Deputat pulu cıran əkiz bacılardan danışdı

Deputat pulu cıran əkiz bacılardan danışdı
10551 dəfə oxunub
  • A-
  • A
  • A+

”Xəzər” TV-də Sevil-Sevinc bacılarının verlişinə baxmışam. Qızlar istedadlı olmalarına baxmayaraq Azərbaycan milli təfəkküründən uzaqdırlar və görünən budur ki, onlar ölkəmizdə böyüyüb formalaşmayıblar”. 

Axşam.az-ın “a24.az”a istinadən məlumatına görə, bu sözləri Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bacılardan birinin canlı efirdə manatı cırmasına münasibət bildirərkən deyib.

Onun fikrincə, bacılarda milli şüur, milli mənlik problemi var:

“Milli şüurun yetərincə olmaması, milli mənliyin kifayət qədər formalaşmaması onların bu davranışlarına gətirib çıxaran amillərdəndir. Yəqin ki, bu da onların milli valyutamıza münasibətini göstərir”.

Deputat deyib ki, Azərbaycanın iqtisadi müstəqilliyinin atributlarından olan manata hörmətsizlik haramlığın ifadəsidir:

“Bu, Azərbaycanın dövlətçiliyinə və müstəqilliyinə təhdiddir. Bizim valyutamız həm də Azərbaycan iqtisadiyyatının, maliyyə sisteminin  göstəricisidir. Bayraq, himn, gerb Azərbaycanın siyasi müstəqilliyinin, manat isə bizim iqtisadi müstəqilliyimizin atributudur”.

Aparıcının hərəkətində cinayət tərkibinin olub-olmamasını deyə bilməsə də, F.Ağamalı hesab edir ki, bu, cinayətdən çox insana təsir edən ictimai qınaqdır:

“Əgər bu qınaq təkcə saytlarda deyil, eyni zamanda, “Xəzər” TV-nin özünə qədər gedib çatırsa və KİV-lərdə ictimai qınağa səbəb olursa, bu, özü-özlüyündə onlar üçün çox böyük cəza olardı”.

Xatırladaq ki, bu gün “Xəzər” televiziyasında yayımlanan “Hər şey daxil” verilişində aparıcılar Sevil-Sevinc bacılarından biri mahnı oxuyarkən Azərbaycan manatını cırıb.