Polad Bülbüloğlunun yubileyində nələr oldu? - fotolar

Polad Bülbüloğlunun yubileyində nələr oldu? -  fotolar
4675 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu  gün Heydər Əliyev Sarayında Azərbaycanın xalq artisti Polad Bülbüloğlunun 70 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən yubiley tədbirində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə sarayın foyesində yubilyarın həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.

Tədbir Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin çıxışı ilə başlanıb.

Daha sonra səhnəyə çıxan Polad Bülbüloğlu özünün məşhur “Azərbaycan” mahnısını ifa edib. Yubilyar mənsub olduğu nəslin bütün sahələrdə dəstəklənməsində ulu öndər Heydər Əliyevin böyük diqqət və qayğısından söz açıb. Vurğulayıb ki, bu gün Ümummilli Liderin siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yubilyar onun yaradıcılığına verilən yüksək qiymətə görə dövlətimizin başçısına dərin təşəkkürünü bildirib.

Mərasimdə SSRİ xalq artistləri İosif Kobzon, Nani Breqvadze, Jurabek Murodov, Rusiyanın xalq artistləri Lev Leşenko, Larisa Dolina, Zaur Tutov, Nikolay Baskov, Lüdmila Rümina, Yuri Antonov, Rusiyanın və Gürcüstanın xalq artisti Tamara Qverdsiteli, Özbəkistanın xalq artisti Fərrux Zakirov, Gürcüstanın xalq artisti Vaxtanq Kikabidze, müğənnilərdən Alsu, Dmitri Malikov, görkəmli mədəniyyət və ictimai xadimlər Mixail Şvıdkoy, Yuli Qusman, Mixail Qusman, Zurab Sereteli, Andrey Dementyev, Düsen Kaseinov, Anatoli İksanov, Yekaterina Rojdestvenskaya və digər qonaqlar iştirak ediblər.

Çıxışlarda yubilyarın yaradıcılığından geniş söhbət açılıb.

Foto: Ramin ASLANOV