Qızı Sabir Rüstəmxanlıya sürpriz etdi - fotolar

Qızı Sabir Rüstəmxanlıya sürpriz etdi - fotolar
4587 dəfə oxunub
  • A-
  • A
  • A+

"Türk dünyasının təbliğində ədəbiyyatın rolu" layihəsi çərçivəsində millət vəkili Sabir Rüstəmxanlının ad günü ərəfəsində onun yaradıcılığı müzakirə olunub.

Tədbirdə ilk olaraq söz layihənin müəllifi, Sabir Rüstəmxanlının qızı Aydana verilib. Aydan Rüstəmxanlı şairi ad günü münasibətilə təbrik edib:

"Sabir bəyin ad günü, əslində, sabahdır. Amma o sabah səfərdə olduğu üçün ad gününü bu gün qeyd edirik. Bu gün həm də Atatürkün ad günüdür, həm də gənclər günü kimi qeyd edilir. Deməli, atamın ruhu gəncdir. Mən Sabir Rüstəmxanlı haqqında iki tərəfdən danışa bilərəm. Həm atam, valideynim kimi, həm də xalq şairi, millət vəkili kimi. Atamla fəxr edirəm. Çox xoşbəxtəm ki, belə atam var. Millət vəkili, xalq şairi kimi isə etdikləri göz qabağındadır. Xalq onu, yazdıqlarını sevir. Bir daha atamı təbrik edirəm. Sağ ol ki, varsan ata".

Daha sonra isə Aydan Rüstəmxanlı atasının sözlərinə yazılmış mahnıları toplanmış diski təqdim edib. Diskdə Aydan atasının "Ana" şeirini səsləndirib.

Sonra çıxış edən tanınmış ziyalı Sona Vəliyeva şair haqqında xatirələrini bölüşüb. "Kaş həmişə sözün işığına yığılaq, bəhrələnək. Azərbaycançılıq işi ilə bağlı elmi iş yazanda çağdaş ədəbiyyatımızı oxuyurdum, problemləri ilə tanış olurdum. O vaxt 4 şairin həyatı və yaradıcılığı məni cəlb edirdi. Məmməd Araz, Xəlil Rza Ulutürk ,Sabir Rüstəmxalı və Bəxtiyar Vahabzadə. Bu şairlərin hamısının həyatında sərhəd nisgili, Araz, yurd həsrəti var. Sabir Rüstəmxanlının ruhu o yaşadığı ərazidən bəhrələnib. Yurd həsrəti həmişə yazılarında qabardılıb.Bunlar onun tale yazısıdır. Onun ruhu həmişə türkçülüklə bağlı olub. Sabir bəy hələ sovet dönəmində "Şəhər sovetinə məktub" və "Sağ ol ana dilim" kimi şeirləri oxuyardı. SSRİ zamanında da belə cəsarətli idi. Hər könüldə ev tikmək, sevilmək hər şairə müəssər olmur. Həm də Sabir bəy fəxr edə bilər ki, belə övladları var. Aydan bu layihəni etməklə atasının yaradıcılığına nə qədər önəm verdiyini göstərdi".

Sonda iştirakçılara təşəkkür edən xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı qızı Aydanın təşkil etdiyi bu tədbirin onu kövrəltdiyini deyib:

"Mənim bu işlərdən xəbərim yox idi. Hətta içəri girənə kimi mənə demədi. Təşəkkür edirəm. Gənclərin çıxışı məni fərəhləndirdi. Aydanın özünə çox sağ ol deyirəm. Mən meydan hərəkatında milyonlarla insanın qarşısında çıxış etmişəm. 20 Yanvarda üstümüzə ordu gəlib, amma təşviş keçirməmişəm".

Daha sonra incəsənət xadimlərinin ifasında Sabir Rüstəmxanlının şerləri və mahnıları səsləndirilib.

interpress.az