Azərbaycanda da ebru sənəti öyrədiləcək

Azərbaycanda da ebru sənəti öyrədiləcək
1018 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 26-da Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Bakı Yunus Əmrə İnstitutu ilə əməkdaşlığı çərçivəsində Xırdalan şəhər Heydər Əliyev Mərkəzində qədim köklərə malik ebru sənətinin tədrisi məqsədilə “Əl sənətləri texnologiyası - Ebru” tədris metodiki vəsaitin təqdimatı keçirilib.

Axşam.az xəbər verir ki, tədbirdə çıxış edən mərkəzin direktoru A.Usubəliyev metodiki vəsaitlə bağlı məlumat verib. Vurğulayıb ki, sənətkarlıq dərnəklərində unudulmaqda olan sənət növlərinin bərpası, inkişafı və gələcək nəsillərə ötürülməsi istiqamətində işlər aparılır, həmçinin regionlarda fəaliyyət göstərən Mədəniyyət mərkəzlərində ebru sənəti üzrə dərnəklərin açılması nəzərdə tutulur.

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan qeyd edib ki, ənələrimiz davam etdirilməli, ebru kimi qədim sənətlərin bərpası və inkişafı qorunmalıdır. Müasir sənətlər bizim gələcəyimiz olsa da köklərimizi, keçmişimizi unutmamalıyıq.

Sonra Bakı Yunus Əmrə İnstitutunun mədəniyyət işləri üzrə koordinatoru Nuranə Tağıyeva institutun fəaliyyəti haqqında məlumat verib.

Ebru sənətinin ustası, AMEA-nın Əlyazma İnstitutunun əməkdaşı Zaur Orucov bu sənətin tarixindən danışaraq qeyd edib ki, Nizami poeziyasında da ebru sənətindən bəhs olunub.

Çıxış edənlər qeyd ediblər ki, C.Özdəmir və A.Usubəliyevin rəhbərliyi altında nəşr edilən metodiki vəsait ebru sənətinin texnologiyası, üsulları, ebru sənəti üzrə kurs proqramı, modul, məzmun və digər mövzuları əhatə edir və mədəniyyət evlərinin nəzdində yeni dərnəklərin açılmasına səbəb olacaq.

Sonda ebru sənətinə həsr olunmuş sərgiyə baxış keçirilib.