Rəqsanə məhkəmə işindən danışdı

Rəqsanə məhkəmə işindən danışdı
1673 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün müğənni Rəqsanə İsmayılovanın bəstəkar Hikmət Aslanovun şikayəti üzrə məhkəməyə çıxacağı xəbəri yayılıb.

Axşam.az-ın məlumatına görə, "lent.az" saytında yayımlanan xəbərdə “Bakı Apellyasiya Məhkəməsində müğənni Rəqsanə İsmayılovanın işi ilə bağlı prosesə baxılıb. Hakim İlqar Murquzovun sədrliyi ilə bəstəkar-müğəni Hikmət Aslanovun şikayəti üzrə ilkin baxış iclası keçirilib və məhkəmə baxışı yanvarın 23-nə təyin edilib”, - deyə bildirilib.

Müğənni əməkdaşımızla söhbətində məlumatın yalan olduğunu deyib:

“Bu, yalandır. Məhkəmə iki il əvvəl keçirilib və qalib gəlmişəm”.

R.İsmayılovanın vəkili Xalid Bağırov isə açıqlamasında bunları söyləyib:

“Heç vaxt mümkün deyil ki, indidən yanvara məhkəmə təyin edilsin. Hikmət Aslanov iki il əvvəl şikayət vermişdi. Məhkəmə onun bu iddiasını təmin etməmişdi. Sonra Apellyasiya Məhkəməsinə müraciət olundu. Yenə də biz qalib gəldik. Hazırda məhkəmə olması ilə bağlı bizə heç bir məlumat verilməyib. İki il əvvəlin xəbərini yeni kimi təqdim etmək nə dərəcədə peşəkarlıqdır? Bu, yolverilməzdir”.

Qeyd edək ki, Hikmət Aslanov iki il əvvəl Rəqsanə İsmayılovadan Səbail rayon Məhkəməsinə şikayət edib. H.Aslanov şikayətində bildirib ki, Rəqsanə onun müəllifi olduğu mahnını oğurlayıb. Bəstəkar-müğənni Rəqsanənin Cinayət Məcəlləsinin 165.1-ci (müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə) maddəsi ilə cəzalandırılmasını istəyib.

Səbail rayon Məhkəməsində işə baxan hakim Hikmət Aslanovun şikayətini təmin etməyib. Hakim Rəqsanə İsmayılovanın əməlində cinayət tərkibinin olmadığı qənaətinə gəlib.

Onu da qeyd edək ki, Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov Rəqsanə İsmayılovanın “İnanımmı” mahnısını ifa etmişdi. Həmin mahnının musiqisi Hikmət Aslanova, sözləri isə Telli Pənahqızına aiddir.
Xatırladaq ki, Cinayət Məcəlləsinin 165.1-ci maddəsi ilə ittiham olunan şəxsləri əmlakı müsadirə olunmaqla, beş yüz manatdan min manatadək cərimə və ya üç ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.