İlhamə Flora Kərimovaya görə Coşquna əsəbləşib? - açıqlama

İlhamə Flora Kərimovaya görə Coşquna əsəbləşib? -  açıqlama
3433 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli mediaya müraciət ünvanlayıb.

Axşam.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, saytlardan birində xalq artisti haqda əsassız xəbərlər yayılıb:

“Ötən gün “Bu Şəhərdə" komandasının üzvü, aktyor Coşqun Rəhimovun qızı Günelin toy məclisində iştirak edən “Şöhrət” və “Şərəf” ordenli İlhamə Quliyevanın məclisi yarımçıq tərk etməsinin səbəbini saytlardan biri heç bir fakta əsaslanmadan, yanlış işıqlandırıb. Guya məclisdə İlhamə xanımdan əvvəl Flora Kərimovaya söz verilməsi xanım Quliyevanı çox qəzəbləndirib və o, bu addımı atıb. Əvvəla, diqqətinizə çatdırırıq ki, həmin məclisi idarə edən müğənni Rüfət Axundov İlhamə xanıma yaxınlaşaraq təbrikini söyləmək və mahnı oxumaq üçün ona söz vermək istədiyini bildirib. Lakin sənətkar xahiş edib ki, bunu etməsin, toyda yalnız 15 dəqiqə iştirak edəcək, çünki onu başqa bir tədbirdə artıq gözləyirlər.

Eyni zamanda bu yazının müəllifinin diqqətinə çatdırmaq istəyirik ki, toy məclisini yarıdan tərk etmək nəinki məşhurlara, sıradan insanlara da xasdır. Əgər bir gündə iki toyda iştirak edirsənsə, məcburən bu addımı atmalısan. Elə İlhamə xanım da həmin gün daha bir tədbirdə iştirak etməli olduğu üçün toy məclisində sonadək qala bilməyib. Burda qeyri-adi və təəccüblü heç nə yoxdur. Həmin məclisdən çəkilmiş fotoşəkillərə də baxsaq, görərik ki, İlhamə xanımın əhval-ruhiyyəsi çox gözəldir və həmin məclisdə kimlərin iştirak etməsi sənətkarı ümumiyyətlə maraqlandırmayıb. Məlum məsələdir, toy və yas məclislərinə hətta dəvət olunmayanlar da gələ bilər. Onlara heç kəs “get” deməyəcək.

Biz başa düşürük ki, İlhamə xanım elə bir insandır ki, onun atdığı hər bir addım maraqla qarşılanır və bəzi saytlar bundan oxucu kütləsi toplamaq məqsədi ilə istifadə edirlər. Amma onu da unutmayın ki, jurnalistikanın belə bir qanunu var: Hər hansı bir material işıq üzü görməzdən əvvəl faktlar dəqiqləşdirilməlidir. Əlbəttə, bu, təhsil almış jurnalistlərə aiddir. Digərlərindən isə biz heç nə gözləmirik”.