Böhran Araz Ağalarova necə təsir edib?
“Krokus” şirkətlər qrupunun rəhbəri, azərbaycanəsilli rusiyalı milyarder Araz Ağalarov “Forbes” jurnalına müsahibə verib.
Axşam.az-ın məlumatına görə, iş adamı böhran zamanı inşaatçıların problemləri, iri dövlət layihələri və gələcəklə bağlı optimist fikirlərini bölüşüb. 2018-ci ildə keçiriləcək Dünya Çempionatına hazırlıq məqsədilə Rostovda şirkəti tərəfindən tikintisi başladılan stadion haqda danışan milyarder layihə üçün ayrılan 18, 7 milyard rublun kifayət etməyəcəyini bildirib.
O deyib ki, hazırda məqsəd stadionların tikintisindən qazanmaq yox, əldə olan pulları itirməməkdir.
A.Ağalarov “İnşaat və büdcə sahəsində bütün bu mürəkkəblik şəraitində belə sifarişləri qəbul etməyiniz nə ilə bağlıdır” sualına belə cavab verib:
“Bu, status layihəsidir. Dövlət tikililərindən mən heç nə qazana bilmirəm”.
Milyarder şirkətinin kredit sistemindən də bəhs edib:
“Bizdə kreditlərin böyük bir qismi dollarla, az bir hissəsi isə rublladır. Əgər maliyyə çətinliyimiz olarsa, dövlət dəstəyinə müraciət etməzdən əvvəl strateji tərəfdaşımız – “Sberbank”ın sədri German Qreflə danışırıq. Müzakirələr aparır, fikir mübadiləsi edirik. 2008-ci ildə “Veqas”ı tikəndə böhran idi. “Sberbank” bizə normal şərtlərlə kredit ayırdı”.
Araz Ağalarov bu il üçün nəzərdə tutulan biznes-strategiyasını da açıqlayıb:
“Maaşları indeksləşdirməyəcəm. Daxili xərcləri və şəxsi avtomobillərin sayını azaldacam. Tikintilər üçün yeni işçilər götürməyəcəm. Ola bilsin, kadr ixtisarı apardım. Amma bu, o qədər də çox olmayacaq. Yeni layihələrimizdən ikisi – “Mariott” və “Holiday İnn” mehmanxanalarının tikintisi artıq dayandırılıb”.
İş adamı “Gələcəyə necə baxırsınız” sualını belə cavablandırıb:
“Mənim belə bir psixologiyam var: biz hamımız öləcəyik; Yer müəyyən olunmuş sürətlə Günəş ətrafında fırlanan sonsuz qara kainatdır. Oturub hansısa böhran haqda fikirləşmək?!. Yox! Sevinmək və yaşadığımız hər gün üçün minnətdar olmaq lazımdır”.