Azərbaycanda Qurban bayramı qeyd edilir

Azərbaycanda Qurban bayramı qeyd edilir
1469 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün İslam dünyası müqəddəs Qurban bayramını qeyd edir.

Axşam.az-ın məlumatına görə, bu il Azərbaycanda Qurban bayramı oktyabrın 4-də və 5-də qeyd edilir. Oktyabrın 5-də səhər saat 09:00-da “Təzəpir” məscidində Qurban  bayramı namazı qılınacaq.

Quranda yazılıb ki, dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır.

Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kimi kəsmək istəyərkən Allah bunu öz elçisinə rəva bilmir və qurbanlıq üçün ona bir qoç göndərir. Bu səbəbdən Qurban bayramında kəsilən qoça "İsmayıl qurbanı" da deyirlər.

Din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar.
Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslamda insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. İslama qədər bir çox dinlərdə insanları qurban vermə ayinlərinə rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insanı odda yandırırdılar. Onlar bu yolla Allaha yaxın olduqlarını göstərirdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkədə təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları suya atırdılar.

Xatırladaq ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.