İlkin Həsəni: "Yaxın bir ildə evlənəcəyəm"

İlkin Həsəni: "Yaxın bir ildə evlənəcəyəm"
2335 dəfə oxunub
  • A-
  • A
  • A+

"ATV" telekanalının aparıcısı İlkin Həsəninin Axşam.az saytına müsahibəsi

- Bir ara eşitdik ki, İlkin başqa bir kanalda seriala çəkilir. Amma hələ ki, serialı izləmək tamaşaçılara qismət olmayıb...

- Heç bundan sonra da olmayacaq. Filmin rəhbəri ilə müqavilə imzaladıq. Çəkilişlərə başlamağımıza iki gün qalmış, işbirliyini pozduq. ATV-nin rəhbərliyi başqa bir kanalda görünməyimə icazə vermədi. Dedilər ki, “Sən Azad Azərbaycan” telekanalının simasısan. Əgər hansısa bir teatrın aktyoru olsaydın, istədiyin kanalda filmə çəkilə bildin. Amma belə olan halda sənə icazə vermirik. Mən də onların sözündən çıxmadım. Həmin insanlara onlarla işləyə bilməyəcəyimi açıqladım. Düzdür, bundan sonra filmin təşkilatçıları mənə müəyyən məbləğdə cərimə ödətdirməliydilər. Amma sağ olsunlar bunu etmədilər.

- Bəs, ATV kanalında yayınlanan seriallara dəvət alsan, yenə də sənə icazə verilməyəcək?

- Doğrusu, kanalımızda gedən serialların demək olar ki, hamısından dəvət almışam. Amma özümə yaxın bir obraz hələ ki, görmürəm. Mən bir az yumoristik rollar oynamağı xoşlayıram. Komediya janrında bir serial olsa, mütləq razılaşacağam.

- “Aparıcıdan aktyor olmaz” deyənlərə nə cavab verərdin?

- Aktyordan aparıcı olursa, niyə də aparıcıdan aktyor olmasın? Hər bir iş üçün insanda istedad olması lazımdır.

- Televiziya aparıcılarımızda bəyənmədiyin xüsusiyyətlər nədir?

- Aparıcıların əksəriyyəti çox mənəm-mənəm deyirlər. Onların məşhurluğu yalnız efir vaxtı olur. Şəxsən mən efirdən çıxandan sonra özümü sadə insan kimi aparıram. Adi kafedə, çay evində otururam. Tanınıram deyə harasa getməkdən çəkinmirəm. İnsanlar arasında istədiyim hərəkəti edirəm, sərbəstəm. Amma bəziləri var ki, hardasa oturanda kompleks keçirirlər. Özlərini müəyyən çərçivəyə salırlar ki, belə etməyim ayıbdı. Aparıcılar da ulduz xəstəliyinə tutulublar. Hərdən onlarla zarafat etmək istəyəndə adama bir sifət göstərirlər ki: “dayan, ey neynirsən?”, “yaxşı- yaxşı camaat baxır”. Efirdə sırf təqdimatçılıq edən aparıcıları sevmirəm, onları peşəkar hesab etmirəm. Aparıcı deməməlidir ki,  “indisə filankəs” gəlir. Belə aparıcı olmur, o, təqdimatçıdır. Mən Azərbaycan televiziya məkanında bir aparıcını bəyənirəm: şoumen Murad Dadaşov. Onun savadı, istedadı var. Muradla söhbət edərkən adam həmişə yeni nəsə öyrənir.

- Bəs, özündə nələri irad tutursan?

- Bəzən çox tənbəlləşirəm. Çox yatıram, işlərimi ləngidirəm. Amma şükür ki, bu hal tez də keçir.
 
- Səncə, bu gün yerli kanallarda nə çatışmır?

- Sərbəstlik çatışmır. Xarici kanallara baxanda görürsən ki, bizim aparıcılarla onlar arasında yerlə-göy qədər fərq var. Onlar danışanda nədənsə çəkinmirlər. Bizdə isə müəyyən çərçivə var. Danışanda ehtiyat edirik ki, birdən müdriyyət, şura nöqsan tutar.

- Bu yaxınlarda televiziya aparıcılarının imtahan yolu ilə işə götürülməsi barədə təkliflər səslənirdi...

- Onda bütün kanallar olacaq AzTv.
 
- Hələ də ürəyində qalan, reallaşdıra bilmədiyin nə layihə var?

- Əslində mən Türkiyədə çox populyar olan “Bəyaz şou” kimi bir veriliş açmaq istərdim. Bu haqda Azərbaycanda böyük layihələr etmiş Murad Dadaşovdan da məsləhət almışam. Murad dedi ki, “İlkin mən neçə illərdir bunu edə bilmirəm”. Bizim tamaşaçı birdən-birə elə şounu qəbul etməyə bilər. Heç bizim müğənnilər də ona hazır deyil. Müğənnilər elə verilişdə qapanıb qalacaq. Çünki onların da sərbəstlikləri çərçivə daxilindədir.

- Aparıcılıqdan savayı nə ilə məşğulsan?

- Bir ara kiçik klub, çay evi işlətdim. Ötən il isə böyük bir istirahət məkanının idarəçiliyi ilə məşğul oldum. Bir müddətdən sonra gördüm ki, əziyyətimə dəymir, iş qrafikimlə uyğun gəlmir. Gecəyə kimi işləyirdim, saat 4-də evə, səhər 7-də isə efirə gedirdim. Qazancım da istədiyim qədər olmurdu. İndi isə yalnız aparıcılıq edirəm.
 
- Bəs, aparıcıların toya getməsinə necə baxırsan?

- Mən də toylarda aparıcılıq edirəm. 2003-2004-cü illərdə hər həftə bir toyu idarə etmək üçün təklif gəlirdi. Deyirdim ki, mən hara, toy hara? Məclisi necə idarə edəcəm? Amma sonralar risk edib, toyda aparıcılıq təklifini qəbul etdim. Gördüm ki, bir toydan qazandığım qonorar, aparıcılığıma görə aldığım bir neçə ayın maaşından çoxdur. Amma indi toy təklifləri o qədər də çox olmur.

- Toylarda başına maraqlı nə hadisələr gəlir?

- Hərdən toyda çiynimə vurub deyirlər ki, “ə qaqa biz yerliyik ey”. Onda bilirəm ki, ağdamlıdır. Əslində mən Ağdamda deyil, Sabirabadda doğulmuşam.  Elə bir maraqlı hadisəni indi xatırlamıram. Tanınmış dövlət xadimləri ilə tez-tez məclislərdə oluram, onlardan təriflər eşidirəm. Hətta may ayında bir toyda aparıcılıq edirdim. Həmin məclisdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də var idi. Aparıcılığımı çox bəyəndi. Dostuna dedi ki, qızının toyunda qoy, aparıcı İlkin olsun.

- Hiss edirəm ki, televiziyamızın indiki vəziyyətindən çox narazısan...

- Hərdən görürsən ki, çıxıb uğurlu layihə hazırlayırıq deyib aləmə car çəkirlər. Sonra da layihə baş tutmur və biabır olurlar. Bunlara çox gülürəm. Bir də bu yaxinlarda Ulviranın verilişinə güldüm. O verilişin layihəsi bizim kanalda Zaur Baxşəliyevin proqramından oğurlanmışdı. Amma gördüz ki, tez alışıb, tez də söndü. Verilişin aqibətini tamaşaçılar gördü.

-  “Bozbaş pikçers”in aqibəti necə oldu?

- Layihəni 1 il olar ki, dayandırmışıq. Amma hələ də tamaşaçılardan yenidən davam etməyimizlə bağlı mesajlar alırıq. Onun serial formasını çəkmək istəyirik. Hazırda sponsor axtarışındayıq.

- Bir ara deyəsən ekstrim həvəsinə düşmüşdün, “off road”la məşğul olurdun...

- “Off road”a çəkiliş üçün başlamışdım. Amma sonralar bu ekstrim idman növü məni o qədər cəlb etdi ki, başladım məşğul olmağa. Bir dəfə Qubanın ucqar kəndində qaranlıq vaxtı gəzintiyə çıxmışdıq. Hava da yağışlı idi. Qəfildən avtomobil qəzaya düşdü, bir təkər göydə qaldı. Düşüb baxdım ki, aşağı ucu-bucağı görünməyən uçurumdur. Ondan sonra dedim ki, bu, mənlik deyil.

- Nə vaxt evlənirsən?

- Bəzi xırda problemlər var. Onları həll edən kimi evlənəcəm. Yəqin ki, yaxın bir ildə bu, baş tutacaq. Həyatımda çox sevdiyim biri var. Bir ildir münasibətdəyik və hər şey çox gözəldir.