Leyla Əliyeva abadlaşdırılan növbəti həyətin açılışında - Fotolar

Leyla Əliyeva abadlaşdırılan növbəti həyətin açılışında - Fotolar
4227 dəfə oxunub
  • A-
  • A
  • A+

Oktyabrın 10-da IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.

Axşam.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.

Yenilənmiş həyət Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi 7, 8, 9,10, 10A, 10V, 10B ünvanlarında 4 200 nəfər sakinin yaşadığı çoxmərtəbəli yaşayış binalarını əhatə edir.

Eyni zamanda, ərazidə 12 söhbətgah və ahıllar evi inşa edilib, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb, həyətdəki xeyir-şər evi əsaslı təmir olunub və bütün avadanlıqlarla təmin edilib.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ədəd ağac və kollar əkilib və 2 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb.

Suraxanı rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan otuz üçüncü həyətdir.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.