"Hava limanında pasportları yoxlayan da məni tanıyır" - müsahibə+fotosessiya

"Hava limanında pasportları yoxlayan da məni tanıyır" -   müsahibə+fotosessiya
4710 dəfə oxunub
  • A-
  • A
  • A+

"QARŞIMA HƏDƏF QOYMUŞAM, SƏNƏTİN ZİRVƏSİNƏ QALXACAĞAM"

"QIZIM MƏNƏ "BEYNƏLXALQ MAMA" DEYİR"
 
Əməkdar artist Tünzalə Ağayeva Axşam.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

 - Bir müddətdir, "TRT Müzik"də "Bir səsin cazibəsi" adlı verilişə aparıcılıq edirsiniz. Sizcə, bizim telekanallarla Türkiyədəkilər arasında nə kimi fərqlər var?

- Texniki üstünlüklər, prodüser komandası, televiziya işçiləri tam fərqlidir. Orada təcrübə daha yüksəkdir. Bizim dəyişməyə, öyrənməyə ehtiyacımız var. İstərdim, bizdə televiziya məktəbi, akademiyası yaradılsın. Orada operatorlar, jurnalistlər yetişdirilsin.

- Bütöv bir türk komandası ilə çalışmaq sizdə hansı çətinlikləri yaradır?

- Bir sənətçinin başqa ölkədə çalışması asan deyil. Birinci, sən rejimə, məntiqə, üsluba öyrəşməlisən. İlk verilişim çox gərgin keçmişdi. Baxmayaraq ki, orkestrla, proqram rəhbərliyi ilə əvvəlcədən tanış olmuşdum. Orada mənə diqqət göstərirlər. Kənardan çox rahat görünür, amma çətindir. Bəziləri deyir ki, getdi, dekorasiya mükəmməl, işıqlandırma əla, bütün şərait yaradılıb. Daha nə istəyir ki? Bunu mən yaşamışam, təcrübəmdən deyə bilərəm ki, çətindir.

- Sizə nələri irad tuturlar?

- Şükür ki, belə iradlar olmur. Özüm bəzi narahatlıqlar keçirirəm: ortaq türkcədə danışmaqda çətinlik çəkirəm. Düzdür, bəzən onlara danışıq tərzim xoş gəlir. Buna "ata-baba türkcəmiz" deyirlər. Bəxtim onda gətirib ki, orada dialoq azdır, musiqiyə çox yer verilir. Nitqimdə sərbəstliyə alışa bilməmişəm. Verilişdə xeyli tamaşaçı səni izləyir. Bu mənim üçün yenilik idi. Axı biz görməmişik ki, çəkilişlərə könüllü tamaşaçılar qatılsın və axıra kimi oturub səni dinləsin. Orada xəbər tutan hamı gəlir, əcnəbi müğənniyə maraq göstərirlər. Oturacaqlarda yer qalmır. Heyran qalmışdım ki, məşqlərə də könüllü insanlar gəlir. Bizdə bu cür tamaşaçı yoxdur. Bizimkilər qalmaqallara, ağlaşma, sosial problemli verilişlərə maraq göstərirlər. Orada insanlar sənət, yaxşı səs dinləməyə üstünlük verirlər, bundan zövq alırlar. Bu qədərini təsəvvür etmirdim.

- Sənətə dəyər verən tamaşaçını razı salmaq, yəqin ki, asan deyil...

- "TRT Müzik" sırf əyləncəyə, sənətə yönəldilib. Türk sənət musiqisinin güclü səsləri buraya toplaşıb. Bizim çatışmayan cəhətlərimizdən biri də budur: musiqi kanalımız yoxdur. Tok-şoular, canlı verilişlər azdır. Müəllif proqramlarımız yoxdur. Orada bir sənətçini dəvət edəndə internetdən mahnılarımı tapıb çıxışlarımı izləyirlər, sonra razılıq verirlər. Bəzənsə elələri olur ki, mənim proqramıma gəlməyə risk etmir. Deyirlər ki, canlı oxumağa səsimiz çatmaz. Qonaqlar verilişlərdə çox pozitiv olurlar. Səmimidirlər, etiraf edirlər, heç nəyi gizlətmirlər.

- Bu gün Türkiyəyə yollanan hər bir məşhura bu sual verilir: orada bizim sənətçilərdən kimləri tanıyırlar?

- Bizim bəzi müğənnilər bəlli yatırımlar ediblər. Onların bu əməyi, az da olsa, qarşılıq alıb, tanıyırlar. Elə mənim üç verilişim olub, hava limanında pasportları yoxlayan belə məni tanıyır. Efirin bizə qazandırdığı müsbət cəhət budur. Hətta deyirlər, sizin filan müğənninizin klipi var, baxmışıq. Bunlar məni sevindirir. Sənətçilərimiz haqqında neqativ fikirlər eşitməmişəm. Əsl sənətkarları tanıyırlar: Alim Qasımov, Əzizə Mustafazadə, Üzeyir Hacıbəyov, Azər Zeynalov. Onları bütün dünya tanıyır.

- Türkiyə şou-biznesinə qatılan xalq artistimiz Aygün Kazımova və müğənni Röyanı verilişinizə qonaq edəcəksiniz?

- TRT-nin müğəni seçimi sərtdir. Mən ora gedəndə bir sirr açdılar. Dedilər ki, bu verilişi aparmaq üçün sizdən bizə müraciət edən çox məşhur var. Hətta sponsorlu müğənnilər belə olub. Amma qəbul etməyiblər. Çünki onlar TRT-nin formatına uyğun deyillər. Onların marağı o idi ki, Azərbaycan müğənnisi səviyyəli, sivil şəkildə tanınsın. Mənim bu sahədə tanınmağıma dəstək olduqları, təşəbbüs göstərdikləri üçün minnətdaram. Onlar gerçək sənətkar adı altında yaşayan insanları istəyirlər. Elə mən özüm də verilişdə qeyri-adi sənəti olanları görməyə can atıram. Zeynəb Xalarova, Polad Bülbüloğlu, Əzizə Mustafazadə, Fatih Erkoç... Mənim seçimlərim bunlardır. Həm də deyirlər ki, istəyirik, türklər gəlsin, azərbaycanlı ilə dialoq qursun, maraqlı alınsın. Mən burada meqastar, popstar, məşhurların arxasınca qaçmaq istəmirəm. İşinin ustasını görmək istəyirəm.

- Veriliş üçün imicinizdə dəyişiklik tələb olundu?

- Onlar geyimə, görünüşə önəm verirlər. Geyimlərimi modelyer Gülnarə Xəlilova hazırlayır. TRT-də müğənnilərin geyiminə qarşı sərtdirlər. Orada dekolte, yarıq, çiyni açıq paltarlar geyinmək qətiyyən olmaz. Mən də bu imicə uyğun biriyəm. Məsələn, Gülbən Ərgən əvvəl TRT-də veriliş aparırdı. Onun müqaviləsində sərt qaydalar var idi: TRT-nin siması olduğun müddətdə gecə klubuna getməməli, içki içməməli, bu tip məkanlarda görünməməlisən. Onlar sənətçilərlə bu şərtlər altında çalışırlar.

- Eyni zamanda “Böyük səhnə” müsabiqəsinin münsif kürsüsündə əyləşirsiniz. Çəkilişlər Kiyevdə aparılır. Ankara, Bakı, Kiyev - üç şəhər arasında qalmaq çətin deyil?

 - Artıq beynimdə kislorod çatışmazlığı yaşayıram. Bu, kənardan asan, əyləncəli görünür, amma çətin həyat tərzidir. Hətta yaxınlarım məni ələ salır ki, hər şəhərdə sənə bir ev tikək. Hansısa şəhərə getmək bir günümü alır. İkinci gün isə yatmalıyam ki, səsim dincəlsin. Səs rahatlıq tələb edir, yoxsa işləməyəcək. Amma bundan şikayətlənmirəm, qarşıma hədəf qoymuşam, sənətin zirvəsinə qalxacağam.

- Builki “Böyük səhnə” daha məsuliyyətlidir. Qalib ölkəmizi "Eurovision"da təmsil edəcək...

- Onların içərilərində tanınmış simalar var: Dilarə, Azad, Xana... Amma heç birini ayırmıram. Hamısı çalışmalı, özünü göstərməlidir. Dilarə bir az sərbəstdir, səhnədə rahatdır. Mənim üçün seçiləcək iştirakçının peşəkarlığı, uzun müddət səhnədə olması önəmli deyil. Əsas insanın öz qabiliyyəti, bacarığıdır. Təcrübə göstərib ki, bu günə kimi “Eurovision”a heç təcrübəsi olmayan, min tamaşaçı qarşısında çıxış etməyən müğənnilər göndərmişik. Gedib birdən-birə milyonlar üçün oxudular. Deməli, yeni ifaçını düzgün əllərə, prodüserə vermək kifayətdir.

- Bu qədər ciddi iş rejimi Tünzalə Ağayevanın həyatında nələrə mane olur?

- TRT-dəki veriliş məni spa, üz baxımı, masaj kimi baxım vasitələrindən məhrum etdi. Ayda ən az iki dəfə bundan istifadə edirdim, dincəlirdim. İndi edə bilmirəm, buna üzülürəm.

- Bəs qızınıza vaxt ayıra bilirsiniz?

- Bu, həyatımın ən dəhşətli məsələsidir. Bir çoxları telefonu, interneti bəyənmir. Amma mən hər zaman təşəkkür edirəm bunu yaradanlara. Biz "Skype" vasitəsilə ünsiyyət qururuq. İstəyirəm, o məni yanında hiss etsin. Otelə gedirəm, komputeri açıram, danışırıq, ona ətrafı göstərirəm. Qızım mənə “beynəlxalq mama” deyir (gülür).

- Türkiyəyə tez-tez gedirsiniz. Orada ev almaq planınız yoxdur?

- Hələ o dəbdəbəyə çatmamışam. Ən böyük arzum səhər gözümü açıb Boğaz körpüsünə baxmaqdır. Mənim üçün İstanbul dəyərli, əvəzolunmaz şəhərdir. Ankara da gözəl şəhərdir, ən əsası, tıxacları yoxdur.

- Azərbaycanla bağlı layihələriniz nə yerdədir?

- Konsert istəyirəm. Amma bunun üçün iki ay Azərbaycanda qalmalı, məşqlər etməliyəm. Əgər yayda olsa, Yaşıl Teatrı, payıza qalsa, Heydər Əliyev Sarayını nəzərdə tutmuşam.

- Bir çox sənətçilər mahnılarını Türkiyədə aranjiman etdirir. Siz isə orada tez-tez olmağınıza baxmayaraq, bu işi Bakıda görürsünüz...

- Çünki mən mahnılarımı özüm aranjiman edirəm. Onun bütün dəyişikliklərinə fikir verirəm. Heç vaxt mahnını aranjimançının üstünə atıb gedə bilmərəm. Hər dəyişiklik mənim icazəmlə olmalıdır.

Zəhra ƏHMƏDOVA

Foto: Rəşad ABBASOV