"Eurovision-2013" təmsilçimiz dünya çempionunun oğlu çıxdı (Foto, video)

"Eurovision-2013" təmsilçimiz dünya çempionunun oğlu çıxdı (Foto, video)
5010 dəfə oxunub
  • A-
  • A
  • A+

Anası Maya Məmmədova yüngül atletika üzrə dünya çempionu olub.

Azərbaycanı “Eurovision-2013” müsabiqəsində ilk dəfə tək oğlan təmsil edəcək. Bundan əvvəl Elnur Hüseynov-Samir, Eldar-Nigar və Araş-Aysel cütlüyü istisna olmaqla hələ ki, bu müsabiqədə Azərbaycanı daha çox qızlar təmsil edib.

Bu ilki təmsilçimiz Fərid Məmmədov haqqında maraqlı informasiyaları oxuculara təqdim edirik.

Fərid Məmmədov 30 avqust 1991-ci ildə Bakıda doğulub. Orta təhsilini Elitar gimnaziyada alıb. O, 1 nömrəli musiqi məktəbində də oxuyub. Eyni zamanda Fərid uşaq yaşlarında kapuera ilə məşğul olub. Altı yaşından isə əməkdar artist Aybəniz Haşımovanın yaratdığı “Bülbüllər”qrupunun solistidir.

F.Məmmədov musiqiçi ailəsində doğulmayıb. Onun anası Maya Məmmədova sovet dövründə yüngül atletika üzrə dünya çempionu olub. Atası Asif Məmmədov zəhmətkeş, sadə insandır.

Hazırda Fərid Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində sonuncu kursunda təhsil alır.

Fərid Məmmədov dünən Azərbaycanın Eurovision təmsilçisi seçilən kimi hamımız Fəridin uşaq vaxtı “Bülbüllər”dəki çıxışını xatırladıq. Elə bu səbəbdən qrupun yaradıcısı Aybəniz Haşımovadan Eurovision-2013” Mahnı Müsabiqəsində Azərbaycan təmsil edəcək tələbəsi Fərid Məmmədovu soruşduq.  Haşımova bildirib ki, Fəridin “Eurovision-2013”-ün seçim turlarına qatıldığını eşidəndən bəri çox həyəcan keçirib: “Fərid çox zəhmətkeş uşaqdır. O, seçim turlarına qatılanda mənimlə məsləhətləşdi. Düzü mən çox həyəcanlandım. Çünki o, uşaq yaşlarında Rəşid Behbudov, Şövkət Ələkbərovanı dinləyib. Xarici mahnılar ifa etməyə də meylli idi. Mənə öz ifasında dünya musiqilərini təqdim edəndə məəttəl qaldım. O, “Bülbüllər” qrupu ilə dünyanın 53-ölkəsində Azərbaycan bayrağını yüksəklərə qaldırıb”.

Təmsilçimizə İsveçdə keçiriləcək müsabiqədə uğurlar arzulayırıq.

Qafqazinfo.az