Heydər Əliyev Sarayında möhtəşəm Yeni il şənliyi hazırlanır

Heydər Əliyev Sarayında möhtəşəm Yeni il şənliyi hazırlanır
1504 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Sarayı 2013-cü ilin yanvar ayının 3-dən 5-dək uşaqlar üçün növbəti dəfə Yeni il şənliyi təşkil edəcək.

Axşam.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, sarayın rəhbərliyi tamaşaçıların çoxsaylı zəngləri və müraciətlərini nəzərə alaraq yanvarın 5-də saat 13:00-da əlavə, saat 16:00-da ikinci seansın keçirilməsini qərara alıb.

İkinci seansın biletləri artıq satışdadır və şəhərin kassalarından əldə etmək olar.
Uşaqların marağına səbəb olacaq konsertdə milli və müasir rəqslər, muğam və aşıq ifaları, illüziya şousu, rəngarəng çıxışlar və digər sürprizlər gözlənilir. Bundan əlavə, bir sıra estrada ulduzlarının çıxışları nəzərdə tutulub.

Bununla yanaşı, konsert başlamazdan əvvəl saraydakı led ekranlarda uşaqlar üçün Yeni ilə aid cizgi filmləri nümayiş ediləcək. Şənlikdə bütün konsert boyu uşaqların əyləncəsinə rəng qatacaq lazer şou da təşkil olunacaq.

Heydər Əliyev Sarayının təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək Yeni il şənliyində al-əlvan şam ağacının ətrafında toplaşacaq uşaqlar Şaxta baba, Qar qız və digər nağıl qəhrəmanları ilə birgə əylənəcəklər.

Yeni il şənliklərində kimsəsiz, şəhid, veteran, əlil ailələrindən olan uşaqlar da qayğı və diqqətdən kənarda qalmayacaqlar. Sarayın rəhbərliyi tərəfindən onlara ön sıralardan təmənnasız yerlər ayrılacaq.

Hazırda Yeni il şənliyinin məşqləri aparılır.