Azərbaycan filmi iki beynəlxalq festivalda

Azərbaycan filmi iki beynəlxalq festivalda
1388 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi daha iki beynəlxalq kinofestivalın əsas müsabiqəsində iştirak edəcək.

Axşam.az-ın məlumatına görə, rejissor AzərTAc-a bildirib ki, Hindistanda keçiriləcək “II Noida Beynəlxalq film festivalı-2015”də “Çölçü” ən yaxşı bədii film, rejissor, ssenari yazarı, operator, aktyor və aktrisa və digər nominasiyalarda yarışacaq.

Mükafatlar 2015-ci il fevralın 14-də təqdim olunacaq.

“Çölçü” filmi, həmçinin 2015-ci il martın 6-dan 15-dək Avstraliyanın Bayron Bey şəhərində keçiriləcək IX Bayron Bey Beynəlxalq film festivalında (Byron Bay International Film Festival) bir neçə mükafat üçün yarışacaq.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

Filmin süjet xətti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən gəlmiş qızla tanışlığından sonra həyatında baş verənlər üzərində qurulub.

Qeyd edək ki, dünyanın 5 qitəsini gəzərək bir neçə mükafat və diplomlara layiq görülən “Çölçü” bədii filmi bu festivallara qatılmaqla indiyədək sayca 27 beynəlxalq kinofestival və forumlarda iştirak etmiş olacaq.