Xumar Qədimova "Neylərəm"ə təqdimat etdi - Fotolar

Xumar Qədimova "Neylərəm"ə təqdimat etdi -  Fotolar
4486 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Xumar Qədimovanın dahi Azərbaycan şairi İmadəddin Nəsiminin "Neylərəm" qəzəlinə həsr olunmuş kompozisiya və klipinin təqdimatı keçirilib.
 
Axşam.az xəbər verir ki, təqdimatda millət vəkilləri, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri və media nümayəndələri iştirak ediblər.

Mətbuata açıqlamasında müğənni layihənin yaranmasından bəhs edib:

"Mənim yaradıcılığımda hər zaman klassiklərin xüsusi yeri olub. Nəsimi də olmazsa olmazdı. "Neylərəm" qəzəli mənim illərdir sevdiyim qəzəl idi. Ümumiyyətlə, Nəsimi ruhu, Nəsimi fəlsəfəsi mənə çox yaxındır. Əslində, Məhəmməd Hüseyn Şəhriyarın "Yar qasidi" şeiri üzərində işləyirdim. Amma bu ilin dövlətimizi, prezidentimiz tərəfindən "Nəsimi İli" elan olunması bizim Nəsimiylə bağlı planlarımizı tezləşdirdi. Və düşünürəm ki, çox möhtəşəm əsər ortaya qoya bildik.

Əsər əslində özü- özünü təqdim etdi. İnternetə yerləşdirən andan böyük marağa səbəb oldu. Bu təqdimatın keçirilməsinə gərək görməsəm də, dəyərli ədəbiyyat adamları, millət vəkilləri belə məsləhət gördülər ki, keçirmək lazımdır. Buna görə hər kəsə təşəkkür edirəm".

 

X.Qədimova Nəsiminin 650 illik yubileyi münasibətiylə həmkarlarının hazırladıqları digər mahnılarla bağlı suala isə belə cavab verib:

"Hər kəs sağ olsun. Amma birmənalı qarşılanmayacağını bilsəm də, deməliyəm ki, "Nəsimi İli"nə möhürü məhz "Neylərəm" layihəsi vurdu".

Təqdimatı giriş sözüylə açan Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, publisist, tədbirin aparıcısı Rəşad Məcid sözlərinə "Neylərəm" qəzəlinin ilk beytiylə başlayıb:

"Bilirsiniz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dahi şair Nəsiminin 650 illik yubileyi münasibətiylə bu ili "Nəsimi İli" elan etdi. Mədəniyyət nümayəndələri, sənətçilər, aidiyyatı qurumlar bu ilə öz töhfələrini veriblər. Tədbirin ideyası millət vəkili Əflatun Amaşovdan gəldi. Digər dəyərli şairlərimiz də bu ideyaya dəstək oldular".

 

Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov təqdim olunan layihəni Nəsiminin yubileyinə ən yaxşı töhfə kimi dəyərləndirib:

"Rəşad Məcid sosial şəbəkədə "Neylərəm" klipini paylaşmışdı. Mən Xumar xanımın yaradıcılığını izləyən biri kimi bu klipi də çox bəyəndim. Məncə, Nəsiminin 650 illik yubileyinə ən yaxşı töhfə məhz bu layihədir. Öyrəndim ki, klipin təqdimatı olmayıb.  Ona görə də təqdimat keçirilməsini təklif etdim. Bu layihə münasibətiylə təbrik edirəm".

Xalq şairi Ramiz Rövşən Xumar Qədimovanın musiqisinin Nəsimi ruhuna doğmalığından bəhs edib:

"Nəsimi Şərqin böyük şairidir. Nəsimi sözün ucalığı, insan ruhunun təntənəsi deməkdir. Xumar xanımın ifasında ruhların vəhdəti var. Musiqi Nəsimi ruhunu ifadə edib. İfa da çox gözəldir".

Xalq şairi Nəriman Həsənzadə insanın bu musiqidən və bu şeirdən doymadığını deyib:

 "Nəsimi tamamilə başqa dünyadır. Təəssüf ki, biz onu istədiyimiz kimi yaya bilməmişik. Bu layihə çox uğurlu layihədir. Çox sağ olun".

 

Əməkdar jurnalist Flora Xəlilzadə Xumar Qədimovanın səsini ruhunun qidası adlandırıb:

 "Bu ifa isə Xumar xanımın yaradıcılığının yeni nəfəsidir. O, burada muğam oxuyur. Və o muğamı o qədər gözəl oxuyur ki, valeh olmamaq mümkün deyil".

Millət vəkili, yazıçı Aqil Abbas Xumar Qədimovanın sənətini sevdiyini deyib:

"Başqa insanlar da Nəsimidən oxudular. Hərə öz başa düşdüyü tərzdə. Xumar xanım isə möhür vurdu".

Daha sonra çıxışçılardan akademik Teymur Kərimli, şair Yusif Nəğməkar, aktyor, bədii-qiraətçi Səfa Mehdi və başqaları layihə münasibətiylə Əməkdar artisti təbrik ediblər.

Sonda çıxış edən müğənni hər kəsə öz təşəkkürünü bildirib.

Foto: Ramin Aslanov