toy məclislərindən? Şou proqramlar, konsertlər, dəvətlər olur?

- Məni çaşdıran mövzudur. Əvvəldən toy məclisinə çox qatılan adam olmamışam. Repertuarımda yüngül mahnılara yol verməmişəm. Amma məclisə, toya məni istəyən olanda, dostlarımın dəvətini qəbul edirdim. Son vaxtlar dəvət etmirlər. Bəzi insanlar bacım həbs olunandan sonra bizdən qorxdular. İllərlə məni məclisinin başına keçirənlər, rayona gedəndə ayağımızın altında qurban kəsənlər bizdən uzaqlaşdı. Qorxdular ki, onları da həbs edəcəklər. Savadsızlıqdan, etibarsızlıqdan irəli gəlir. Fədayənin bacısıyam, bir dəfə məni istintaqa çağırmadılar. Sən mənim ailə dostumsan, zəng vurub halımı soruşsan, həbs olunacaqsan? Bir çox insanda qorxu yarandı. Yaxşı oldu, maskalar düşdü.

Hətta bir dəfə şou-proqrama çağrılmışdım. Sevindim ki, həm pul qazanacam, həm də yaşadığım şokdan sonra əhvalım açılar. Cənub bölgəsində idi, siyahını məkanın sahibinə göstəriblər. Siyahıda adımı görəndə, qayıdıb ki, kriminal adamlar bizə lazım deyil. Mən hara, kriminal aləm hara? Nə vaxt kiminsə toyuğuna daş atmışam? Heç yadınıza düşür hansısa bir sənət adamı ilə sözüm çəpləşsin? Toylarda dava salmamışam...

- Müğənnilərin gəliri toydan, şou-proqramdandır. Bəs, indi necə dolanırsınız?

- Pul söhbətlərindən xoşum gəlmir. Özümün balaca biznesim var. Cüzi gəlirim olur. Əvvəl böyük biznesim var idi, əlimdə saxlaya bilmədim. Bir də sağ olsun, sənət adamları, dəstək oldular. Heç kimin haqqını yemək olmaz. Ən birinci Manaf Ağayev çatdırdı özünü. Röya, Ədalət Şükürov, Nadir Qafarzadə, gənc ifaçılar, Tolik bizə kömək etdi. İndi də yada salanlar var. Kooperasiya Universitetini bitirmişəm, orada qrup yoldaşım var idi. Kanadada yaşayır, məni axtarıb tapıb. O da mənə dəstək oldu.

Bir sənət adamı var, kişidir. Adını çəkməyəcəm, istəmirəm hörmətdən düşsün. Ona zəng etdim, məni xəyal qırıqlığına uğratdı. Heç gözləmirdim. Fədayə həmin adamın fanatı idi. Ona qulaq asa-asa sənəti sevmişdi.

Fədayənin himayəsində idi ailəm. Mən müflis olmuşdum. Ailə təkcə məndən ibarət deyildi. Fədayə də elə olandan sonra, çox ağır günlər keçirdik. Hələ də davam edir, buna da şükür. Bu da bir dərsdir. 

Fədayə çox əliaçıq idi. Qazandığını dağıdırdı. Deyirdim, Fədayə, bu adamın haqqı bu qədərdi. Pul verirsən, üstünə az əlavə et, ikiqat yox. Etmirdi.

"FƏDAYƏNİN TƏK İSTƏYİ AZADLIĞA ÇIXMAQ VƏ OXUMAQDIR"

- Bilirik ki, bütün ailə üzvləriniz bir evə yığışıb...

- Fədayənin evinə köçdüm. Anam, bacılarım və Fədayənin oğlu Əlhəm bir yerdə qalırıq. Çətin günlərdə ailə birləşməlidir.

- Fədayə Laçınla görüşürsünüz?

- Hər həftənin şənbə günü görüş günüdür. Həftədə iki dəfə zəng edir. Əgər maddi imkanımız yol verirsə, gedib onu görürük. Gedə bilməyəndə isə telefonla danışırıq. Fədayənin tək istəyi azadlığa çıxmaq və oxumaqdır. Mənim bacım sənətkardır. Bunu onun bacısı olduğum üçün yox, bir musiqiçi kimi deyirəm. Orada oxuyur... Deyir, bacı, burada nə qədər dərdli insan var. Oxuyuram, birinin təzyiqi düşür, birinin şəkəri qalxır. Bacım şeirlər də yazır.

- Sənət dostlarından kimlər Fədayə Laçını həbsxanada ziyarət edib?

- Ailə üzvlərindən başqa insanların görüşməsinə icazə yoxdur. Getmək istəyənlər çoxdur, qanun buna icazə vermir. Bu yaxınlarda şəkli yayılmışdı. Bacım qəşəng idi, indi də lap gözəlləşib. Hərəkətsizlikdən kökəlib.

"BACIM ÖZ AYAĞI İLƏ HƏBS OLUNMAĞA GETDİ"

- Bir az hadisələrin əvvəlinə qayıdaq... Fədayə Laçının həbsi necə oldu?

- İnsanlarda bir fikir yarandı: Fədayə qanundan qaçıb. Fədayəni həbs etməzdən əvvəl iki dəfə çağırıb, dindiriblər. Üçüncü dəfə dindirilməyə çağrılanda həbs edilib. Bacım heç vaxt polisdən yayınmayıb, öz ayağı ilə gedib ora. İnanmayıb ki, həbs olunar. Düşünməyib ki, bir cinayət törədib. Ona görə də bizdən gizlədib ki, narahat olmayaq. Fədayənin həbs olunmasını mediadan öyrəndim. Mənə jurnalistlər zəng edəndə bildim. Şok oldum...

- Həbsxanaya düşəndən sonra yəqin bir müddət görüşmədiniz. İlk görüşəndə ona nə sual verdiniz?

- Bir müddət görüşə icazə yox idi. Heç bir sual vermədim, susdum və qucaqlaşıb ağlaşdıq. Nə edim? Durub, onu danlayacam? Biz dörd bacı, bir ana və dörd oğul nəvəsindən ibarət ailəyik. Birimizin başı ağrısa, hamımız onun yanına yığışırıq. Fədayənin də doğruları və yanlışları ilə arxasındayıq. Danlamaq yox, amma təəssüflərimi bildirirəm.

- Məhkəmələrə gedirdiz?

- Bacım istəmirdi, getmirdim. Bir dəfə getdim, qapalı keçirildiyi üçün içəri buraxmadılar. Həm də çəkinirdim... Emosional insanam, çəkinirdim ki, kiminsə qəlbinə dəyəcək söz deyərəm.

"ELƏ DƏHŞƏTLİ TALELƏR VAR..."

- Həbsxana həyatından nə danışır? Ona qarşı münasibət necədir?

- Hər zaman otaq yoldaşlarından danışır. Ona qarşı münasibət yaxşıdır. Təəccüb içindədir, hələ də ona çatmır ki, oradadır. Hərdən söhbət edir ki, bacı, burada elə dəhşətli talelər var... Halımıza şükür edək. Fədayə ilə aramıza həsrət girmir.

- Fədayə Laçının həbsindən sonra efirə çıxıb ondan danışanlar da oldu...

- Kimlərsə gündəmə gəldi. Əsəbiləşirdim, sonra cılızlığını gördüm. Nə qədər zəif, mənəviyyatdan uzaq biri imiş...

"BEYNİMİ, NƏFƏSİMİ HƏMİN AŞAĞISƏVİYYƏLİ ADAMA SƏRF ETMƏK İSTƏMİRƏM"

- Deyəsən, ən çox da duet ortağı Tacir Şahmalıoğlu sizi qıcıqlandırdı. Onun "Fədayə Laçının müəllimi olmuşam" sözləri sizi əsəbiləşdirmişdi...

- Boynuna alıb da müəllimliyini... Yaxşı müəllim olub ki, Fədayə indi həbsdədir. O, məxluq haqda son sözüm budur. Onun haqqında danışmaq istəmirəm. Onun üçün mənim onun haqqında danışmağım çox olar. Beynimi, nəfəsimi, sözlərimi həmin aşağısəviyyəli adama sərf etmək istəmirəm. Mənim həmin insana münasibətim Fədayə həbs olunandan sonra dəyişməyib. Əvvəldən ona qarşı düşüncəm belə olub.

- Fədayə Laçın həbs olunandan sonra onun "Qoca" ləqəbli Etibar Məmmədovla sevgili olduğu ortaya çıxdı...

- Sevgi mövzusunda danışmayacam. Kimi buna sevgi, kimi dostluq deyir. Ən yaxşısını Fədayə bilir. Bacılarımız arasında bir pərdə var. Onun efirə çıxmağını görür, telefonla halını soruşurdum. Amma onun özəl həyatından xəbərsiz idim.

"BU SEVGİDƏN XƏBƏRİM OLMAYIB..."

- Həmin şəxslə münasibətindən xəbəriniz olmayıb?

- Yox. Heç Fədayə ilə də həmin adam haqqında danışmamışam, heç danışmayacam da.

- Olsa nə edərdiniz?

- İmkan verməzdim, qarşısını alardım.

- Sevginin qarşısını necə almaq olar ki?

- Olar, bir müddət əziyyət çəkəcəkdi, amma keçəcəkdi. Ən azından işlər cığırından bu qədər çıxmayacaqdı. Bir işə əl qoydumsa, edərəm.

- Bir qrup sənət adamı Fədayə Laçının azad edilməsi ilə bağlı müraciət ünvanladı. Bəs, siz özünüz aidiyyəti qurumlara müraciət etmisiniz?

- Mən də, anam da etmişik. Ölkə prezidenti İlham Əliyevə, birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlamışıq. İnşallah, tezliklə bizi sevindirən xəbər olar.

- Bir neçə gün əvvəl də tanınmış telejurnalist, REAL TV-nin rəhbəri Mirşahin Ağayev Fədayə Laçınla bağlı müraciət etdi.

- Gözlənilməz oldu. Mirşahinə təşəkkürümü bildirdim, ləzzət elədi. Dərin mənası olan sözlər dedi. Sağ olsun.

- Bunu edəcəyindən xəbəriniz var idi? Ümumiyyətlə, münasibətiniz var?

- İndi deyəcəm şok olacaqsınız. ANS yeni açılanda bir yarışma efirə gedirdi. İlk telelayihə idi. Kamran Həsənli aparıcılıq edirdi, bacım da müğənni kimi qatılmışdı. Sonra Kamran yarışmadan çıxdı. Bacım da yarışmadan getdi ki, Kamrana haqsızlıq edildi, mən qalmıram. Mənim bacım mərd qızdır. Həmin vaxtdan ANS-lə münasibətləri pozulmuşdu. Verilişi yarımçıq qoyub getdiyinə görə Fədayəyə qarşı bir soyuqluq yaranmışdı. Mirşahin bəy buna baxmayaraq, belə bir addım atdı...

"DEYİRƏM, FƏDAYƏ, OXU QULAQLARIM SEVİNSİN"

- Mirşahin Ağayevdən sonra sənət adamları arasında Fədayə Laçınla bağlı bir kampaniya başladı. Həmçinin müğənni Rəqsanə İsmayılova həmkarlarını tənqid etdi ki, Fədayə Mirşahindən sonra yadımıza düşdü.

- Heç bir sənət adamından şikayətim yoxdur. Rəqsanənin anası da bizə gəlib, baş çəkib. Edənlər də sağ olsun, etməyənlər də. Etməyənlərə nə deyim? Bir dəfə verilişə çıxdım, yazdılar ki, bacısı ilə özünü reklam edir. Düzdür, belə sözlər mənim üçün önəmli deyildi. Amma mən belə şeylərlə gündəm olmaq istəmirəm.

"DEYİR, BACI, ÜRƏYİNİ SIXMA, BÜLBÜL QƏFƏSDƏ OLAR"

- Fədayə Laçının səsini son dəfə nə vaxt eşitmisiniz?

- Hər gün kədərlənən kimi onun ifalarına qulaq asıram. Bir də görüşə gedəndə oxutdururam. Deyirəm, Fədayə, oxu, qulaqlarım sevinsin. Fədayə oxuyur, dayanmır. Hərdən mənə təsəlli verir, zarafatla deyir ki, bacı, ürəyinə salma, bülbül qəfəsdə olar. Deyir ki, inanıram, prezidentim məni bağışlayacaq. Məhkəmədə də bu sözü deyib. Çox ümidlidir. Fədayə zəif qız deyil, depressiyaya da düşmədi. Sadəcə, şokda idik. Depressiya zəif insanlar üçündür.

- Ən çox çöldən nə gətirməyinizi istəyir?

- İstəklərinə görə onu qınamaq olmaz. Bəzi ehtiyaclar var ki, aparmalıyıq. İstəmirik orada əziyyət çəksin. Fədayə artıq həyatı anladı. İndiyənə kimi gözünü yumub yaşayırdı. İki ildir papağını qoyub qabağına düşünüb. Səhvlərini də, doğrularını da bilir. Peşmançılıqlar çəkir, deyir, gör, kimlərə nələr etmişəm. Tək Fədayədə yox, özümdə də çox şey dəyişdi. İnsanları tanıdım. Gözlədiklərim necə davrandı, gözləmədiklərim nələr etdi. Adamlar var ki, anam onların qarşısında yemək, çay qoyub. Fədayə səhv edib, bəs onun anasının halın soruşmaq olmazdı?

"FƏDAYƏNİN HƏBS EDİLMƏSİNDƏ GÜNAHKAR MƏNƏM"

- Oturub fikirləşirsiz ki, bacım azadlığa çıxandan sonra elə edəcəm, belə edəcəm...

- Planla yaşayan insan deyiləm. Amma bacım azadlığa çıxandan sonra daha çox yanında olacam. Onun həbs olunmağında mən günahkar idim. Gərək ondan uzaqlaşmazdım, yanımda olardı. Ən azından proseslərdən məlumatlı olardım. Böyük bacı kimi ondan uzaqlaşmamalıydım.

- Maraqlıdır ki, həbs edilməzdən əvvəl Fədayə Laçın gündəmdə idi. Hər gün efirlər, dəvətlər...

- Bacım gözə gəldi (gülür). Yetim əlində qoğal çox görünür axı. Fədayə getdiyi məclislərdən çox qonorar almırdı. Çox az bir məbləğə gedirdi.

"FƏDAYƏ BACILARI SEVMƏYİ BACARIR"

- İlahə Fədanın da başından bir sevgi hekayəsi keçib...

- Sevməyi bacarmaq lazımdır. Mən sevə bilirəm, sevəndə təmənnasız kölə oluram. Sevdiyimdən çox da sevildim. Gənc yaşında onu itirəndən sonra ağır günlər yaşadım. Qəti ailə qurmaq istəmədim. Ailə, sevgi kitabı mənimçün bağlandı.

- Fədayə bacıları sevgi fədayisi oldu?

- Yox, sadəcə, Fədayə bacıları sevməyi bacarır.

"HƏR GÜN ANAMIN ÜSTÜNƏ TƏCİLİ YARDIM GƏLİRDİ"

- Ananız necədir?

- Anam - yaxşı desəm yalan olar. Pis də deyə bilmirəm. Necə təsəvvür edirsizsə, o durumdadır. Anamdan bir az narazılığım var. Əvvəldən xoşbəxt qadın olmayıb. Atam bizi atıb gedib, anam əziyyət çəkib. Adam əziyyət çəkdikcə bərkiyir. Amma anamda bu xasiyyət yoxdur. Deyirəm ki, ana, belə etmə. Hər gün üstünə təcili yardım gəlirdi, iynələr vurulurdu. Əməlli başlı əlimi üzmüşdüm, qadın ölürdü. Evdə matəm ab-havası yaranmışdı. Dedim ki, ana, ixtiyarın yoxdur, bizim böyüyümüzsən, sən beləsənsə, biz nə edək? Ondan sonra bir az özünə gəldi. Əvvəl nəyisə bir dəfə fikirləşirdiksə, indi addım atanda iki dəfə düşünürük. Bir az diqqətli olmağa səy göstəririk.

- Fədayə Laçının oğlu Ələm də anası ilə efirlərə çıxır, qəzəllər deyirdi. İndi o da uzaqlaşıb hər kəsdən...

- O da anasının azad olacağı günü səbirsizliklə gözləyir. Hamı bilir ki, Fədayə dörd divar arasındadır. Amma bilin ki, biz 9 ailə üzvü də həbsxanadayıq. Fədayə azad olanda, biz də azad olacağıq.
Ələmin 25 yaşı var, şeirlər yazır. Müxtəlif qəzetlərdə dərc olunur. Sonuncu dəfə "525-ci qəzet"də, “Ədalət”də çap olunmuşdu. 

- Yəqin sosial şəbəkələri də izləyirsiz. Fədayə Laçınla bağlı paylaşımları oxuyursuz?

- Nə İnstaqramda, nə də Feysbukda varam. Amma Fədayə haqda nəsə paylaşılanda, girib oxuyuram. Yazılan rəylər ləzzət edir. 98 faiz insan Fədayə haqda gözəl sözlər yazırlar. Arada bir-iki faiz mənfi yazan olur, bu da normaldır.

- Son vaxtlar sənət aləmində baş verənlər çox tənqid olunur. Yəqin siz də efirləri izləyirsiniz...

- Peşəkar musiqiçiyəm, konservatoriya bitirmişəm. Baxıram, alt-üst oluram. Qınayıram bunları. Amma sonra deyirəm ki, bu gənc qızlar oxuya bilməsələr də, nəsə əmələ gətirirlər. Həm səhnəyə yaraşırlar, həm də qoy, oxusunlar. Amma sənətlə işləri olmasın. Onlar sənətlə məşğul deyil. Bunlar sənət təqdim edirsə, Sevda Ələkbərzadə nə edir? Oxuyub, pullarını qazansınlar. Bir işi görəndə onun haqqını verməlisən.

"AFƏT NƏSİMİNİN BƏLASI OLDU"

- Küçəyə çıxanda sizi tanıyırlar?

- İki həftə əvvəl tərəvəz alırdım. Bir xanım tanıdı, qucaqlayıb ağlayırdı. Hamı təəccübləndi. Harasa gedirəm, insanlar tanıyırlar. Bilmirəm, niyə unutmayıblar. Elə müğənni var ki, 2 ay efirə çıxmayanda, unudulur. Amma xalq unutmur məni. Dəstək olurlar. Biz də xalqı aldatmamışıq, ciblərinə girməmişik, hər zaman səviyyəli musiqi təqdim etmişik.

- Yəqin yaxın günlərdə yeni mahnılarınızı eşidərik...

- Bu il Nəsimi ilidir. Hamı da Nəsimidən danışır. Qısqanıram... Hətta Afət Fərmanqızı da ondan oxudu. Afət nə deməkdir - bəla, fitnə, fəsad. O da Nəsiminin bəlası oldu. Bir evim var idi, otağın birində divara ancaq Nəsiminin qəzəllərini yazmışdım. Möhtəşəm şairdir. Qəzəllərinə mahnı bəstələmişəm. Sami Yusif oxudu, bəyəndim. O da tam Nəsimi səviyyəsində deyildi, amma maraqlı alınmışdı. Mən də bəstələrimi təqdim edəcəm.

- Heç vaxt İlahə Fəda və Fədayə Laçın bacıları duet oxumadı...

- Həmişə plan qururduq ki, duet oxuyaq, birlikdə səsimiz yazılsın. Amma alınmadı. Fədayə azadlığa çıxandan sonra olacaq. Birlikdə səsimiz yadigar qalsın.

Zəhra ƏHMƏDOVA

Foto/Video: Ramid VAHİDOĞLU