"Qızlarımı yerbəyer etdikdən sonra özüm də ailə quracam" - Almaz

"Qızlarımı yerbəyer etdikdən sonra özüm də ailə quracam" - Almaz
4701 dəfə oxunub
  • A-
  • A
  • A+
“Qızlarımın şəxsi həyatı ilə gündəmə gəlməyimi deyənlər, çox böyük qələt edib, başlarını daşdan-daşa vurublar. Elə müsahibəmdə bunu belə də qeyd edərsiniz. Mənim belə ucuz reklamlara ehtiyacım yoxdur. Hər zaman sənətimlə gündəmdəyəm”.

Axşam.az xəbər verir ki, bunu Lent.az-a müsahibəsində əməkdar artist, müğənni Almaz Ələsgərli deyib. Onunla şəxsi həyatından, Alim Qasımovla yenidən duet oxumağından, qızlarının və özünün yenidən ailə quracağından və daha bir çox məqamlardan danışmışıq.
 
Görüşümüz təsadüfi olsa da, “həm ziyarət, həm ticarət” deyib, restoranların birində müsahibə etmək qərarına gəldim. Almaz xanım da razılıq verdi.
 
- Almaz xanım, ilk olaraq başlayaq müğənniyə veriləcək ənənəvi sualdan. Yaradıcılığınızda nə kimi yeniliklər var? Nə etməyi düşünürsüz?
 
- (Gülür) Hə. Düzü, hazırda heç bir mahnı yazdırmıram. Yalandan nə deyim ki, ay bağ belə, bostan belə. Sadəcə, bir müddət öncə yunan və rus mahnısı yazdırmışam. Bəstəkar mahnısı yazdırmamışam. İndi bayram olduğuna görə, tədbirlərə, konsertlərə dəvət alıram. Elə indi Qarabağ əlilləri üçün təşkil olunmuş konsertdən gəlirəm.
 
- Almaz xanım neçə ildir ki, şou-biznes deyilən bir aləmdəsiniz. Nədən narazısınız?
 
- (Bir az düşünür) Bizdə şou-biznes var ki? Azərbaycan şou var, biznes yoxdur. Bizdə şou-biznes yalnız Türkiyə müğənniləri üçündür. Gəlirlər konsert edib, pullarını alıb, gedirlər. Amma biz harda qazanırıq? Toylarda. Toy da konsert deyil axı. Biz konsertdən pul qazana bilmirik.
 
- Bilirsiniz ki, bu aləmdə yeni çıxan müğənnilərin bir çoxu böyük-kiçik yeri bilmirlər. Hətta konsert verməyənlər, hələ albom çıxartmayanlar mənəm-mənəm deyir. El dilində desək “At oynatmaq” istəyirlər...
 
- (Sözümü yarımçıq kəsir) Ailə tərbiyəsi görən müğənni bu sözləri deməz. Hər şey ilk növbədə ailədən başlayır. Tərbiyəli insan çıxıb efirdə deməz ki, “Mənim qabağımda heç kim at oynada bilməz”. Adama deyərlər ki, atı oynat evində, eşiyində. Efir mədəniyyəti başqadır axı. İndi əlli ilin müğənniləri var, onların qabağında at oynadacaqsan? Mən özüm otuz ildir peşəkar səhnədəyəm.
 
- Heç olub ki, qarşınızda kimsə “at oynadıb” , mənəm-mənəm deyib?
 
- Yox. Niyə mənim qarşıda at oynadıb, mənəm-mənəm desinlər ki?
 
- Əksər insanlar sizi xalq artisti Alim Qasımovla duet oxuyan ifaçı kimi yaddaşda saxlayıb. Bu sizin üçün müsbət haldır, yoxsa...
 
- Yox. Bu məni narahat etməyib. Düzdür, məni Alim Qasımovla xatırlayanlar var. Amma bu mənim üçün xoşdur. Bir çoxları istəyir ki, Alim bəylə yenidən duet ifa edək. Elə bu gün Alim Qasımovla görüşdük. O da istəyir ki, duet oxuyaq. Amma bu dueti yazacaq bir bəstəkar olmalıdı. Həmdə yaşımıza uyğun bir duet olmalıdır. Mahnı olsa, böyük məmnuniyyətlə bu layihəyə imza atardıq.
 
- Belə bir deyim var ki, bayramda bütün küsülülər barışır. Bəlkə şou aləmində küsülü olduğunuz bəzi həmkarlarınızla barışasınız?
 
- Mənim küsülü olduğum insanlar, məndən kiçikdirlər. Mən kinli insan deyiləm. Düzgünlüyün tərəfdarıyam. Barışmaq istəsələr, ilk addımı onlar atsınlar. Mən onlardan böyüyəm.
 
- Almaz xanım illərdir kilolusunuz. Deyərdim ki, bu sizə yaraşır. Heç arıqlamaq fikrinizdən keçibmi?
 
- Yox. Buna görə heç mən kompleks keçirmirəm. Özümü belə rahat hiss edirəm. Hələ bu günə qədər eşitməmişəm ki, “köklük yaraşmır”. Bu mənim yaşıma uyğundur. Gələcəkdə arıqlamağı da düşünmürəm.
 
- Bir müddət qızlarınızın şəxsi həyatı medianın gündəmini zəbt etmişdi. Çox sözlər danışıldı, çox müzakirələr getdi. Sizi qınayanlarda oldu...
 
- Qızlarıma qurban olaram. Onlar sarıdan rahatam. Qızlarımın şəxsi həyatı ilə gündəmə gəlməyimi deyənlər isə böyük səhv edirlər. Qızlarım balaca olanda da, böyük olanda da gündəmdə olmuşam. Bu cür piar mənlik olmayıb.
 
- Qızlarınız yenidən ailə həyatı qurmaq istəyirlərmi?
 
- Əlbəttə. İnşallah, qurarlar. Heç kim subay, ərsiz, arvadsız qalmayıb. Qismətləri nə zamandırsa, o zamanda ərə gedəcəklər. Mən buna arxayınam.
 
- Bəs özünüz ailə qurmaq fikriniz varmı?
 
- Hələ ki, yoxdur. Amma qızlarımı yerbəyer etdikdən sonra özüm də ailə quracam.
 
- Ailə quracağınız kişi necə olmalıdır?
 
- Hər zaman düşünmüşəm ki, kişi elə kişi olmalıdır. Həm görünüşü, həm də xarakteri ilə cəlb edən biri.