Opera və Balet Teatrında nə baş verir? - Xuraman Qasımovadan sərt ittihamlar

Opera və Balet Teatrında nə baş verir? - Xuraman Qasımovadan sərt ittihamlar
21105 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Xuraman Qasımova Axşam.Az saytına müsahibə verib.

O, müsahibəsində Opera və Balet Teatrının ünvanına ağır tənqidlər edib, qalmaqal yaradacaq fikirlər səsləndirib.

- Xuraman xanım, uzun zamandır sizi nə efirlərdə, nə də mətbuatda görürük. Bunun səbəbini nə ilə izah edərdiniz?

- Mən çox nadir hallarda müsahibə verirəm. Elə bacım Fidan da mənim xasiyyətimdədir. Çünki işimiz çoxdur. Uzun illərdir ki, Bakı Musiqi Akademiyasında pedaqoq kimi çalışırıq. Bizim yetişdirdiyimiz tələbələrin səsi dünyanın böyük səhnələrindən gəlir. Onlar orada solo konsertlər verir və ölkəmizi layiqincə təmsil edirlər. Bir sözlə, öz işimizlə məşğuluq. Səhnədən uzaqlaşsaq da, sənətdən uzaqlaşmamışıq.

- Səhnədən uzaqlaşmağınıza toxundunuz. Siz və bacınız Fidan Qasımova vaxtından əvvəl səhnə ilə vidalaşdınız. Buna səbəb nə idi?

- Bizim o illərdə Opera və Balet Teatrından təqaüdə çıxan vaxtımız deyildi. Bir adam soruşmadı ki, görəsən, nə baş vermişdi? Niyə bu iki bacı, o cür çətin əsərləri ifa edən sənətçilər Opera və Balet Teatrının səhnəsində yoxdur?! Niyə səhnəni atıb pedaqoji fəaliyyətlə məşğul oldular? Elə sənətkarlar var ki, 90 yaşına qədər səhnədə olurlar. Sənətkarın səsi itənə qədər səhnədə olmalı, ifa etməlidir. Mən səhnədən uzaqlaşanda cavan qız idim. Bilirsiniz ki, filmlərdə də çəkilmişəm. İndi bir insanın məndən xoşu gəlmirsə, mən teatrı tərk etməli idim?! Siz məni sevmirsinizsə, mənim evimə gəlməyin, mən də sizin evinizə gəlmərəm! Opera və Balet Teatrı mənim ikinci evim sayılırdı, mən ordan öz xoşumla heç vaxt üz döndərib getməzdim!

- Deməli, sizi teatrdan uzaqlaşdırıblar?

- Bəli, həm məni, həm də bacım Fidan xanımı. Bizim kimi peşəkar opera müğənnilərini teatrdan uzaqlaşdırdılar. Bu haqda daha geniş danışmaq istəmirəm.

- Yəqin, ittihamlarınız teatrın rəhbərliyinədir.

- Təbii ki, teatra rəhbərlik edən direktordur.

- Xuraman xanım, bu günlərdə xanəndə, Əməkdar artist Nigar Şabanova müsahibəsində bildirdi ki, Opera və Balet Teatrında “Leyli” obrazını oynamaq üçün ondan pul tələb ediblər. Sizcə, bu nə dərəcədə doğru ola bilər?

- Bəli, Nigar düz deyir. O teatrda nəinki o xanıma, bütün gənclərə qarşı belə münasibət var. Siz bilmirsiniz. Fidan xanım da, mən də öz tələbələrimizə həmişə izah etmişik ki, sizin barənizdə heç kəsə ağız açmayacağıq. Heç kəsə yalvarmayacağıq ki, sizi işə götürsünlər. Sizin fəaliyyətiniz, oxumağınız elə olmalıdır ki, Opera və Balet Teatrına arxa qapıdan yox, ön qapıdan girəsiniz. Biz tələbələrimizə belə tərbiyyə veririk. İndi hamı yaxşı ola bilməz. Eləsi var ki, çox yaxşı səviyyədədir. Opera mürəkkəb sənətdir, hər bir insan bununla məşğul ola bilməz.

- Teatr açıqlamasında bildirmişdi ki, xanəndənin fikirləri qərəzlidir...

- Xeyr, burda heç bir qərəz yoxdur. Nigar hələ az deyib. O teatrda bundan da pis şeylər var. Daha dərinə getməyək. O xanım çox haqlıdır. Bu söz-söhbətlər çoxdan var. Sadəcə, biz bunları açmırdıq. Madam ki, bu söz-söhbətlər açılıb, biz də danışmalıyıq. O gənc xanəndə gör nə vəziyyətə düşüb ki, ürəyi dolub, deyib. O artıq bezib bu cür şeylərdən. Nə deyirlərsə, doğru deyirlər! Bu yazıq gənclər hələ az deyirlər. Gün gələcək əsl həqiqətlər ortaya çıxacaq. Heç bir sirr bağlı qalmır. Biz bunu görəcəyik. O gün elə də uzaqda deyil.

- Bir neçə Xalq artisti Nigarın fikirləri ilə razılaşmadığı təqdirdə siz onu müdafiə edirsiniz...

- Sözün düzü, mən Nigarı heç yaxından tanımıram, şəxsi tanışlığım yoxdur. Amma sağ olsun ki, cəsarət edib, fikirlərini dilə gətirib. Nigarı müdafiə etməyənlər qorxurlar. Onları qorxu altında saxlayırlar. Biz guya bilmirik? O rəhbər deyirsə ki, “Mən Müslüm Maqomayev kimi bir insanı teatrdan uzaqlaşdırmışam!” – daha ondan bundan artıq nə gözləyəsən? Bu böyük bir işdir? Bu sənə nə qazandırıb? Nə var, nə var yüz manat pul verəcəkdiniz ona, ona görə? Müslüm Maqomayev bizim teatrda qalsaydı, bizim üçün böyük fəxr idi. Kim itirdi? Kim qazandı?

- Teatrı tərk edəndən sonra heç getmisiniz?

- Xeyr. 2005-ci ildən bu yana “Opera və Balet”in yanından belə keçmirik. Xəbərim var ki, Opera və Balet Teatrında səviyyəsiz tamaşalar çoxdur. Elə götürək “Koroğlu” tamaşasını. Siz bilirsiniz ki, bu tamaşada səhnəyə canlı at çıxır. Ata o qədər dərman vurulur ki, at səhnədə sürünür. O tamaşada hansı Koroğludan söhbət gedə bilər?! Mənim yadımdadır, o vaxt Lütfiyar İmanov necə dırmaşırdı o atın üstünə. İndiki tamaşalarda at o qədər ölühal vəziyyətdə səhnəyə çıxır ki, orkestrin gurultulu dəqiqələrində qorxub qaçır səhnədən. Bizim teatrımız bu dəqiqə Sumqayıtdan kənara çıxmır. Teatrımızın adı harda çəkilir? Teatr o vaxtkı direktor Azər Rzayevin vaxtında daha yaxşı idi. Gəzmədiyimiz ölkə, konsert proqramı vermədiyimiz yer qalmamışdı. Bizim afişalarımız var idi, hansı o afişalar? Hanı o tamaşalar? Mən yəni heç bir zaman opera aktrisası olmamışam? Tarixi silmək olar?

- Bu teatrın səhnəsində sonuncu çıxışınızı necə xatırlayırsınız?

- Sonuncu dəfə “Xurşidbanu Natəvan” tamaşasında səhnəyə çıxdım və bir daha ora qayıtmadım. İnanın tamaşada o qədər izdiham var idi ki... Mən orda bir ifadə işlətdim: “Şuşanı xilas edin”. O sözlərlə mən bütün zalı qaldırıb, Şuşaya getsəydim, bəlkə də doğrudan da tamaşaçılarla Şuşanı alardıq. Mən bu tamaşanı çox ürəkdən oynadım. Məncə, bizə qarşı haqsızlıq yerdə qalmamalıdır. Biz susmuşuq, susmuşuq o demək deyil ki, nəyisə unutmuşuq. Bunu mənim xalqım da bilməlidir. Biz bilən şeyləri heç kəs bilmir.

-  Sizcə, teatrın bu açıqlamalarınıza münasibəti necə olacaq?

- Mən heç kəsdən qorxmuram və çəkinmirəm. Onlar haqqında o qədər bilirəm ki, hər şeyi açıqlaya bilərəm! Mənim tələbəmi teatra işə götürürlər, kağıza imza atdırırlar ki, sən demə ki, Fidan və Xuraman xanımın tələbəsisən. Belə şey olar?! O direktor bir dəfə də olsun Konservatoriyada keçirilən imtahanda iştirak etməyib. Həmişə deyib ki, qolum sınıb, ay nə bilim nə olub. Kimdir axı o?

Müsahibəni aldı: Əli Novruzəliyev