Süleyman Ələsgərovun 90 illik yubileyindən fotolar

Süleyman Ələsgərovun 90 illik yubileyindən fotolar
3517 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün xalq artisti, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, professor Süleyman Ələsgərovun 90 illik yubiley gecəsi keçirilib.

Axşam.az xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında baş tutub.

Tədbirdən öncə böyük sənətkarın həyat və fəaliyyətini əks etdirən fotosərgi nümayiş olunub. Bundan əlavə, gecədə Süleyman Ələsgərova həsr olunmuş videosüjetlər təqdim edilib. Mərasimdə Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin müşayiəti ilə incəsənət ustalarının, eləcə də Azərbaycan Dövlət fortepiano triosunun ifasında bəstəkarın “Gözəl Şuşa”, “Gözlə məni” və digər əsərləri səsləndirilib. Tədbirdə Süleyman Ələsgərov haqqında xatirələrini bölüşən və xoş sözlər söyləyən qonaqlar sənətkarın yaradıcılığının bu qədər çoxşaxəli olmasını dünyaya göz açdığı Şuşanın musiqi mühiti ilə əlaqləndiriblər.

Xatırladaq ki, onun məşhur “Gözlə məni” romansı ilk dəfə böyük müğənni Bülbülün ifasında səslənib.  Bu romansdan sonra dahi Üzeyir Hacıbəyli tələbəsi Süleyman Ələsgərovun yaradıcılığına xüsusi diqqət yetirib.
Süleyman Ələsgərov müxtəlif vaxtlarda Bakı orta ixtisas musiqi məktəbinin müəllimi, direktoru, Azərbaycan SSR Kinematoqrafiya Komitəsinin nəzdində orkestrin, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının bədii rəhbəri, Azərbaycan SSR Mədəniyyət Nazirliyinin incəsənət idarəsinin rəisi vəzifələrində çalışmış, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) pedaqoji fəaliyyətlə məşğul olub. Süleyman Ələsgərov, həmçinin Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin dirijoru, Respublika Televiziya və Radio Komitəsinin bədii rəhbəri, Şıxəli Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) direktoru və baş dirijoru, Azərbaycan SSR Maarif Nazirliyinin musiqi estetik tərbiyəsi üzrə tədris metodiki şurasının rəhbəri və digər vəzifələrdə işləyib, 1991-ci ildən ömrünün sonunadək konservatoriyanın Şuşa filialının rektoru olub.

 Foto: Rəşad ABBASOV