“SakNez” moda evindən yeni il kolleksiyası

“SakNez” moda evindən yeni il kolleksiyası
7426 dəfə oxunub
  • A-
  • A
  • A+

Modelyer Sako Axşam.az-a müsahibəsində yeni il dəbindən danışdı.

- Moda aləmində yeni olmağına baxmayaraq, kifayət qədər özündə maraq oyatmısan. Amma son vaxtlar nədənsə səni gündəmdə az-az görürük...

- Bir müddət əvvəl avtomobil qəzasına düşdüm, üst-üstə əməliyyatlar etdirmək məcburiyyətində qaldım. Buna görə də gündəmdən uzaqlaşmışdım. Amma Yeni il üçün gözəl kolleksiya hazırlamışam.

- Bu il xanımlarımız dəblə ayaqlaşmaq üçün hansı geyim stilinə üstünlük verməlidirlər?

- İlin ən dəbli geyimi dəri ilə parçanın sintezi olacaq. Bir də üzərində “zamok” olan geyimlər dəbdədir. İdman stili daha aktualdır. “Meksikan” stilli, iri dəmirlərlə bəzədilmiş ayaqqabılar dəbdədir. Ən maraqlısı isə gecə geyimlərində də dəri ilə kombinasiyadan istifadə edilir. “Paqonlu” geyimlər yenə də dəbdə olacaq. Ötən il qaşlarla olan paqonlar aktual idisə, 2013-cü ildə ucu biz dəmirlərlə olanlar dəbdədir. Bir də mini ətəklər yenə də üstünük təşkil edəcək.

- Bəs, rəng seçimində dəyişikliklər olacaq?

- Yaşıl və boz rəng daha çox dəbdə olacaq. İlan ili olduğu üçün onun rənglərindən istifadə edilməlidir. Onu da deyim ki, artıq "klaş" çantalar dəbdən düşüb. Xanımlarımız daha çox böyük və dəri çantalardan istifadə etsinlər. Geyimlər kobud olsa da, incə aksesuarlar dəbdədir.

- Sakonun yeni kolleksiyasında hansı geyimlər aktual olacaq?

- Bütün geyimlər dəridən hazırlanıb. Hamısı olduqca gözəldir. Kolleksiyamda həm gecə geyimi, həm də klassik stildə şalvar-kofta var. Aprel ayına daha bir kolleksiya hazırlayıram. Bu kolleksiyanı isə böyük bir moda nümayişi ilə təqdim edəcəyəm.

- Gələn il keçiriləcək “Best Model” gözəllik müsabiqəsinin təşkilatçılığının sənə təklif olunduğu haqda xəbərlər yayılıb.

- Doğrudur, təklif olundu, amma mən imtina etdim. 10 min avro verib, sənəd almaqla iş bitmir. Müsabiqəni keçirmək üçün gözəl məkan lazımdır. Ruhi də, Aygün Kazımova da bundan imtina edib. Mənə dedilər ki, xərclədiyin pulu götürəcəksən. Çünki yerlər satılır: birinci, ikinci, üçüncü yerlərin qiyməti var. Yenə də bu işlə məşğul olmaq istəmədim.