"Tamaşaçını şoka salmağı sevirəm" - fotosessiya

"Tamaşaçını şoka salmağı sevirəm" - fotosessiya
2442 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Təranə Mahmudova Axşam.az saytının əməkdaşı ilə sənətindəki yeniliklərdən, gələcək planlarından və şəxsi həyatından danışıb.

"MƏNƏ MÜNAQİŞƏ YARADAN MÖVZULAR LAZIM DEYİL"

“Verilişlərdə nadir hallarda qonaq oluram. Çünki bəzən aidiyyatı olmayan müzakirələrə yer verilir. Mənə münaqişələr yaradan mövzular lazım deyil. Bəzi verilişlər qalmaqala, sosial-məişət problemlərinə həsr olunur. Həmin verilişlərə qətiyyən getmirəm. Mənim üçün gündəmdə qalmaq pulla bağlıdır. İmkanım çox olsaydı, gözəl klassik bəstələri yeni aranjimanda təqdim edərdim.
Azərbaycan mahnılarını sevərək oxuyuram. Amma nədənsə dinləyici məni daha çox xarici musiqi ifaçısı kimi tanıyır. Tamaşaçını şoka salmağı sevirəm. Bəstəkar mahnılarında həmişə problemim olur. İndi mahnı qıtlığıdır. Gənc bəstəkarlar arasında iş görənlər çoxdur. Amma hələ öz bəstəkarımı tapmamışam. Azərbaycan ədəbiyyatını çox gözəl bilirəm. Hətta bəzən aparıcılarımızın səhvlərini tuturam. Uşaqlarıma ilk növbədə Azərbaycan dilini öyrədirəm. Paralel olaraq rus dili üzrə təhsil alırlar. Onları azərbaycandilli bağçaya qoyanda hamı mənə təəccübləndi ki, axı sizin ailə rusdillidir".

“TOYLARA GEDƏRKƏN DİQQƏTLİ SEÇİM EDİRƏM"

"Hazırda caz musiqisinə diqqət göstərirəm. Elbəy Məmmədzadənin triosu ilə çalışıram. Payızda konsert verəcəyik. Toylara da gedirəm. Amma hədsiz dərəcədə diqqətli seçim edirəm. Çünki mənim özüməməxsus auditoriyam var. Tofiq Quliyevin mahnılarını çox sevirəm. Maraqlı, rəngarəng toy repertuarım var".

"FLORA KƏRİMOVADAN DUET TƏKLİFİ ALDIM"

"O, mənə bu təklifi edəndə çox təəccübləndim. Utandığımı görüb dedi ki, sənə nə olub, başqası olsaydı, qapımda yatmışdı. Mənim üzüm gəlmir. Yoxsa çoxdan gedib qapısını kəsdirib, duet oxumuşdum. Eyyub Yaqubovdan da duet təklifi almışdım. Ümumiyyətlə, utancaq insanam. Heç kimin üstünə çox getməyi xoşlamıram".

"HƏYAT YOLDAŞIM MƏNƏ QADAĞA QOYMUR"

"O, sənətdə mənə dəstək olur. Getdiyim hər yerdə yanımdadır. Çox tələbkardır. Heç vaxt mənə qadağa qoymur. Bu baxımdan xoşbəxt insanam. Özüm də konservativ düşüncəliyəm. Bizim aramızda qısqanclıq olmur, narazılıqlar yaşanmır".

Zəhra Əhmədova

Foto: Ramin Aslanov