“Mənim psixoloqum öz anamdır, bacımdır” düşüncəsi yanlışdır”

“Mənim psixoloqum öz anamdır, bacımdır” düşüncəsi yanlışdır”
1938 dəfə oxunub
  • A-
  • A
  • A+

Psixoloq Murad İsayevin Axşam.az saytına müsahibəsi

- Murad bəy, bir psixoloq kimi diqqət etmisinizsə, cəmiyyətimizdə aqressiya yükü hədsizdir. Bu, xüsusən gənclərdə özünü qabarıq büruzə verir. Sizcə, bunu yaradan əsas səbəblər hansılardır?

- Cəmiyyətdə stressin nəinki gənclərdə, ümumiyyətlə, çoxalmasını həm statistik göstəricilər, həm sosioloqlar, həm psixiatrlar müəyyənləşdirirlər. Niyə gənclərdə bu özünü daha çox büruzə verir? Çünki gənclər daha produktiv, daha emosional şəxslərdir. Emosionallıqlarını və daxili məhsuldarlıqlarını istiqamətləndirə bilmədən istifadə etmək imkanları az olandasa, alternativ variantlardan yararlanmağa başlayırlar. Praktikada görürük ki, 20-30 yaş arasında olan hər kəs 2-3 saat yatmaqla bütün gün ərzində internetdən, hər hansı sosial şəbəkədən istifadə edə, yaxud bütün gününü əyləncədə keçirə bilər və s. Eyni zamanda bu vaxtı intellektual tərəfdən də istifadə edə bilər – oxumaq, biliklərini inkişaf etdirmək, karyera həyatında özünü biruzə verməsiylə və s. Daxili stressi, daxili gərginliyi, psixoloji problemləri yaradan səbəblərdən biri kimi gənclər öz məhsuldarlıqlarını hansı istiqamətə yönəldəcəklərini bilmirlər. Gənclərin həddən artıq böyük daxili potensialı var. Bunları yönəltmək, qiymətləndirmək üçün peşəkar mütəxəssislərin öhdəlikləri çoxdur. Başqa ölkələrdəki insan resurslarından daha çox potensialı olmasına baxmayaraq, gəncliyimizdə tez təslim olmaq ruhu var. Amma bir balaca iradə göstərib axıra çatdırmaq, təslim olmadan mübarizə aparmaq düşüncəsinin əksinə daha tez nəticə almaq fikirləri mövcuddu. Karyera həyatında erkən uğur, yaxud ali məktəbi bitirmədən də hər hansı bir işlə məşğul olub gələcək həyatını qurmaq istəyi mövcuddur. “Diplom, ali məktəb nəyə lazımdı”? – düşüncələri emosionallıq, tez nəticəyə hasil olmaq və qəti imkanlarından istifadə edib ortaya hər hansı məhsul çıxarmaq, digər insanlardan fərqlənmə düşüncəsi təkcə Azərbaycana yox, ümumiyyətlə Şərq ölkələrinə xas olan komponentdir. Amma bu istiqamətdə Qərbi Avropa ölkələrindəki kimi bir az soyuqqanlı olsalar, təbii ki, istədiyi nəticələri əldə edə bilərlər.

- Nə zaman stressə giririk?

- İnsan ən çox o zaman stress keçirir ki, onun həyatda konkret hədəfi olmur. Onun məqsədi, qarşılaşdığı problemlərdən – sosial, iqtisadi, ailə-məişət – daha zəif olur. Çünki hədəf insana həyatda missiya keçmək imkanı və inkişaf etmək gücü, proqressivlik verir. Ona görə də təbii olaraq, insan çətinliklərə düşə, hər hansı problemə düçar ola bilər. Stressə düşən insanların problemləri içərisində birinci yeri karyera həyatındakı, yaxud şəxsi həyatdakı uğursuzluq tutur. İkinci yerdəsə, qarşılıqsız, emosional sevgi, şəxsi münasibətlər fonundakı problemlər dayanır və s. Üçüncü faktor kimi iki şəxsin ailədaxili problemlərini göstərmək olar. Cütlüklər hətta bir-birlərini sevərək ailə qursalar belə, anlaşa, bir-birlərini başa düşə bilmirlər. Demək olar ki, hər gün yeni bir mübahisə ortaya çıxır. Təsadüfi deyil ki, 2011-ci ilin statistikasına görə, Azərbaycanda yeni qurulan təxminən otuz min ailədən on mini boşanma ərizəsiylə müraciət etmişlər. Hər zaman deyirik ki, böyük problemlər heç zaman böyük səbəblərdən yaranmır. Böyük problemlərin səbəbləri kiçik olur.

- Bəs, bu kiçik səbəblər nədən irəli gəlir?

- Bir-birlərini dinləyə bilməməkdən. Problemlərin müzakirə olunmaması, intellektual nöqteyi-nəzərdən bir-birləriylə kompromisə getməmək konfliktlərə gətirib çıxarır. Təxminən 15 il əvvəl boşanma adını çəkən insanlar ittihamlar, baryerlər, sosial, ictimai qınaqla rastlaşırdılar. Hal-hazırda bu, aradan götürüldüyü üçün ailələrin dağılması faktoru daha da intensivləşir. Ailələrin demək olar ki, 90 faizi hər iki cins tərəfdən dağılır. Eyni zamanda burda uşaqların da psixologiyası çox böyük stress və gərginlik yaşayır. Mövzunu geriyə çəksək, karyera həyatında uğursuzluq, qısa müddətdə müəyyən nöqtəni, mövqeyi tutum düşüncəsi, hətta işdəyişdirmə də bəzən insanların stress yaşamasına səbəb olur.
Hər zaman deyirik ki, bir insan nəyə layiqdirsə, əvvəl-axır onu tapacaq. Ona görə də gənclərə stimul vermək üçün yaradılan İB klub deyilən bir klub var. Yaxud Regional Psixologiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən ödənişsiz seminarlar var ki, sırf maarifləndirmə, karyera uğrunda mübarizə aparmaq, ailədaxili münaqişələrin necə həll olunmasına münasibət göstərmək, eyni zamanda, ailədaxili konfliktlərdə yeniyetmələrin, uşaqların daha az təsir görməsi üçün təşkil olunur. Stressin digər yaradıcı amili kimi sevgidən alınan emosional travmaları misal gətirmək olar. Bir-birlərini sevən iki insanın sonradan münasibətlərində, qovuşmasında problem olur. Bu da vaxtında tədbir görülmədikdə psixi travmalara çevrilir.
İnternet imkanları böyük olduğundan insanların tanışlıq üçün şansı daha çoxdur. Yəni kimləsə tanış olub söhbət eləmək, dialoqa girmək şansı daha çox olduğundan öyrənilməmiş münasibətlər daha çox rast gəlinəndir. Bu sosiallaşmanın, bu inteqrasiyanın, cəmiyyətdəki bu prosesin insanlara verdiyi emosional təsirlər mənəvi zədələri qaçılmaz edir. Şəhərimizdə həddindən artıq çox kütləviləşməni, cəmiyyətin inkişafını və insanların bir-birinə qarşı, kobud dildə desək, hörmət etməməsinin səbəbi – nəqliyyatda mən qabağa düşüm və yaxud da hər hansı bir sıra olanda, nəyisə gözləyəndə mən birinci olum – iradəsizliyin, bir-birini başa düşməməyin nəticəsidir. Belə hallar adamları psixoloji gərginlik içərisinə sala bilir və bu gərginlik həm stress, həm psixoloji problemlərə səbəb verə bilir. Ona görə də stress deyəndə, biz kiçik yox, şəhərləşmə mərhələsindən tutmuş, ta ailəyə, uşaq ilə rəftara, həyat yoldaşı ilə olan münasibətlərə qədər uzanan böyük bir intervalı göz önünə gətirməliyik.

- Bunun qarşısını almaq üçün nələri tövsiyə edərdiniz?

- Ümumiyyətlə stress faktorunu punkt-punkt işləmək lazımdır. Qısa olaraq deyim ki, birinci, emosional sevgi punktudur. İkinci, ailədaxili münaqişələrin gənclərə verdiyi stress, gərginlik pozisiyasıdır. Üçüncü, şəxslərin karyera həyatlarında mübarizə aparmadan təslim olmasıdır və dördüncü, təbii ki, şəhərləşmə prinsipi və bir-birinə hörmət etmədən, bir-birinə dəyər vermədən hərəkət etmə punktlarıdır. Bunların əksinə getmək üçün RPM kimi mərkəzlər fəaliyyət göstərməli, eyni zamanda mətbuat çox güclü, kütləvi şəkildə məlumatlandırıcı kampaniyalara başlamalıdır. Televiziyalar insanlara daha çox məlumatlandırıcı təsir göstərməlidir.  Hədəfə doğru gedən, proqressiv gəncləri dəstəkləmək lazımdır. Təbii ki, bu tip işlər aparılır. Biz həmin mərkəzdə çox böyük layihələr işləyirik. Bu yöntəmdə yaradılmış “Yeni yol” təşkilatı var. Eyni zamanda dediyim kimi, İB kimi klublarda maksimum şəkildə cəhd edirik ki, insanlara ailənin nə olduğunu, münasibətdə nəyə üstünlük vermək lazım olduğunu, insanların bir-biriylə münasibətinin necə olmağını, qarşıda olan insanı ən azı özün qədər düşünmənin lazımlılığını öyrədək. İnsanlar anlamalıdırlar ki, böyük şəhərlərin öz prinsipləri, öz yanaşma tərzləri var. Böyük şəhərlərə axınlar başlayır və bu axınlarda da hər bir region öz mini mədəniyyətini gətirir və bu mədəniyyətlərin də toqquşması təbii ki, faktları qarşılaşdırır. Nəzərə almaq lazımdır ki, Azərbaycan tolerant, çoxmillətli ölkədir və hər bir millətin də özünəməxsus fiziki xüsusiyyətləri var. Eyni zamanda xaricdən gələn kütləvi informasiya mövcuddur. Bu kütləvi informasiya yerli əhaliyə müəyyən bir təsir göstərir. Sanki dis balans yaradır və bu disbalansın öhdəsindən gəlmək üçün mütləq milli düşüncəmiz, milli iradəmiz və hətta milli karyera strategiyamız olmalıdır. Necə ki, Türkiyədə, Almaniyada var, bizdə də olmalıdır. Problemi olan insan hara müraciət etməli olduğunu bilməlidir. Stress keçirən insan mütləq profilaktika üçün reablitasiya yerlərini bilməlidir. Hər hansı sosial problemi olan şəxs artıq bunla mübarizə apara bilmirsə, təbii olaraq, istiqamətlər müəyyənləşdirilməlidir ki, ora müraciət edib çıxış yolunu tapa bilsin. Təbii ki, burda da peşəkar mütəxəssislər olmalıdır.

- Sizə daha çox hansı səbəblərdən müraciət edirlər?

- Hazırda ailədaxili münaqişələrə görə daha çox müraciət olunur. Bir psixoloq kimi, bunlarla mübarizə aparmaqda gənclərə istiqamət verməyə çalışırıq. Bilirsiz, ilk 2-3 il ərzində ailədə hətta hər iki şəxs bir-birlərini sevsə belə, mütləq bizə adaptasiya olunmalıdır. Bu adaptasiyadan keçməsə, o ailənin möhkəmliyi haqda danışmaq düzgün deyil. Bu, iki şəxsiyyətin bir-birinə kompramis variantının ortaya çıxması, onların bir-birlərini həzm etməsidir ki, bunun yaranması kənardan mütəxəssis tərəfindən istiqamətləndirilməlidir. Çox şükür, hazırda ailələr müraciət edirlər. Amma təəssüf edirəm ki, iş artıq kulminasiya nöqtəsinə çatanda müraciətlər olur. Bizim çox hörmətli millət vəkilimiz Qənirə xanım Paşayeva da bu məsələni Milli Məclisdə qaldırıb. Bu haqda qanun layihəsi hazırlanır. Ailə qurulması üçün mütləq profilaktika – həm psixoloji, həm tibbi müayinələrdən keçmək lazımdır. Gəncləri psixoloji müayinədən keçirərək, raport verilməlidir ki, sizin həyat yoldaşınızda hansı psixoloji, yaxud tibbi problemlər var. Heç kəsin gənclərə ailə qurmayın deməyə ixtiyarı yoxdur. Amma, biz mütəxəssislər, peşəkarlar, dövlət adamları kimi xəbərdarlıq edəcəyik. Çünki bir ailə dağılarkən bir nəfər zərər çəkmir. Ən pisisə, dünyaya Azərbaycan vətəndaşı olaraq göz açmış, gələcəkdə özünü təsdiq etməli olan uşaqlar əziyyət çəkir. Stress yaradan amillər depressiyaya, nevroz vəziyyətə qədər aparıb çıxarır. Yuxu, qidalanma, insanlarla rəftar pozulur. Təbii ki, ailədə problemlər olanda avtomatik karyera haqqında fikirləşmək də çətinləşir. Fərd insanlarla ünsiyyət zamanı, yaxud avtomobil idarə edərkən, əsəblər dözmür və əsəbi reaksiyalar göstərir. Özüylə yanaşı, münaqişəyə daxil olan digər insanı da problemə çəkir. Adamların bir-birlərinə etibarının aşağı düşməsi məsələsi var. Məsələn, iki insan ailə qurmaq istəyir, amma etibar etmirlər. Bir-birlərinə söykənə bilmirlər. Bunlar hamısı nədən irəli gəlir? Az öncə qeyd etdiyim kimi sosiallaşmadan, internet vasitələrindən ancaq intellektual tərəfdən deyil, sadəcə əyləncəvi tanışlıq məqsədiylə daha çox istifadə olunmasından. Bu cür situasiyalar emosional vəziyyətdə olan insanlara təsir göstərir. Bu da çox normaldır. Çünki Azərbaycan gəncliyində özünütəsdiq üçün çox qəribə bir məntiq var: mütləq hər kəsin sevgilisi, yaxud da söhbət etdiyi, SMS-ləşdiyi, danışdığı kimsə olmalıdır. Bir fikrin altından xətt çəkərək, demək istəyirəm ki, şəxsiyyətlər yeniyetməlik yaşından sonra özünü təsdiq etmək məcburiyyətindədir. Buna ingiliscə “self affirmation” deyirlər – özünü təsdiqetmə. Bəzən görürsüz ki, insanlar özlərini təsdiq edə, həyatdan nə istədiklərini bilmirlər. Bunların hamısının səbəbi pessimistik ortamdan irəli gəlir. Bununla mübarizə aparmaq üçün hər hansı bir şəxsin ətrafında  xoş atmosferin olması vacibdir. Əks təqdirdə mümkün deyil ki, ətrafında bütün günü pessimistik düşüncəsi olan insanlar, gənclər hər hansı bir pozitiv düşüncədə olsun.

- Son dönəmlərdə “qloballaşan cəmiyyət” ifadəsi formalaşıb. Bu sözü demək olar ki, hər gün eşidirik. Sizcə, qloballaşmanın cəmiyyətin psixikasına pozucu təsiri nə dərəcədədir?

- Qloballaşmanın təsiri müxtəlif ola bilər. Həm müsbət tərəfdən, həm mənfi tərəfdən. Müsbət odur ki, biz artıq əvvəlki Sovetlər İttifaqında olan millət deyilik. Biz dünyaya daha iri masştabda baxmağa cəhd edirik. Yəni yalnız bir strategiyanı yox, strategiyaları analiz etməyə cəhd edirik. Düşüncələri, fikirləri, mədəniyyətləri, dinləri analiz etmək imkanlarımız var. Təbii ki, bu, çox gözəldir. Amma bunun mənfi tərəfi ondan ibarətdir ki, bizdə bütün o mədəniyyətlərə, millətlərə bənzəməyə çalışmaq “xəstəliyi” var. Öz təbliğatımız deyilən bir şey yoxdur, varsa da, çox azdır. Bu, mənim evimdir, əqidəmdir, bu düşüncəni təbliğ edim, məni təsir altına salan düşüncələrdənsə, mən başqalarına təbliğ edim düşüncəsi təəssüf ki, çox zəifdir. Bu mədəniyyətin sahibləri hətta qardaş ölkələr, qonşularımız olsa belə, onların dilləri və mədəniyyətindən istifadə etməməliyik. Bu, çox gözəl bir şeydir:  bütün millətlərdən dil öyrənim, mədəniyyətlərə baxım və s. Amma bu mədəniyyətləri özümdə yaşadım, inkişaf etdirim, təbliğ edim, o dildə danışım, düşüncəsi əlavə təsirlərə gətirib çıxarır. Bunla bağlı mətbuatda işlər görülür. Amma məncə çox azdı, yəni bunu həddindən çox təbliğ etmək lazımdır.

- Hazırkı problemlərdən biri də nəqliyyat sıxlığı problemidir. Tıxaclar, marşurutlarda, metroda yaşanan sıxlıqların əsəb sisteminə göstərdiyi mənfi təsirdən nə deyə bilərsiniz?

- Təbii ki, kütləvi nəqliyyatdan cəmiyyətin çox hissəsinin istifadə etdiyini nəzərə alsaq, burda insanlarımızda gərginliyin artması müşaiyət olunur. Bunun psixoloji tərəfdən bir çıxış yolu var. Mən görürəm ki, bir insan evdən çatacağı hər hansı bir yerə, deyək ki, hər hansı işinə yarım saata gedir. Bu yarım saatı yarım saat kimi götürmək lazım deyil. Yəni bir az vaxt intervalını çox qoymaq lazımdır. Nəzərə alınmalıdır ki, bütün dünyada bu problem var. Nəqliyyatda, insanların bir yerdən başqa yerə çatmaq məsələsində problemlər yaşanır. Ona görə də mən düşünürəm ki, insanlar bir yerdən digər yerə çatmaq üçün ürəklərində, beyinlərində, içlərində “tez, tez, tez, tələsim, tələsim” düşüncəsindənsə, daha yaxşı olar ki, vaxt intervalını çox götürsünlər. Sıxlıq olan nəqliyyatdan daha az istifadə etmək, yaxud da digər nəqliyyatı gözləmək çətin olmaz. Məncə, yarım saat evdən tez durub çıxmaq problem deyil. İngilislərdə “time management” deyilən anlayış var ki, zamanı idarə etmək mənasını verir. Bizdə bu çox zəif inkişaf edib. Biz hər şeyi sona saxlayırıq, yəni son 25dəqiqəyə. Son 25 dəqiqə nə olar ki, 40-45 dəqiqə olsa? Heç bir problem olmaz yəqin ki. Hamı rahat-rahat işinə gedər, beyni sakit olar. İnsanlarla da münasibəti qaydasına düşər.

- Gənclərdə bir çatışmayan cəhət də var ki, hansısa problemlə üzləşdikdə bunu hamıya bildirməyə can atırlar. Buna münasibətiniz…

- İnsan psixologiyasında özünümüdafiə mexanizmi var. İnsan hər hansı bir problemə düşəndə təbii olaraq ondan qurtulmaq üçün istənilən çıxış yolundan istifadə etməyə çalışır. İnsanda daxili-kütləvi informasiyanın, daxili enerjinin olması ona gətirib çıxarır ki, mütləq bu problemi bölüşmək lazım gəlir. Ona görə də belə insanlar daha pessimist və neqativ olurlar.
Bizdə bir düşüncə də var ki, deyirlər ki, mənim psixoloqum öz anamdır, bacımdır. Bu, çox yanlış düşüncədir. Psixoloq nə ana, nə bacı, nə də həyat yoldaşıdır. Psixoloq mütəxəssisdir. Sən ona fikrini ifadə etmədən o sənə cinsi, dini, sosial-iqtisadi, siyasi aspektdən yanaşmayacaq. Yanaşmamalıdır!  Vaxtında mütəxəssisə müraciət edilərsə, kənar şəxsə nəsə deməyə ehtiyac qalmır. Ona görə də düşünürəm ki, bax, burada, bizim problemimiz var. Problemə düşən insan birinci mərhələdə mübarizə aparır. İkinci mərhələdə mübarizə aparmaq imkanı olmayanda ətrafdakı insanları zədələməyə başlayır. Üçüncü mərhələdə isə öz-özünü zədələməyə başlayır ki, bu da artıq sui-qəsdlərin, intiharların ortaya çıxması və yaxud da hər hansı bir manyakal vəziyyətə qədər gedib çıxır. Buna görə də problem iyi hiss edəndə mütəxəssisinizə müraciət edin. Necə ki, hüquqlarınız pozulanda vəkilə müraciət edirsiz, eləcə mütəxəssis də, psixoloq da sizin üçün, məsləhətçi, psixikanızı qoruyan bir insan kimi olmalıdır.

Cavid ŞÜKÜROV