MTRŞ-nın nöqsan tutduğu televiziya aparıcılarından münasibət

MTRŞ-nın nöqsan tutduğu televiziya aparıcılarından münasibət
5053 dəfə oxunub
  • A-
  • A
  • A+

Milli Televiziya və Radio Şurası (MTRŞ) dünən 2014-cü ilin sentyabr-oktyabr aylarına olan hesabatın nəticələrini açıqlayıb. Aparılan monitorinq nəticəsində İTV, “Xəzər”, “Lider”, “Space”, ANS və ATV-nin efirlərində ədəbi dil normalarının pozulması faktları aşkarlanıb.

Monitorinqin nəticələrinə görə, ədəbi dil normasından sapmanı əks etdirən 532 nümunə tədqiqata cəlb olunub.

Bunlardan 91-i “Xəzər”, 56-sı İTV, 89-u “Space”, 97-si ANS, 90-ı “Lider”, 85-i isə ATV-də müşahidə olunub.

Azərbaycan ədəbi dil normalarını ən çox pozan televiziya kanallarının aparıcıları sırasında isə İlqar Mikayıloğlu, Mətanət Əliverdiyeva, Turan İbrahimov, Elvin Basqallı, Saleh Bağırov, Mikayıl Güləddinoğlu, Elgiz Əkbər, Zəminə Əliyeva, Natəvan Babayeva, Samirə Mustafayeva, Vüsalə Nürəddinqızı, Türkay Verdiyeva, Gülnar Muxtarqızı, Qənirə Ataşovanın adları qeyd olunub.

Axşam.az xəbər verir ki, Modern.az saytı MTRŞ-nın iradlarına həmin aparıcılardan münasibət öyrənməyə çalışıb. Adı çəkilən aparıcıların hamısı ilə əlaqə saxlasaq da, bəziləri sorğumuza cavab verməyib.

“Adam içində” verilişinin aparıcısı Elgiz Əkbər MTRŞ-in hesabatında sadalanan iradları tamamilə haqlı sayıb:

“Hesab edirəm ki, göstərilən iradlar tamamilə haqlıdır. Çünki hesabat yayan qurumun başında Nuşirəvan Məhərrəmli kimi savadlı bir insan dayanıb. Onun mənimlə və həmkarlarımla bağlı iradları tamamilə haqlıdır və mən öz adıma həmin nöqsanların aradan qaldırılması üçün çalışacam”.

ATV telakanlının “Gün üzü” verilişinin aparıcısı İlqar Mikayıloğlu da bildirib ki, Teleradio Şurası öz işinin öhdəsindən yaxşı gəlir:

“Onlar işlərini bilirlər, nəyi, necə etmək lazım olduğunu da bilirlər”.

“MTRŞ-nın tutduğu iradların aradan qaldırlmasına çalışacaqsınızmı” sualına cavabı isə belə olub:

“Qabaqcadan nəsə deyə bilmərəm, söz vermirəm, yaşayarıq görərik”.

“Xəzər” televiziyasının aparıcısı Türkan Verdiyeva isə açıqlanan hesabatdan xəbərsiz olduğunu bildirib:

“Hazırda tədbirdəyəm, açıqlamadan xəbərim yoxdur.Tanış olan kimi açıqlama verərəm” desə də, sonrakı zənglərimizə cavab verməyib.

ATV-nin xəbər aparıcısı Samirə Mustafayeva tənqidlərin onu daha da irəli apardığını söyləyib:
 
“Əslində mən tənqidlər üzərində püxtələşmişəm. Heç vaxt "bildiyim düzdür" deyə  düşünmürəm. Tənqidlərdən nəticə çıxarmaq özü insanı irəliyə aparır. Hesabat bizə də gəldi, rəhbərlik başda olmaqla hamımız tanış olduq. Halbuki, bundan əvvəlki hesabatda mənim adım yox idi, hətta tərifləmişdilər. Bu həqiqətən məni sevindirmişdi. Amma budəfəki hesabatda mənə 2 irad tutulub. Xəbər blokunu özüm yığmağıma baxmayaraq, efirdə özümdən əlavələr edirəm. Bu mənim çılğın, emosional insan olmağımdan irəli gəlir. Xəbəri oxuyanda “demək”, “demək ki”, “məsələn” kimi sözlərdən çox istifadə edirəm. Hər iki səhvi normal qiymətləndirirəm və qəbul edirəm”.

Space telekanalının xəbər aparıcısı olan Elvin Basqallı da MTRŞ-nın tənqidlərilə razılaşdığını açıqlayıb:

“Mən tam ali təhsilli ve ixtisası üzrə magistr təhsili alan bir jurnalistəm. Birinci növbədə jurnalist, daha sonra isə aparıcıyam. Hazırda ana xəbər aparıcısıyam və yaradıcılıq məhsuldarlığımın bol olduğu dövrdə hər hansı qüsurlar da qaçılmazdı. Ən çox dil normasını pozan aparıcılar sırasında olmağımın, həm də ən çox efirdə olmağımla bir əlaqəsi var. Əksər hallarda suflyordan imtina edirəm. Sərbəst şərhlər və təqdimatlar etdiyim vaxt canlı efirdə qüsurlar olur. İstənilən halda tənqidlərə açığam ve iradları dəqiq gözdən keçirəcəm”.

Danışan, amma “xahiş edirəm, danışdıqlarımı verməyin” deyən aparıcılar da oldu. Biz də onların xahişini bu dəfə nəzərə aldıq.