"Xəyanət etməyi rəva bilməmişəm" - Aydan

"Xəyanət etməyi rəva bilməmişəm" - Aydan
4340 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV telekanalında yayımlanan "Şarm" verilişinin teleaparıcısı, aktrisa Aydan Axundova interpress.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- İllər bizi çoxmu dəyişir?

- Bizi dəyişən insanlardır.

- Həyat bizə analarımızın öyrətmədiyi nəyi aşıladı?

- Nə qədər banal olsa da hər medalyonun 2 üzü olduğunu.

- İnsan xarakterinin necəliyini ancaq çətin anlardamı hiss edir?

- İnsanın xarakteri hər halda özünü biruzə verir - istər çətin, istər sevincli anlarda.

- Ən çox nədən qorxursan?

- Lazımi anı, şansı qaçırıb, sonra peşman olmaqdan.

- Hər şeydən yorulanda daxili yenilənməyə, motiviasiyaya nə yardım edir?

- Musiqi.

-Əliaçıq, şanslı insan olanda dost dediyin çox olar,bir də sən işdə gör, hamı bir-bir yox olar fikri ilə razısan?

- Bu vaxta qədər dost dediklərim, hətta dostluğundan əmin olmadığım insanlar belə çətin zamanlarda gözləmədiyim an yardım ediblər. Adam haqqına danışar, işdə də, sözdəki kimi sadiq dostlarım var. Dostum az olsa da, zamanla mənimlə birlikdə oddan-sudan keçən insanlardır. Məncə, cavab aydındı - hə, yanımdadırlar.

-Ən böyük rahatsızlıq nədir?

-Vicdanın rahatsızlığı.

- Küsmək və incimək yerinə bəhanə arayanlar, sevib sevilmək üçün çarə axtaranlardansan?

- Hər bir insanın hansısa hərəkətinə bəraət qazandırmağa çalışıram, çünki bəlkə də sabah onun yerində mən ola bilərəm. Sevib sevilmək üçün isə nəinki çarə, hətta iynə ucu boyda ümid axtaranlardanam.

-Xoşbəxt olmaq üçün mütləq biri olmalıdır?

- Bəli, o xoşbəxtliyi bölüşəcək biri mütləq olmalıdır.

- İdeal kişi necə olmalıdır?

- Sözünün ağası, yanındakı qadına qarşı qayğıkeş . Mənim üçün ideal kişi sözü keçən, özünə hörmət edən, yanında özümü rahat, arxalı hiss edəcəyim kişidir. Sevgisini sözlə deyil, etdiyi hərəkətlə bildirməlidir.

-Mövlana deyirdi ki, əgər səni üzən adama hələ də salam verə bilirsənsə, o sənin vicdanının sədəqəsidir. Vicdanın çoxmu lütfkardır?

- Deyəsən, çox lütfkardır. Salam verməklə qalmayıb, köməyinə də qaçaram. Mən elə "mən" kimi qalmağı üstün tuturam.

- Heç düşünmüsənmi, uşaqlıqda kaş o qədər xoşbəxt olmazdım, o məsudluq və sevgiyə indi daha çox ehtiyac var ?

- İnsan yaşının hər dövründə xoşbəxtlik istəyir. Hansısa yaş dövründən kəsib, indiyə calamaq düzgün deyil. İndiki tələblərim o vaxtkı istəklərimlə bir deyil axı.

- İnsanlara nəyi bağışlaya bilmirsən?

- Nankorluğu və təkcə mənə qarşı yox, öz ətrafındakı insanlara qarşı namərdliyi.

- Bəs özünə?

- Bu qədər fürsətim varkən özümə çox sərhədlər qoymağa məcbur olmağımı.

- Xəyanət nədir?

- Xəyanətin ümumi açıqlaması olmur. Necə ki ilanın ağı, ya qarası olmadığı kimi. Hər cür xəyanət sonda insanı mənən yaralayır.

- Kiməsə xəyanət etmisən?

- Yox.Mənə qarşı xəyanət olunmasını istəmədiyimdən, başqalarına da xəyanət etməyi rəva bilməmişəm.

- Özünə necə?

- Özümə deyərkən, öz prinsiplərimə xəyanət etmişəm. Yenə də vəziyyətə görə yaranan yeni prinsiplərə görə.

- Şirin-şirin yuxudaydıq, analar aldatdı bizi?

- Analar aldatmaz, analar ayıldar. Nəticə nə olursa olsun, ana hər zaman balasının xoşbəxtliyin istəyər.

- Ən çox sevmədiyin söz

- "Nə isə"... çox saymazyana səslənir.

- İnsanlarda hansı xüsusiyyəti sevmirsən?

- Öz gözündə tiri görməyib, başqasında çöp axtaranları sevmirəm.

- Pul hər şeydir?

- Pul hər şeydir, amma hər kəs deyil.

- Xoşbəxtik anlayışı nisbidir. Səni nə xoşbəxt edir?

- Sevdiyim insanların sevgisi.

- Keçən günlərini qaytarsaydılar,gələn günlərini qurban verərdin?

- Təbii ki, yox. Yaşadığım hər gün, acılı-şirinli hər an mənimdir.

- Bu an könlündən kim və nə keçir?

- Bu an kölnümdən ... indi hava çox soyuqdur. Fikrimdən məcburiyyət qarşısında bu havada çöldə olan insanların halı keçir.

- Sənin üçün çox dəyərli olan.

- Ailəm.

- Kimə çox əzab vermisən?

- Özümə.

- Yerlərimizi dəyişsəydik, özünə hansı sualı verərdin?

- "Sən doğrudan Fidanın bacısısan?". Çünki bu sualı hər gün ən azı 5 dəfə cavablandırıram (gülür)

- Hansı sualı bəyənmədin?

- Yazan əllərinizə sağlıq. Bütün suallar maraqlı idi.