İlham Əliyev açılışda ağac əkdi - fotolar

İlham Əliyev açılışda ağac əkdi - fotolar
1983 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Bərdəyə səfəri çərçivəsində 1 nömrəli Uşaq İncəsənət Məktəbinin açılışında iştirak edib.

Axşam.az-ın məlumatına görə, dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.

Bildirildi ki, məktəbin tikintisinə 2014-cü ilin əvvəlində başlanılıb. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti tərəfindən inşaat işləri yüksək səviyyədə aparılıb və bu ilin mart ayında başa çatdırılıb.

İncəsənət Məktəbi üçmərtəbəlidir. Foyedə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Bərdə rayonuna səfərlərini əks etdirən fotostendlər var. Məktəb Bərdədə uşaqların musiqinin sirlərinə mükəmməl səviyyədə yiyələnmələri üçün lazımi avadanlıqla təchiz olunub.

Məktəbin binası ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki, məktəbin 32 sinif otağı və digər yardımçı otaqları var. Burada xalq çalğı alətləri, fortepiano və nəzəri fənlər, rəsm və rəqs şöbələri fəaliyyət göstərəcək, bir neçə ixtisas – tar, kamança, nağara, fortepiano, skripka, qarmon, klarnet, balaban, xanəndəlik üzrə dərslər keçiləcək. İncəsənət məktəbi həm də regionda mədəni həyatın canlanması, yeni istedadların üzə çıxarılması, gənc nəslin hərtərəfli inkişafı istiqamətində atılan növbəti addımdır. Məktəbin akt zalında rayon və respublika səviyyəli konsertlərin, musiqi müsabiqələrinin keçirilməsi mümkündür.

Prezident İlham Əliyev şagirdlərin ifasını dinləyib.

Sonda xatirə şəkli çəkdirilib.

.....

Bərdədə Heydər Əliyev adına park-bulvarın açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı park-bulvarın rəmzi açılışını bildirən lenti kəsdi.

Parkın mərkəzində ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi ucaldılıb. Abidə ətrafında yerli çay daşlarından rəmzi olaraq çay yatağını xatırladan kompozisiya quraşdırılıb. Ətrafda 5 fəvvarədən ibarət kompleks yaradılıb. Bütövlükdə park-bulvarda 16 min kvadratmetr qranit işləri görülüb.

Prezident İlham Əliyev parkda ağac əkib.

Burada dövlətimizin başçısına Bərdə şəhərində Tərtər çayı üzərində tikiləcək yeni asma körpünün layihəsi təqdim olunub.

Hazırda mövcud olan körpünün əvəzində tikiləcək yeni qurğunun uzunluğu 128 metr, eni 18,5 metr olacaq.

Prezident İlham Əliyevə, həmçinin tikilməsi nəzərdə tutulan Qarabağ dövlət tarix muzeyinin eskiz layihələri də təqdim olunub.

Parka avtomobillə gələnlər 300 yerlik dayanacaqdan istifadə edə biləcəklər.

Prezident İlham Əliyev parkın ərazisini elektromobillə gəzib.

Tərtər çayının sağ sahilində yaradılmış süni təpə və yaşıllıq massivi, həmçinin əkilmiş 20 mindən çox çiçək, gül kolu və ağaclar parkın füsunkarlığına əlavə çalarlar qatır.

Prezident İlham Əliyev parkın ərazisində qorunan qədim körpü qalıqlarına baxıb.

Vaxtilə karvan yolu üzərində yerləşmiş bu körpü lap qədimdən Bərdənin yaxın və Orta Şərqdə iri ticarət və mədəniyyət mərkəzi kimi formalaşmasında mühüm rol oynayıb.