Xalq artisti Emin Ağalarov müğənnilik, bəstəkarlıqla yanaşı ekstremal idman növləri ilə maraqlanır və doğma Bakını ziyarət etməyi sevir.

Axşam.az xəbər verir ki, bu barədə sənətçidən müsahibə alan “Ria Novosti” agentliyi yazır.

O, söhbət zamanı qumdan qalalar düzəltdiyi yerlər, həyat yoldaşı üçün etdiyi sürprizləri və istirahət yerlərini necə seçməsi barədə söz açıb:

“Həftəsonunu və digər tətil günlərimi ölkəmdə zövq alaraq keçirirəm. Ailəmlə sosiallaşmaqdan, dostlarla görüşməkdən və idmanla məşğul olmaqdan zövq alıram. Uşaqlarla birlikdə qumdan qalalar düzəldir, zarafatlaşır, bir sözlə - əylənirik.

Dubayı, Mayamini və əlbəttə böyük uşaqlarımın yaşadığı Bakını çox sevirəm. Çalışıram ki, onları çox görüm. Boş zamanlarımı onlarla keçirirəm. Futbol oynayırıq, gəzirik və maşın sürürük”.

Emin bildirir ki, passiv istirahəti sevmir:

“Mayaminin xüsusi bir atmosferi var. Sahilboyu velosiped sürür, idman edirəm. Hərəkətsiz oturmağa öyrəşməmişəm. Buna görə də aktiv istirahəti sevirəm. Su idmanları, plyaj voleybolu sevdiklərim sırasındadır. Qışda snoubordinq, xizək, qar motosiklı sürməyi xoşlayıram. Bunları həm Moskva, həm də İsveçrədə edirəm. Hansı ki, həyat yoldaşım Alyona ilə bir neçə dəfə getmişik.

Yay və payızda əsasən, Monako, İtaliya və Fransaya gedirik. Passiv istirahət mənə görə deyil. Sadəcə sahildə uzanıb, günəş vannası qəbul etmək sıxıcıdır. Raftinq, dördtəkərli motosiklet – bunlar sevdiyim məşğuliyyətlərdir”.

Xalq artisti həyat yoldaşına sürprizlər etməyi xoşladığını deyir:

“Sonuncu dəfə onu dostlarımızla birlikdə İsveçrəyə dəvət etdim. Planlaşdırılmamış bir görüş idi. Üç günlüyünə səfərə çıxdıq, avtomobillə səyahət etdik, gözəl kafe və restoranlarda yemək yedik, gəzdik. Möhtəşəm idi. Tətildə olanda məni tanıyırlar. Amma bunlar mənə mane olmur. Çünki işimin bir parçasıdır. Ancaq buna rəğmən tətil məkanı seçərkən insanların çox olduğu yerləri seçmirəm.

Uşaq olarkən Bakıda bağ evində çox vaxt keçirirdim. İndi Azərbaycanda “Jara” Beynəlxalq Musiqi Festivalı keçirilir. Ora tez-tez gedirəm. Adətən, faydalı olanı xoş bir işlə birləşdirməyə çalışıram: İstirahətlə yanaşı, bir çox iş problemini bir yerdə aradan çıxarıram. Azərbaycan mətbəxini sevirəm. Bakı kababından və qutabından daha ləzzətli heç nə yeməmişəm. Eyni zamanda Avropa mətbəxini də sevirəm”.

“Çox istirahətə meyilli olduğum üçün tez-tez özümü çətin vəziyyətlərdə tapıram. Bir dəfə dağda dostumun qar maşını qəzaya düşdü. Biz fırlandıq və onun körpücük sümüyü sındı. Bütün qrup əlindən gəldiyi qədər ona kömək etdi və təcili xəstəxanaya çatdırmağa çalışdılar. Şükürlər olsun ki, hər şey yoluna düşdü.

Bir dəfə qar motosikli sürərkən hamımız buzun altına düşdük və bir-birimizi yuxarı dartıb, çıxardıq” deyə, Emin başına gələnlərdən danışıb.



                 

Digər