"İndiyə kimi beş nəfər əcnəbidən evlilik təklifi almışam"

"İndiyə kimi beş nəfər əcnəbidən evlilik təklifi almışam"
4449 dəfə oxunub
  • A-
  • A
  • A+

“8-ci sinfə kimi Azərbaycan stereotiplərinə uyğun uşaq olmuşam"

Bu dəfə həmsöhbətimiz 2007-ci ildə təsis olunmuş  Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərovadır. İctimai fəallığıyla seçilən, ixtisasca politoloq olan Gülsellə söhbətimizin özəyində siyasətdən daha çox, uşaqlığı, arzuları, qadın- kişi münasibətləri, bu münasibətlərin fəlsəfəsi, sevgi, ailə idealı ilə bağlı düşüncələri dayanır.
 
– Öncə adınızdan başlayaq. Maraqlı adınız var, kimin ideyasıdır?
– Adımı anam təklif, atam da təsdiq edib. Evdə üç bacıyıq. Böyük bacımın adı Günel, ortancıl bacımın adı Ayseldi. Mən dünyaya gələndə ad üçün fikirləşiblər. Anam Elza Orucova yaradıcı insandır. Atama təklif edib ki, gəl elə bir ad qoyaq ki, sonu “el”lə qurtarsın. “Gülsel” belə yaranıb.

Anamın dediyinə görə, Gülsel adını bir türk mahnısında eşidib.

Fikirləşib ki, üçüncü qızının adı mütləq belə olsun. Atam da çək-çevir eləyib, anlayıb ki, yaxşı addı, razılaşıb. Doğrudan da çox yayılmış ad deyil.
 
– Gülsel necə uşaq olub?
– Üç yaşına kimi qaradinməz, sakit uşaq olmuşam. Dil açandan sonra kaprizlərim başlayıb. 7-8 yaşına kimi çox ağlağan, anamın ətəyindən yapışan, insanları sevməyən biri olmuşam.
 
Aşırı  dərəcədə eqoist idim,
 
(bunu deməliyəm, bu faktdı), istədiyim olmayanda ayağımı yerə çırpıb ağlayırdım ki, yox, mən deyən olmalıdır.
 
– Bir sözlə, tipik ərköyün uşaq mənzərəsi...
– Bəli, məhz elə. Məktəbə gedəndən sonra, təbii ki, sosial mühit məni dəyişdi. Özümə qapandım. Düz 8-ci sinfə kimi Azərbaycan stereotiplərinə uyğun uşaq olmuşam. Ondan sonra isə mən oldum dəcəl, şıltaq bir qız. Yaxşı oxuyurdum, amma şagird ərköyünlükləri – dərsdən qaçmaqlarımı, bəzi oyunlarda iştirak eləməyimi də danmıram. Məktəbdə hansısa müəllim xoşuma gəlmirdisə, yaxud özünü yaxşı aparmayan şagird olduqda, mən ona qarşı kampaniyaya başlayırdım. 16 yaşımda Bakı Dövlət Universitetinin politologiya fakültəsinə, sonra magistraturaya daxil oldum,
 
21 yaşımda artıq bu prosesləri bitirmişdim.
 
Qəribədir ki, uşaq yaşlarımda gah həkim olmaq istəyirdim, gah prokuror, gah da aktrisa. Uşaq vaxtı mənə elə gəlirdi ki, Qarabağ məsələsini ancaq prokuror olsam, həll edə bilərəm. Sonra böyüdüm, anladım ki, heç də belə deyilmiş. Həkim olmaq istəyim də bəllidir, anam da, atam da hər ikisi həkim idilər, evdə onların güclü lobbisi vardı, onların yolunu davam etdirməyimi arzulayırdılar. Mən cərrah olmaq istəyirdim. Amma sonra hiss elədim ki, qan, yaralı görəndə ürəyim dözmür. Cərrah olsam, bəlkə də bu səbəbdən işimi yarımçıq buraxa bilərəm, ürəiym tab gətirməz. Həm də türklər demiş, anladım ki,
 
cərrah olub insanların orqanları ilə uğraşa bilmərəm.
 
Bunu validenlərimə deyəndə onlar təbii ki, çox məyus oldular. Çünki bacılarım da heç biri tibbi seçmədi, böyüyü hüquqşünasdır, o biri isə filoloq.
 
– Valideynlərin buna necə “dözdü”?
– Doğrudan da çətinliklə “dözdülər”. Təsəvvür edin ki, böyük bacım həkimliyə getdi, elə birinci kursdan atdı, dedi ki, həkimliyi istəmir, hüquqşünaslığı seçdi. Ona görə ata-anamın ümidi mənə idi. Mən də açıqca bildirdim ki, onlara yaxşı övlad olsam da, tibbi seçsəm, yaxşı həkim ola bilməyəcəyəm. Bu, ürəyimcə olmadığından onların fəxr edə biləcəyi bir həkim olmağı bacarmayacağam. Mən həm də ətrafımda həmişə fiziki xəstə insanları görmək istəmirəm. Sonra aktrisa olmaq həvəsinə düşdüm. Deyirdim ki,
 
aktrisa olub Azərbaycanı Hollivudda təmsil edəcəm.
 
Əslində adını çəkdiyim ixtisasları seçmək istəyinin arxasında ancaq bir səbəb vardı. İstəyirdim ki, hansı peşədə olsam da, Azərbaycanın adını yüksəklərə qaldırım. İndiki yaşımda anlayıram ki, mən hələ uşaqlıqdan Azərbaycan reallıqlarını dünyaya çatdırmaq istəyində olmuşam. Ailəmizdə demokratik mühit vardı. Təbii ki, valideynlərin tərbiyəsini, sözünü əsas tuturduq. Çünki valideynin xeyir-duası olmadan hərəkət eləmək mümkün deyildi. Amma valideynlərimiz də bizim üçün yaxşı, düzgün mühit yaratmışdılar. Xüsusilə də atam həmişə bizimlə psixoloji söhbətlər edirdi. Dünyada baş verən qlobal hadisələrdən, siyasətdən tutmuş həyətdəki su borusunun partlamasına qədər bizim fikrimizi öyrənirdi. Düşünürəm ki, bizim çox yaxşı ailə modelimiz olub. Fikrimcə,
 
valideyn övladları üçün həm də psixoloq olmalıdır.
 
Bu baxımdan biz yarımışıq.
 
– Hollivud sevdasından sonra politologiyaya meyil necə yarandı?
– Valideynlərimə aktrisa olmaq istədiyimi deyəndə onların reaksiyasından anladım ki, bu, heç söhbət, mübahisə mövzusu ola bilməz. Bəlkə də onlar həkimliyi seçməməyimə dözərlər, amma qətiyyən aktrisa olmağımı istəmirlər. Ona görə də ixtisas seçimi qarşısında qalanda bildirdim ki, nə onlar deyən olacaq, nə mən deyən. Beləcə, politoloq olmağa qərar verdim. Validenlərim razılaşdılar, amma təəccübləndilər ki, prokuror, aktrisa, həkimlik hara, politologiya hara? Valideynlərimin narahatçılığını anlayıram, ona görə də kompromisə gedirdim, eyni zamanda onlar da güzəşt edirdilər. Bizim cəmiyyətimizdə gender məsələsi hələ həllini tapmadığından yaxınlar, qohum-qonşu, tanıyanlar deyirdilər ki, qız hara, politologiya hara? Oxuyub qurtarıb kim olacaqsan, nə işləyəcəksən?
 
Universitet illərində ictimai fəal olmamışam.
 
Fikrimi daha çox təhsilə ayırmışam. İşim-gücüm oxumaq olub, deməzdim ki, hamıdan əla oxuyurdum, amma tələbə yoldaşlarım təsdiqləyərlər ki, mən oxuyanlar sırasındaydım. Çox yaxşı, tələbkar müəllimlərim olub. Politologiya, siyasi proqnozlaşdırma, siyasi analiz fənlərini mənə çox yaxşı tədris ediblər. Magistraturanı isə milli təhlükəsizlik və siyasi strategiya üzrə bitirdim. Sonra atam istəyirdi ki, mən universitetdə qalım işləyim. Mən istəmədim. Gələcəyimi başqa cür təsəvvür eləyirdim. Gedib Gənclər Təşkilatları Milli Şurasına könüllü yazıldım. Onların xaricə çıxışları var idi.

Xaricdə təhsil almaq kimi bir istəyim olmayıb.
 
Sadəcə, mən Azərbaycan gəncliyinin portretinin, həqiqətlərimizin Avropa məkanında tanıdılmasını istəmişəm. Amma anlamışam ki, bunu tək edə bilmərəm, burada güc, təşkilatlanma, birgə fəaliyyət lazımdı. Bu, tək mənim işim deyil, mənim kimilərin birgə, həmrəy işidir. Burada diaspor, lobbi, siyasət işi var. Gənclər Təşkilatları Milli Şurasında bir müddət fəaliyyət göstərəndən sonra rəhbərimiz millət vəkili Fuad Muradov məni mətbuat katibi təyin elədi. Yəqin ki, könüllü kimi töhfələrim olduğuna görə, özümü göstərə bilmişdim, insanlarla rahat ünsiyyət qura bilirdim. Bu, mənim üçün tramplin və həm də valideynlərim qarşısında da özünütəsdiqim oldu. Bu işlərdə nənəm həmişə mənə dəstək olub, bu mənada
 
nənəmi ictimai vəkilim hesab edirəm.
 
– Fikrinizcə, Azərbaycan gənci Avropa qarşısına hansı dəyərlərlə  çıxmalıdır və hansı şəkildə Avropaya inteqrasiya etməlidir?
– Azərbaycan gənci ilk növbədə avropalıdan iki dəfə intellektual olmalıdır. Öz ölkəsini çox sevməlidir. Patriotik sevgidən daha çox öz ölkəsinin nemətlərini, adət-ənənəsini, öz ölkəsinin uğurlarını sevməlidir. Bu sevgi özünü qatı millətçilik, şovinizm şəklində göstərməməlidir. Azərbaycanlı öz ölkəsini tanıyaraq elə sevməlidir ki, mədəniyyətini paylaşa bilsin, qarşı mədəniyyətdən müsbətləri götürə bilsin. Şovinistlər, millətçilər onlara qarşı mədəniyyətdən heç nə götürmək istəmirlər.

İnteqrasiya mütləq baş  verməlidir, çünki bunsuz inkişaf olmayacaq.

Hansısa bir təsir olmalıdır, ancaq bu, öz milli dəyərlərini sevməyi kölgə altına salmamalıdır. Öz gənclik tipajını da düzgün təqdim eləməlidir. Azərbaycan gənci təşəbbüskar olmalıdır. Dediyim bütün istiqamətlər üzrə Azərbaycan gənci avropalını üstələməlidir. Təbii ki, dünyəvi, açıq, tolerant olmalıdır. Azərbaycan gənci bunlara sahibdirsə, o, Avropa məkanında özünü tam olaraq realizə edə biləcək. Bu gün Azərbaycan gəncliyi xaricdə həm təmsil olunur, həm təhsil alır.
 
Bugünkü gəncliyimiz qaynayır,
 
təşəbbüskardır, fəaldır. Amma bu, bizə azdır.
 
– Söhbətimiz 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsinə təsadüf edir. Kimlərdən hədiyyə gözləyirsiniz?
– Oyy.... nə gözəl sual verdiniz? İctimai fəal insan olmaq o deməkdir ki, ətrafında çoxlu insanlar var və səni tanıyırlar. 8 Mart ərəfəsində, həmin gün, ətrafında olan bütün əks cinsin nümayəndələri məni təbrik edir, hədiyyə də verir və həqiqətən həmin gün hiss edirəm ki, mən xanımam (gülür).
 
– Cəmiyyətin qəbul etdiyi kimi, “kişi işi” ilə məşğulsunuz, ona görə?
– Deməzdim ki, “kişi işi”dir. Mən özümü bu işdə insan olaraq hiss edirəm. Amma həmin gün ərəfəsində hiss edirəm ki, mənim xanım faktorum var, gəncəm, işimə, fəallığıma görə deyil,
 
məhz cinsimə görə diqqət mərkəzindəyəm,
 
məhz xanım olduğum üçün insanlar məni təbrik edir. Bu, çox xoşdur. Gül hədiyyə almağı çox sevirəm. Xüsusilə də ağ qızılgülü. İstəyirəm ki, mənə çoxlu ağ qızılgüllər bağışlasınlar.
Tanıyan insanlar mənə həmişə məhz elə ağ qızılgül verirlər. Amma başqa hədiyyələri də sevirəm, məsələn parfüm, zinət əşyası, lap elə İPad və sair...(gülür)
 
– Kimdənsə xüsusi bir hədiyyə də gözləyirsiniz yəqin?
– Olacaq təbii. Olmalıdır da, mən belə düşünürəm. Bu çox vacibdir. Ümumiyyətlə, xanım şəxsi həyatı ilə iş həyatını mütləq şəkildə balanslaşdırmalıdır. Xanım xanımlığını da qorumalıdır, həm də cəmiyyətə nümunə olmalıdır. Mən belə düşünürəm ki, dünyada xanım cəmiyyətə ən yaxşı nümunədir. Xanım həm xanımlığını qoruyursa, həm də iş həyatını uzlaşdırırsa, bu, qəhrəmanlıqdır.
 
– Sizcə, qadınlara ildə bircə gün ayırmaq az deyil?
– Çox azdı. Amma ildə beş dəfə olsa, bunun marağı olmaz.
 
– Kişilər hətta o bir gün üçün şikayətlənirlər...
– Düzdür, amma heç olmasa, ildə bir dəfə də olsa, 8 Martda bizim kişilər qadın haqqında düşünür. Mənim üçün əslində fərq eləməz, qadın günü, kişi günü, mənim üçün hər gün insan günüdür. Biz həmişə sevdiklərimizə diqqət ayırmalıyıq. Hər gün səhər evdən çıxanda, evə dönəndə heç olmasa, xoş sözü əsirgəməməliyik. 8 Martın tarixi, qadının fəlsəfəsi, cəmiyyətdə rolu fərqlidir.
 
Cəmiyyətdə  kişi qadını əvəz edə bilmir, amma qadın bunu bacarır – bu, faktdır.

– Bir az iddialı səsləndi... məsələn, Belinski qadını həyatın bütün mərhələlərində kişinin xilaskarı adlandırırdı...
 
– Psixoloqlar, həkimlər, sosioloqlar söyləyirlər ki, dünya dağılsa, Marsda həyat olsa, onda oraya sayca qadınları daha çox göndərmək lazımdır. Və bu say iki dəfə çox olmalıdır. Çünki qadının iki funksiyası var; Həm cəmiyyət üçün yararlı, bir də istehsal, yaradıcılıq funksiyası. Bu gün dünya elmi, tibb sübut edir ki, qadın hər bir halda ana ola, təkbaşına uşaq dünyaya gətirə bilir. Qadının bu rolu onu iki dəfə gücləndirir. Kişidə o rol yoxdur və ola da bilməz. Kişinin fizioloji olaraq özü-özlüyündə, təkbaşına dünyaya övlad gətirmək funksiyası yoxdur. Qadında isə bu mümkündür.
 
Bir kişi və beş xanımla başqa dünyada həyatı təmin eləmək olar.
 
Cəmiyyətdə  də qadın həmişə kişidən çox olmalıdır. Qadın kişidən çox olduqda o cəmiyyətdə demoqrafik çoxalma gedir. Qadınların az olduğu cəmiyyətdə demoqrafik azalma gedir həmişə. Qadının müqəddəsliyi, gücü dünyaya övlad gətirməyindədir. Həmişə deyirəm ki, bəzən kişilər hörmət əlaməti olaraq stulu çəkib xanıma yer göstərirlər, deyirlər ki, qadın çəkə bilməz, mən çəkim. Amma kişilər unudurlar ki,
 
qadın doqquz ay ərzində ağır bir yük daşıyır.
 
Elə bir yük ki, kişi onu çəkə bilməz. Hər şey bir yana, əsəbləri belə buna dözməz. Biz əgər həyatın davamlı olmasını istəyiriksə, qadınların cəmiyyətdə çoxalmasını təmin eləməliyik. Yəni, kişilərin yox, qadınların. Bu faiz nisbəti həmişə qadınların xeyrinə 51/ 49 olmalıdır. Qadının sayı həmişə kişidən 1-2 faiz artıq olmalıdır. İstəmirəm ki, dediklərim feminizm kimi anlaşılsın.
 
Mən birmənalı şəkildə feminist düşüncələrə qarşıyam.
 
Bu da səhv yanaşmadır. Mənim fikrimcə, hər iki cinsə bərabər  şərait yaradılmalıdır. Təşkilatmızda da həmişə qeyd edirəm ki, qadın-kişi ayrımı etmək olmaz. Həm qadına, həm kişiyə bərabər imkanlar yaradılmalıdır. Niyə qadın da, kişi də tutalım, Avropada keçirilən hansısa bir proqramda iştirak eləməsin? Ədalətlilik prinsipini nəzərə alsaq, qadınların rolunun cəmiyyətdə gücləndirilməsinə ehtiyac var ki, gərək o balansı qoruyaq. Çünki savadlı, erudisiyalı qadın savadlı cəmiyyətin qarantıdır. Bu, həm də yeni bir modeldir. Biz qadın cəmiyyəti, kişi cəmiyyəti yox, insan cəmiyyəti yaratmaq istəyirik ki, bir qərar qəbul ediləndə qadın mövqeyi də nəzərə alınsın, kişi mövqeyi də. Gender bərabərliyi olmayan, stereotiplərin daha çox mövcud olduğu ölkələrdə düşünürəm ki, insanlığın vəhdəti pozulur.
 
– Qadın və kişidən söhbət düşdüsə, istər-istəməz əzəli-əbədi mövzuya – sevgiyə gəlib çıxırıq. İlk sevgi etirafını xatırlayırsınızmı?
 
– Mənə ilk sevgi etirafını 5-ci sinifdə ediblər.
 
Həmin insanın məhəbbəti düz dörd il davam edib. Çox şıltaq idim. Mənə yazılan sevgi məktublarını sinifdə stulun üstünə çıxıb nümayişkaranə şəkildə hamıya oxuyurdum ki, yazan biabır olsun. 7-ci sinifdə oxuyanda da çox inadkar bir oğlan sevirdi məni, hara getsəm, qarşıma çıxırdı, əl çəkmirdi, aman vermirdi. Təbii ki, mən onun hisslərinə qarşılıq verə bilməzdim. Ümumiyyətlə, məktəb dövründə özümün sevgi macəram olmayıb. Mən ancaq şıltaqlıqla yadda qalmışam. Bu etiraflar mənə çox gülünc gəlirdi. Sinfimizdə bir oğlan var idi. Ən pis oxuyan, elə də hörməti olmayan biri idi, mən zarafatla ona sevgi etirafı eləmişdim. O da inanmışdı. Sonra da demişdim ki, yalan demişəm.
 
– Düma yazırdı ki, sevgi bizi böyük işlərə ruhlandırır və bu işləri görməyə mane olur...
– Tamamilə doğrudur. Sevgi çox yaxşı bir adrenalindi. Sevgi yaxşı motivasiyadır. Sevgi insanın başqa bir aləmidir. İnsan sevəndə başqa cür yaşayır. İnsan iş həyatında bir cürdü, sevgi həyatında başqa cür.
 
–Sizdə o ikiləşmə var?
– Məndə də var. Sevgiyə həm inanıram, həm də inanmıram. O baxımdan inanıram ki, bu məfhum var, o hiss olmasaydı, dünya indiyə kimi dağılardı. Sevgi olmasaydı, indiki cəmiyyətdə, bu düzəndə yaşamazdıq. O baxımdan inanmıram ki, hər insanın sevgisi də sevgi deyil axı. Kimi dindirirsən, sevgi yaşayıb.
 
– Amma bu kimdə isə fizioloji prosesdir, kimdə isə mənəvi...
– Bəli, hərə sevgini subyektiv olaraq bir cür anlayır. Biri bağlılıq, biri öyrəşmə, biri hörmət, bir tamamlanmamış qarşılıqsız hiss kimi... Bu mənada inanmıram. Sevgi sözü özü bir ixtiradı, yeni bir məfhumdur. Bunu insanlar kəşf edib. Sevgi narkotiklə bərabərdir. Alimlər araşdırıblar ki, sevən insanlar narkotikdən alınan həzzi hiss edirlər.
 
Sevgi insanın təbii narkotikidir.
 
Və  onun müddəti dörd ildir.
 
– O müddəti alimlər hazırda lap qısaldıblar, bir ilə endirənlər də var...
– Yəni maksimum 4 ildir. Yəni dörd il ərzində sən o təbii narkotiki maksimum hiss eləyə bilərsən. 4 ildən sonra o təsir bitir, insan yenidən onu istəyir, lakin həmin həzzi hiss edə bilmir. Bu da insanı depressiyaya sala bilir- eynən narkotikdən məhrum olmuş narkomanlar kimi. Hər bir insan sevgini öz təfəkkürünə uyğun tərzdə yaşayır. Mənim həyatıma gəlincə, fikrimcə, sevgi bir yerdə başlayıb bir yerdə bitməməlidir. Məncə, əsl sevgi bitmək bilmir, bəzi məqamlarda insana elə gəlir ki, o bitib. Amma bitmir, başqa məsələlərə keçir, ümumilikdən xüsusiliyə, konkretliyə keçir. Bəzən hiss etdiklərinin sevgi olmadığını düşündüyün zaman elə bir şərait yaranır, anlayırsan ki, yox, mümkün deyil, onsuz mənim siklim davam eləyə bilmir.
 
Bu da çox az insanlarda rast gəlinir. Mənim düşüncəmdəki sevgi budur. Onu gözləmirəm, həyatımda da yoxdur. Olsa da mən hazıram, olmasa da. Sevgi düşkünü olan bir insan da deyiləm. Amma romantikliyim var. Gözəl, həzin musiqiləri çox sevirəm, Azərbaycanın klassik musiqilərini, Avropa, qərb musiqisini çox bəyənirəm. Dənizə baxmağı çox sevirəm. Bu tərəfdən romantikliyim var. Amma mən öz həyatımda xüsusi sevgi gözləyən bir insan deyiləm. Çünki Allah insana bir ömür və o ömürdə qarşısına çıxandan istifadə etmək bacarığını da verir. Qarşıma nə çıxırsa, mən ondan istifadə edirəm. Və belə deyək, sevgi abstrakt məsələdir. Təbii ki, bu günə kimi xoşladığım əks cins nümayəndələri olub. Bu, təbii insan halıdır.
          
– Mütaliə də edirəm. Tarixi əsərləri xoşlayram. Bu yaxınlarda Bəxtiyar Tuncayın “Türkün gizli tarixi” və Yunus Oğuzun “Nadir şah” əsərini oxumuşam. Yeniliyə qaçan insanam, ona görə də yeni nə çıxsa, oxuyuram. Dünyaədəbiyyatından indi Marşal Qoldsmitin “What Got You Here Won’t Get You There” əsərini bitirmək üzrəyəm. Burada əsasən insanın çatmaq istədiyi məqsədə düzgün necə nail olmaqdan söhbət açılır. Bu əsərdə insanın mərhələ-mərhələ motivasiyası, psixoloji durumu, ümumiyyətlə, necə uğur əldə edə bilməsi haqda danışılır. Bir də bu günlərdə araşdırmaq məqsədilə Əkrəm Əylislinin “Daş yuxular”ını oxumuşam. Fikrimcə, o, əsər deyil, mövqedi. Çox təəssüfləndim ki, bizim yazıçımız necə belə bir əsər yaza bilər, belə mövqe sərgiləyə bilər? Dəhşətdi. İndi çox istərdim, XX əsrin əvvəllərində yazıb-yaradan yazıçıların əsərlərini, xüsusilə Almas İldırımı, eləcə də repressiya dövrü ədəbiyyatımızı oxumaq istəyirəm.
 
– Avropaya inteqrasiyanın qatı tərəfdarısınız. Bəs avropalı ilə ailə qurarsınızmı?
– Bu məsələyə çox yaxşı baxıram. Ümumiyyətlə, azərbaycanlı xanımların avropalı ilə evlənməyi yaxşı haldır. Çünki bu, həm də bizim lobbimizdir. Onun övladı da azərbaycanlı olacaq. Ona görə də bu, çox yaxşıdır. Amma
 
mən avropalı ilə ailə qurmaram.
 
Bu günə kimi hardasa, 5 nəfər əcnəbidən evlilik təklifi almışam. Amma düşünmürəm ki, mən əcnəbi ilə evlənərəm. Mənim fikrimcə, iki insan arasında elektrikləşmə deyilən bir anlayış ki var, o baş verəndə, istər Avropa, istər Azərbaycan düşüncəli olsun, fərq etməz. Düşünürəm ki, burada əsas məsələ dialoqdu, bir-birilərini düzgün sözlərlə ifadə etməkdi. Mənim üçün ailə modeli öz ailəmdir. Atam da, anam da həmişə işləyib, çalışıb. Onlar hər zaman bizə düzgün tərbiyə verməkdən başqa, bizim yaradıcı insan kimi böyüməyimizə çalışıblar. Musiqi təhsili almışıq, əlavə olaraq ingilis, fransız dilini öyrənmişik. Öz ailəmdə necə görmüşəmsə, gələcəkdə də mən övladlarıma elə münasibət göstərəcəyəm. Mənim ailə modelim heç də digərlərindən fərqlənmir, amma məsələ ondadır ki,
 
ailə quracağım insan mənim dünyamdan olmalıdır.
 
Söhbət işimdən getmir, biz bir-birimizi başa düşəcəyik, çünki o məni, mən də onu olduğu kimi qəbul etməliyik. Sonradan dəyişmələr, başqa məsələlər olmamalıdır. Mənim gələcək ailəmdə kompromis olacaq, o insan mənim iş həyatıma dəstək, daha da irəliləməyimdə dayaq olacaq. Mən bu cür görürəm, başqa cür əsla. Çünki mən həmişə istəyirəm ki, yaşadığım cəmiyyətə töhfələr verim. Hər zaman istəyirəm, Azərbaycanın səsi elə yüksəkliklərdən gəlsin ki, biz fəxr eləyək. Arzulayıram ki, Azərbaycanın pis günləri geridə qalsın, ancaq yaxşı günlər yaşasın. Azərbaycan gəncliyini ancaq mübariz, intellektual, savadlı görmək istəyirəm. Mən qələbəmizi, ərazi bütövlüyümüzün yenidən bərpasını görmək istəyirəm. Arzulayıram ki, bütün beynəlxalq tədbirlərimizi Qarabağda, Şuşada, Xankəndində, Xocalıda keçirək. Əminəm ki, belə də olacaq. Mən qarabağlı olmasam da, azərbaycanlıyam. Ta ki, ərazi bütövlüyümüz təmin olunana qədər hamımız qarabağlı olacağıq. Məsələyə bu cür yanaşdığımdan mütləq gələcək həyat yoldaşım da bu cür düşünməlidir.

Sevinc MÜRVƏTQIZI