"Dadlı yeməklər bişirirəm" - İradə Tuncay

"Dadlı yeməklər bişirirəm" - İradə Tuncay
4192 dəfə oxunub
  • A-
  • A
  • A+
İradə Tuncayı hər kəs qələmi ilə tanıyır. Tanımayanlar isə elə özü demişkən, yəqin ki, tanıyıb da tanımazdan gələnlərdi. Mənsə onu, hər şeydən əvvəl müasirliyi və komplekssizliyinə görə sevmişəm. Demək olar ki, bütün mövzularda müsahibələrini oxumuşam. Düşündüm ki, bu dəfə onunla tam fərqli istiqamətdə danışaq: mövzumuz mətbəxdir. İradə xanım deyir ki, vaxtı olmadığından, uzun müddətdir ki, bu işlərə baş qoşmur, amma çox dadlı yemək bişirə bilir. Hətta bir gün bizim üçün dadlı şorbalarından hazırlayacağına da söz verdi.
 
- İradə xanım, müsahibənin vaxtını təyin edəndə dediniz ki, işə saat 1-dən tez gəlmirsiniz. Düşündüm ki, yəqin səhər tezdən evdə yır-yığış edib, axşama yemək tədarükü hazırlayırsınız.

- Yox, mən yuxudan gec dururam. Çünki səhərə yaxın yatıram. Bu vərdiş məndə çoxdan qalıb. Uşaqlarım balaca olanda, gecələr işləyirdim. Onları yatırdırdım, sonra işləməyə başlayırdım. Yuxum o vaxtdan pozulub. Ona görə səhər dura bilmirəm. Daha doğrusu, səhər duranda formada olmuram. Özümü normal hala salana qədər günortaya çəkir. 1996-cı ildə mən ağır əməliyyat keçirdim. Ondan sonra evdə ağır işlər görə bilmirdim. Kömək edirdilər. İşə qayıdandan sonra da yemək bişirməyə vaxtım olmurdu. Belə - belə, artıq o işləri yadırğamışam.

- Yəqin ki, əməliyyatdan sonra daha diqqətli qidalanırdınız.
- Bəli.

- Nələr yeyirdiniz?
- Qızartma yeməklər olmazdı, qoyun əti olmazdı. Yüngül şeylər yeməyə icazə verirdilər:  qarabaşaq, balıq, toyuq, mal əti və s.

- Vegeterian qidalanmağa münasibətiniz.
- Ətdən imtina etmək insanın genetik strukturuna təsir edir. Birdən - birə vegeterian qidalanmağa keçən insanlar böyük əziyyət çəkirlər. Orqanizm öyrəşənə kimi ağır olur. Hər kəsdə də alınmır. Bəzən xəstələnirlər. Ümumiyyətlə, insan ətyeyəndir, otyeyən deyil axı...

- Biş-düşlə aranız necədir?
- Mən çox dadlı yeməklər bişirirəm. Amma indi evdə yemək bişirmirəm deyə, uşaqlar da narazılıq edirlər. Mənim yeməklərimi istəyirlər. Bəlkə də öyrəşiblər deyə belədi. Axı hər kəsə elə gəlir ki, anasının bişirdiyi yemək daha dadlı olur.

- Axşama yeməklə bağlı evdəkilərlə məsləhətləşirsinizmi?
- Nə istədiklərini soruşuram. Olur ki, biri bir yemək istəyir, o birisi başqa. Amma çalışırıq ki, onların zövqünə uyğun nəsə hazırlayaq.

- Hansı növ yeməklərə üstünlük verirsiniz?
- Mən dəniz məhsullarını çox xoşlayıram.

- Yeməklə aranız necədir?
- İştaham pis deyil, amma çalışıram ki, çox kökəlməyim.

- Kilonuzu kompleks edirsiniz?
- Əlbəttə. Mən bir müddət evdə oturdum, onda çox kökəlmişdim. Sonra böyük əziyyət bahasına xeyli kilo verdim. Amma indi görürəm ki, çəkim yenə artıb. Çalışıram elə geyinim ki, kilomu büruzə verməsin.

- Formada qalmaq üçün nə edirsiz?
- Heç nə etmirəm.

- Pəhriz də saxlamırsınız?
- Pəhriz deyəndə ki, az yeyirəm.




-  “Müəyyən saatdan sonra yemək olmaz” kimi qadağanız varmı?
-  Yox, elə bir şey yoxdu. Bəzən acıram, açıram soyuducunu, nə tapsam yeyirəm. Mən əsəbi olanda çox yeyirəm: əsəb də ki, hər gün var.

- Restoranda şam etməyə üstünlük verirsiniz, yoxsa evdə?
- Desəm ki, hər gün restoranda şam edirəm, yalan olar. Bəzən ailə ortamında axşam yeməyi xoş olur. Hamı yığışır bir yerə, onda yemək də ləzzət edir. Bəzən də adamın ürəyi harasa çıxmaq istəyir. Onda yoldaşımla çıxırıq. Mən restoranlara adətən, xaricdə olanda getməyi sevirəm. Olduğum ölkənin yeməklərini dadmaq istəyirəm ki, baxım orada necə bişirirlər.

- Neçə ölkənin mətbəxindən dadmısınız?
- Çox olar.

- Bəs ən bəyəndiyiniz hansı olub?
- Deyirlər, damaq zövqü 7 yaşına kimi formalaşır. Bizim zövqümüzə daha yaxın mətbəx Türkiyədir. Ona görə də türk mətbəxi mənə daha xoş gəlir. Yoldaşım, hətta, xaricdə olanda da türk lokantası tapır, ora gedir. İsveçrədə fondyunun dadına baxmaq istəyirdim. Amma yeyə bilmədim. Muzeylərə və bir çox yerlərə getdik deyə vaxtımız olmadı. Orada limonada bənzər bir içki içdim, süddən düzəldirlər, adı Rivelladır. Çox xoşuma gəldi.

- Elə yer olubmu ki, oranın yeməklərini heç dilinizə də vurmamısınız ?
- Birləşmiş Ərəb Əmirliklərində restoranların yanından keçəndə spesifik hind - ərəb yeməklərinin, ədviyyatlarının iyi gəlir və o, məndə ürək bulanması yaradır. Onların bişirdiklərini yeyə bilmirəm. Qida insan üçün çox vacibdir. Həm mədəniyyətini, həm həyat tərzini göstərir. Yeməyə necə yanaşmağın özü belə böyük mədəniyyətdir.

- Sağlam qidalanmağa diqqət edirsiniz?
- Yox, ürəyim nə istədi yeyirəm.

-  Məsələn, ürəyiniz bir müddət əvvəl limonadla korjik istəyirdi (İradə xanım facebook səhifəsində limonad və korjiklə bağlı status paylaşmışdı – red.).
-  O sadəcə, bir zarafat idi.

- Hətta mən düşünmüşdüm ki, müsahibəyə gələndə sizə limonadla korjik alım gətirim.
- Heç indi dadlı korjik var ki? Biz uşaq olanda korjiklər çox dadlı idi. Bəlkə də mənə elə gəlirdi. Keçmişdə olan hər şey adama şirin gəlir axı.

- Spirtli içkilərdən nəyi sevirsiniz?
-  Viskini. Az miqdarda buzla viski içməyi sevirəm.

- Bəs kokteyllərdən?
- Marqaritanı.

- Acqarına marketə gedəndə insan hər şey alıb, yemək istəyir. Sizdə də bu sindrom varmı?
- O təkcə aclıqla bağlı deyil. Dükanın içərisində o məhsulları elə düzür, elə reklam edirlər ki, insanı cəlb edir və lazım oldu-olmadı alırsan. Düşünürsən ki, istifadə edərəm. Mən daha çox yemək sousları alıram.  Növbənöv yığıram, sonra heç istifadə də etmirəm.

- Özünüzün hazırladığınız xüsusi resept var?

- Yemək bişirmək özü yaradıcılıqdı və hər bir qadının öz resepti var. Mən bişirdiyim aşla başqa qadının bişirdiyi aş eyni ola bilməz. Mən blinçikləri çox dadlı hazırlayıram. Bunu qonaqlarım deyir ha, mən yox. Ləzzətli kotlet bişirirəm. Amma bozbaş məndə alınmır. Bütün ərzaqları tökürəm, amma şorbaya oxşayır.

- Əslində, şorba da dadlı yeməklərdəndir.
- Ədviyyatları düzgün istifadə edəndə yeməklər ləziz alınır. O gün amma əl – qolumu çirmələdim, uşaqlara qəşəng bulka bişirdim.

- Bulkadan söz düşmüşkən, Novruz şirniyyatları bişirəcəksinizmi?
- Mən şirniyyat bişirməyi bacarmıram. Əvvəl anam bişirirdi, indi yaşlanıb, gücü çatmır. Alırıq.

- Bayram şirnilərindən hansını sevirsiz?
- Şorqoğalını, ən çox da paxlavanı xoşlayıram. Bu şirniyyat çox kalorilidi. Bütün qadınlar Novruzda stres yaşayırlar ki, kökələcəklər. Yeməmək də olmur axı. Amma bir şey deyim, paxlavalar əvvəllər daha dadlı idi... Bəlkə onda uşaq idim deyə, dadlı gəlirdi mənə. İndi sevdiyim paxlavalar da qalmayıb.

formaggio.az