Əbülfəs Qarayev səfirlərlə görüşüb - Fotolar

Əbülfəs Qarayev səfirlərlə görüşüb -  Fotolar
221 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət naziri Əbülfəs Qarayev Latviya, İordaniya və İndoneziyanın ölkəmizdəki səfirlərini qəbul edib.

Axşam.az xəbər verir ki, Nazir Latviyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dainis Garançs ilə görüşdə mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə həyata keçiriləcək tədbirlərə dair Fəaliyyət Planının işlənib hazırlanmasının vacibliyini vurğulayıb. Əbülfəs Qarayev Latviya ilə yaradıcı mədəniyyət sənayeləri istiqamətində də qarşılıqlı əməkdaşlıqda maraqlı olduğumuzu bildirib.

Səfir Dainis Garançs səmimi qəbula görə nazirə təşəkkürünü bildirib və birgə həyata keçiriləcək layihələrdə əməkdaşlığa hazır olduğunu qeyd edib.

Mədəniyyət naziri Əbülfəs Qarayevin İordaniya Haşimilər Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Ğoşehi ilə görüşündə iki ölkə arasında qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, birgə film festivallarının və sərgilərin təşkili, əməkdaşlığın gələcək perspektivləri, təcrübə mübadiləsi, həmçinin həyata keçiriləcək layihələr ətrafında müzakirələr aparılıb.

 

Nazir ölkələrimiz arasındakı dostluq münasibətlərinin mədəniyyət sahəsində də əməkdaşlığın inkişafına təsir etdiyini diqqətə çatdırıb.

İordaniya səfiri iki ölkə arasında mövcud olan mədəni əlaqələri yüksək qiymətləndirib, əməkdaşlığın daha da inkişaf edəcəyinə inamını bildirib.

Daha sonra Əbülfəs Qarayev İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bey Fananini qəbul edib.

Azərbaycanla İndoneziya arasında humanitar sahədə əməkdaşlığın vəziyyətindən məmnunluğunu ifadə edən nazir bu sahədə daha geniş imkanların olduğunu bildirib.

Səfir yaxın gələcəkdə İndoneziyada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında eyniadlı filmin ərsəyə gətirildiyini və geniş ictimaiyyətə çatdırılması istiqamətində hazırlıqların getdiyini söyləyib.

Sonda nazir Əbülfəs Qarayev qonaqlara uğurlar arzulayıb və filmin işıqlandırılması ilə bağlı nazirlik tərəfindən dəstək verilməsinə hazır olduqlarını bildirib.