Muğam Festivalının açılışından fotolar

Muğam Festivalının açılışından fotolar
1206 dəfə oxunub
  • A-
  • A
  • A+

Martın 15-də Azərbaycan Milli Konservatoriyasında IV Beynəlxalq muğam müsabiqəsinin açılışı olub.

Axşam.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən müsabiqədə Azərbaycan, Türkiyə, İordaniya, Latviya, İran, İraq, Özbəkistan, Tacikistan və Çindən musiqiçilər iştirak edirlər.

Əvvəlcə instrumental muğam ifaçılığı üzrə püşkatma olub. Sonra iştirakçılar ifalarını təqdim ediblər. Müsabiqənin birinci turunda Azərbaycan təmsilçiləri Mustafa Aşurov (tar) və Tofiq Məmmədov (tar), Zərqələm Cəfərova (kamança), Aygül Həsənova (qanun) və Toğrul Orucov (kamança), Baxış Binyətov (balaban) və Türkiyə təmsilçisi Tolqa Karaslan (ud), İordaniyadan Tareq Cundi (ud), İraqdan Mustafa Zair (ud) çıxış edib.

İfaçıları Azərbaycanın xalq artisti Siyavuş Kəriminin sədrliyi ilə bəynəlmiləl tərkibli münsiflər heyəti qiymətləndirir. Münsiflər heyətinin tərkibinə İrandan Dəryuş Təlayi, İraqdan Şeherizada Hassan, Fələstindən Suleyl Xuri və Fransadan Piyer Bois daxildir.

Fasilədən sonra solo muğam ifaçılığı üzrə dinləmələr olacaq. Müsabiqədə Azərbaycanla yanaşı, İran, Latviya, Özbəkistan, Tacikistan və Çini təmsil edən 11 xanəndə çıxış edəcək.

İştirakçıları Siyavuş Kəriminin sədrliyi ilə Kudsi Ergüner (Türkiyə), Şarada Velankar (Hindistan), Aleksandr Cumayev (Özbəkistan) və Brahim El Mazneddən (Mərakeş) ibarət beynəlmiləl münsiflər heyəti qiymətləndirəcək.

Martın 16-da müsabiqənin ikinci turu baş tutacaq, 17-də qaliblərin adları açıqlanacaq. Martın 18-də isə “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının bağlanış mərasimində müsabiqənin qaliblərinin iştirakı ilə qala-konsert keçiriləcək.