YAP-dan canlı yayımda manatın cırılmasına reaksiya

YAP-dan canlı yayımda manatın cırılmasına reaksiya
4159 dəfə oxunub
  • A-
  • A
  • A+

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov “Xəzər” televiziyasının aparıcıları olan Sevil-Sevinc bacılarının bu gün efirdə Azərbaycan manatını musiqi sədaları altında cırmalarına münasibət bildirib.

Axşam.az xəbər verir ki, YAP-çı deputat S.Novruzov Publika.az-a açıqlamasında teleaparıcıların bu hərəkətini pislədiyini söyləyib:

“Bütün insanlar Azərbaycanın milli atributlarına hörmətlə yanaşmalıdır. Azərbaycan dövlətinin bayrağına, gerbinə, himninə, milli manatına, həmçinin müqəddəs kitablara, o cümlədən Qurani-Kərimə hörmətlə yanaşmaq lazımdır. Çünki bu, hər bir vətəndaşımızın borcudur. Hər bir dövlət üçün müqəddəs və toxunulmaz hesab olunan məsələlərə ehtiyatla yanaşılmalıdır. Bu baxımdan da hesab edirəm ki, Azərbaycan manatının efirdə cırılması yolverilməzdir.

Vaxtilə Yeni Azərbaycan Partiyası parlamentdə məsələ qaldırdı ki, toy-nişanlarda yerə səpilən pullarla bağlı adət ləğv edilsin. Çünki yerə səpilən həmin pullar Azərbaycanın milli manatı idi. Bu isə doğru deyil idi. O zaman biz çıxış etdik və məsələ qaldırdıq ki, manat Azərbaycanın atributudur, pulu yerə səpmək olmaz. Gördüyünüz kimi, o zaman bizim qaldırdığımız bu məsələ bu gün öz həllini tapıb, artıq, toylarda pul səpilmir”.

Xatırladaq ki, bu gün “Xəzər” televiziyasında yayımlanan “Hər şey daxil” verilişində dövlətimizi və millətimizi təhqir edən hərəkətə yol verilib. Belə ki, verilişin aparıcıları olan əkiz Sevil-Sevinc müğənni bacılarından biri kadr arxasından verilən Azərbaycan manatını alaraq digər əkizinə ötürüb. Digər bacı isə manatı musiqi sədaları altında cırıb.